Bu borcu ödəmədən yaşamaq qeyri-mümkündü, çalışın, yubanmadan və şərəflə öz borcunuzu verin
Sərdar Bağırzadə, Nyu York
Mən, əlbəttə, Azərbycan iqtidarının mahiyyəti haqqında yazmaq fikrində deyiləm. Bunu yüzlərlə, minlərlə mənbədən oxuya bilərsiniz. Mənim məqsədim onun qarşısında borclu olan vətəndaşlarımızı uyarmaqdır. Borcunuzu ödəyin, vəssəlam. Mən bu borcu ödədim. İndi xaricdə yaşasam da, borcu ödədiyimə görə istənilən zaman öz ölkəmə gedib açıq alınla yaşaya bilərəm. Həm də bu borcu ödəyən zaman mənim idman ustası olmağım, ali təhsil almağım, hətta potensial olaraq Azərbaycan iqtidarı üçün heç bir təhlükə mənbəyi olmadığıma da nə özüm nəzər yetirmişəm, nə də ətrafdakılar bunu nəzərə alıb. Borc varsa, bunu ödəmək lazımdır. Kimliyindən asılı olmayaraq! İndi hətta oliqarxlardan da heç biri qürrələnib bu borcun daşıyıcısı olmadığını deyə bilməz. Fərhad Əliyev qardaşı ilə birlikdə o borcu vermədimi? Əli İnsanov hələ də borc qaytarmaqdadır.
Ölkəmizin istedadlı, savadlı, yüksək təhsil görmüş gənclərinə nəzər salın. Emin Milli, Adnan Hacızadə, Bəxtiyar Hacıyev kimi gənclər o borcu verməsəydilər onları tanıyan kim idi? Bəyəm Bəxtiyar Hacıyevi Harvard məzunu kimi tanıyırlar Azərbaycanda? Əlbəttə, yox. O, ölkənin əsas təhsil mərkəzinə akademik borcu qalmayan bir məzun kimi tanındı. Əlbəttə, söhbət həbs olunmaqdan və həbslərdən gedir.
1993-cü ildən bəri tam 21 ildir ki, həbsxanalar Azərbaycanda ən mühüm təhsil mərkəzi kimi nəzərdə tutulub və bu, ən ciddi tendensiyadır. Əgər hələ həbs edilməmisənsə, deməli sənə birmənalı münasibət yoxdur. Adama ya “işverən” kimi, ya da kürəyini həbsxana rəisinə söykəyib kamerasında mobil telefon işlədən birisi kimi baxacaqlar.
Bu günlərdə Kürdəxanı divarları arxasındakı həyatımdan yaxşı tanıdığım Rəşadət Axundovun NİDA-çıların Məhkəməsində dediyi sözlərini oxudum və təsirləndim. Rəşadət bəy buyurur ki, «biz demokratiya toxumlarını səpdik və onlar cücərməkdədir». Bu fukirlərlə yüzdə yüz razıyam. Buna görə də hətta Nyu Yorkda oturduğum yerdə Kürdəxanı üçün darıxdım. Bu həbslər Azərbaycan gəncliyini yetişdirir. Qorxmaz, mərd, mübariz bir gəncliyi. Mübarizənin bundan o tərəfdəki qapısı morqu göstərir. Amma bu qapını şərəflə döymək üçün həmin şərəf məktəbini keçmək lazımdır. Onsuz da ölkənin ali məktəblərini ixtişaşlar bürüyüb. Anladığım budur ki, bu təhsil müəssisələrində təhsil vermədən pul tələb edirlər. Bu, əlbəttə, ədalətsizlikdir. Ədalətin olduğu təhsil müəssisələrində belə qayda yoxdur. Heç bir qanuni oğru boşluğun üzərində qaydalar qurmaz. Gəncə türməsində, Kürdəxanıda, ölkənin zonlarında belə yaramaz münasibətlər üzərində qurulan təlim ola bilməz. Orada hər şey öyrədilir və kimsədən iddiasından və imkanından artıq heç nə tələb edilmir. Əminəm ki, Azərbaycanın bütün vətəndaşları bu borcu ödədikdən və orada dəşətli bir şeyin olmadığına əmin olandan sonra ölkədə hər şeyi sahmana salmaq mümkün olacaq. Bütün vətəndaşları ali və hətta daha yuxarı mərhələdə təhsil almış bir ölkə niyə pis gündə olmalıdır ki? Tofiq Yaqublu da, İlqar Məmmədov da, Hacı Taleh də, digər İsmayıllı və başqa olaylar üzündən imtahan verib, o universitetə daxil olanların hamısı da öz akademik borclarını verməkdədirlər. Onlardan nümunə götürməmək insafsızlıqdır.
Borcunuzu verin, əziz azərbaycanlılar. Öyrənməli olduğunuzu öyrənməlisiniz! Yosa sizə yaşamaq haqqı tanımayacaqlar.


