Krım tatarları öz müqəddəratını təyinetmə hüququndan istifadəyə hazırlaşır

Ruslar Mustafa Cəmil Krımoğlunu yarımadaya buraxmır

Rus əsgərləri Krım tatarlarının lideri, Ukrayna Ali Radasının deputataı və Krım-Tatar Məclisinin keçmiş sədri Mustafa Cəmil Krımoğlunu öz vətəninə buraxmırlar. Bu barədə Mustafa Cəmil martın 22-də Kiyevdə keçirdiyi mətbuat konfransında məlumat verib. O, bildirib ki, əgər bundan sonra da Krıma buraxılmasa, işğalçılara sürpriz edəcək. Mustafa Cəmil sürprizin nə olacağını açıqlamayıb: “Qoy, bu, hələ sirr qalsın. İşğalçı hökumətə hazırlıq görməyə şərait yaratmayaq”.
Mustafa Cəmil bəyan edib ki, tatarlar Krımı tərk etmək niyyətində deyillər. O, yarımadanı az sayda qadın, qoca və uşaqlardan ibarət tatarın tərk etdiyini bildirib. Qeyd edib ki, məlumatlara görə, Krımdan ümumən 1000 nəfərə yaxı ninsan köçüb.
Ukrayna KİV Mustafa Cəmilin mətbuat konfransından əvvəl “Twitter”dəki bir paylaşıma əsasən Krımdakı separatçı rejimin onu persona non qrata elan etdiyini xəbər vermişdi.
Bu arada Krım-Tatar Məclisinin indiki rəhbəri Refat Çubarov Krıma çeçen dəstələrinin gətirilməsi barədə məlumatları təsdiqləyib. O, zn.ua saytına müsahibəsində istisna etməyib ki, Putin Çeçenistan prezidenti n Kadırovu Krıma məxfi kurator qoyub. Çubarov deyib ki, Rusiya Krım tatarlarının etirazlarının qarşısını almaq üçün bütün mexanizmlərdən istifadə edir.
“Zerkalo nedeli” saytı isə xəbər verir ki, Çubarov Krım tatarlarının öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsi məsələsinə baxacaqlarını deyib. Bildirib ki, yaxın vaxtlarda bu məqsədlə Krım tatar xalqının Qurultayı keçiriləcək.
Çubarov heç vaxt öz müqəddəratını təyinetmə hüququndan imtina etmədiklərini söyləyib: “Bunu hansı formada həyata keçirəcəyimizə tezliklə qərar verəcəyik. Biz tezliklə Qurultayı toplayacağıq. Krım tatarları istənilən halda öz yurdunda qalacaq və talelərini özləri müəyyənləşdirəcəklər”. 
Məclis sədri bildirib ki, Krım tatarları və Krımda yaşayan bir çox ukraynalılar 16 mart referendumunu boykot edib.
Qeyd edək ki, Krım Tatar Məclisi həm Ukrayna Ali Radası, həm də Krımın separatçı parlamenti tərəfindən Krım tatarlarının qanuni özünüidarə orqanı kimi rəsmən tanınıb.