Avropadan Rusiyaya 6 sanksiya tələb edilir
Almaniyada çıxan «Bild» jurnalı Putini sarsıda biləcək 6 əsas sanksiya barədə yazıb. Jurnalın ekspertləri tövsiyyə edirlər ki, Qərb dövlətləri Rusiyanı yerində oturtmaq istəyirlərsə, bu 6 sanksiyanı tətbiq etməlidirlər.
1. 2018-ci ildə Rusiyada keçirilməsi nəzərdə tutulan futbol üzrə Dünya Çempionatının oyunları və bu ilin payızında Soçidə təşkil edilməli olan «Formula-1» ləğv edilməlidir.
2. Rusiyalı səfir Vladimir Qranin Almaniyadan qovulmalıdır. 2012-ci ildə Almaniyadan Suriyanın səfiri çıxarılmışdı.
3. Rusiya təyyarələrinin, o cümlədən özəl sərnişin təyyarələrinin Qərb aeroportlarına enişi qadağan edilməlidir. Jurnalın bildirdiyinə görə təkcə «Aeroflot» Almaniya aeroportlarına həftədə 52 reys həyata keçirir və bu reyslərə bilet “su qiymətinə”dir – o baş-bu baş 200 avro.
4. Rusiya şirkətlərinin Avropada reklam yerləşdirmələrinə qadağa qoyulmalıdır. Təkcə «Qazprom» «Şalke» futbolçularının köynəklərində reklam üçün ildə 15 milyon dollar verir. Bu reklamdan imtina edilməlidir.
5. Bu il Rusiya Avrovisiona qoşulmasının 20 illiyini qeyd edəcək. Buna baxmayaraq, Rusiyanın Avrovisionda iştirakı elə bu ildən qadağan edilməlidir.
6. Nəhayət, Avropa Rusiya qazını almaqdan imtina etməlidir. “Bild” qeyd edir ki, bu il qış mülayim olduğuna görə Avropadakı anbarlar qazla doludur və buna görə də rus qazından imtina ciddi problem yaratmamalıdır. Perspektiv üçünsə jurnal, məsələn, Norvçdən qaz kəmərlərinin çəkilməsini təklif edir.
azadliq.info


