Krım qaranlığa qərq oldu

Martın 23-ü Bakı vaxtı ilə saat 22:30 radələrində Krımda elektrik enerjisi kəsilib. “İnter” telekanalının müxbiri Sergey Kudimov hadisə yerindən xəbər verib ki, yarımadanın əksər hissəsi – Evpatoriya, Yalta, Aluşta, Sudak, Cankoy və başqa yerləri qaranlığa qərq olub. Yalnız Simferopolun mərkəzi rayonlarında işıq var.
“Ukrenerji”dən hadisə ilə bağlı açıqlama yayılıb. Açıqlamada bildirilir ki, yarımadaya gedən iki yüksək gərginlikli xətt məcburi təmirə dayanıb. Ona görə də abonentlərin böyük bir qismini elektrik enerjisi ilə təchiz etmək mümkün deyil. “Ukrenerji”dən təmiri mümkün qədər tez aradan qaldırmağa çalışacaqlarını bildirsələr də, konkret tarix göstərməyiblər.
Krım elektrik enerjisini Ukraynanın materik hissəsindən alır. Materikdən yarımadaya 4 elektrik ötürücüsü xətti gedir. Yarımadanın özündə istehsal olunan elektrik enerijisi onun tələbatının 2013-cü il göstəricisinə görə, təxminən 1/7-ni ödəyir.

azadliq.info