“Azadlıq”a nüfuzlu beynəlxalq mükafat verildi

Rahim Hacıyev: “Bütün çətinliklərə baxmayaraq, öhdəmizə düşən müqəddəs vəzifəni yerinə yetirməyə davam edəcəyik” VİDEO

“Azadlıq” qəzeti martın 20-də Londonda “Index on Censorship” beynəlxalq söz azadlığını müdafiə təşkilatının 2014-cü il üçün “İfadə azadlığı” mükafatını alıb.

Təqdimetmə mərasimi Londonun Barbican Mərkəzində keçirilib.

Təşkilat bildirir ki, “Azadlıq” qəzeti Azərbaycanda müstəqilliyini qoruyub saxlaya bilən azsaylı media orqanlarından biridir. Qəzet hökumətin korrupsiya, qohumbazlıq, maliyyə pozuntuları barədə məlumatlar yaymaqda davam edir.

Mükafatı qəzet adından baş redaktorun birinci müavini Rahim Hacıyev qəbul edib. R.Hacıyev mərasimdə təşəkkür nitqi söyləyib:

– “Azadlıq” qəzeti 1989-cu ildə yaradılıb və onun ilk redaktoru tanınmış jurnalist Nəcəf Nəcəfov olub. “Azadlıq” həmişə azad və azadlığı sevən insanların qəzeti olaraq qalıb. Qəzetin başlıca məramı həqiqətə xidmətdir. Elə bu da bu qəzetə qarşı daimi təzyiqlərin və hücumların əsas səbəbidir. 2006-cı ildə qəzet şəhərin mərkəzində yerləşən ofisindən zorla çıxarılaraq, dövlət nəşriyyatı adlandırılan ofisin üç kiçik otağına köçürülüb.  

Qəzetin əməkdaşlarına qarşı həmişə ən sərt repressiyalar həyata keçirilib. 2006-2007-ci illərdə qəzetin əməkdaşı olan şair-satirik, bir qədər sonra isə baş redaktor uydurma ittihamlarla həbs edilərək həbsxanaya salınmışlar. Qəzetin əməkdaşı işdən evə gedərkən oğurlanaraq vəhşicəsinə döyülüb. “Azadlıq”ın iki əməkdaşı yazılarına görə bıçaqlanıb. Təkcə ötən il ərzində qəzet 65 min avro həcmində cərimə edilib. Qəzetin saytı daima ağır hücumlara məruz qalmaqdadır. 

İndi “Azadlıq” qəzetinin tirajı cəmi 8000 nüsxəyə yaxındır. Amma buna baxmayaraq, bizim qəzet ictimai rəyə güclü təsir imkanına malikdir. Əlbəttə, sizin standartlarınıza görə çox kiçik görünən bu tirajla belə, hakimiyyət çox narahat olur və onu qapatmaq üçün bütün səylərini gizlətmir. Bu, mənə Şekspirin məşhur sitatını xatırladır. “Olum, ya ölüm” dilemması ilə biz qəzetin 25 illik yubileyinə yaxınlaşırıq. Bütün repressiyalara, ağlagəlməz çətinliklərə və problemlərə baxmayaraq qəzetin kollektivi öhdəsinə düşən müqəddəs vəzifəyə – Həqiqətə Xidmət vəzifəsinə davam etməkdə israrlıdır. Çünki işimiz  həyatımızın mənasıdır. 

Diqqətinizə və dəstəyinizə görə sizə təşəkkür edirəm. Bundan əlavə beynəlxalq demokratik ictimaiyyətə və ölkəmizin demokratik ictimaiyyətinə. “Azadlıq”ın daimi oxucularına qəzetə verdikləri dəstəyə görə təşəkkür edirəm.

R.Hacıyev Londonda mükafatın təqdimatı mərasimindən başqa bir sıra söz azadlığı və insan haqları təşkilatlarında, media orqanlarında görüşlər də keçirib.