Ölkəmizdə əski Novruz ovqatının qalmadığı şübhəsizdir. Hər yanda haqsızlıq, səfalət, oğurluq və yalan at oynadır. Yaddaşlarda bayram tonqalı yox, insanların özünü yandırması dolaşır. Novruzun yenə də bayram kimi qala bilməsinin bəlkə də yeganə səbəbi odur ki, o, Hacıbalanın gül bayramı kimi qondarma, saxta bayram deyil. Buna görə də kosaya, keçələ, şəkərbura sevdasına və bu bayrama aid heç nəyə gülməyin. Kosadan və keçəldən betərlər dörd tərəfdən bu ölkənin canına daraşıb, bizə başbilənlik edirlər. Hər şeyi tərs göstərən elə budur. Hər şeyi pis edən elə budur.
Bənövşələrin daş dibindən boylanması özlüyündə mənim üçün də ciddi bir hadisə deyil və həmişə belə olub. Ürəkdə fərəh və bahar olmayandan sonra çox da güllər açsın, bahar gəlsin, günəş çıxsın. Ürək açılmayınca onlar, sadəcə, təbiət hadisəsi, bitkilərin boy atması, dövr edən fiziki olaylardır. Yeri gəlsə, Hacıbala qışda da Bakını güllərə bürüyə bilər. Gül bayramı da düzəltdilər, amma biz o güllərə sevinmədik. Təbiətin oyanışı da qəlbin çağlaması ilə üst-üstə düşməlidir və biz o gözəlliyi hiss etməliyik.
Son illərdə hərdən mən bayram günlərində adi günlərdə olduğundan daha çox kədərli oluram. Novruzun əziz bayram olduğunu bilə-bilə. Onun günahsız olduğunu bilə-bilə. Xüsusən də görəndə ki, biz Novruz bayramı ərəfəsində çoxlu yalanlar danışırıq. Təbiətdə baş verənləri şişirdir və onu öz həyatımız kimi təqdim edirik. Deyirik: bahar öz gəlişi ilə hər şeyi yeniləyir, təbiət canlanır, oyanış baş verir. Yaxşı da bilirik ki, təbiətin dəyişməsinin, canlanmasının, gözəlləşməsinin bizim həyatımıza dəxli yoxdur. Bizim həyatımız yaxşılaşmır, dəyişmir. Və burada bizim böyük günahımız var. Biz bahar ola bilmirik, biz oyana bilmirik….
Amma dostlar, bütün hallarda Novruz özünün gerçək bayramlığını saxlaya bilir bizim üçün, bütün hallarda bizim üçün məna kəsb edir. Gəlin etiraf edək ki, ən çətin günlərdə belə bu bayramın üz güldürən bir tərəfi var. Heç olmasa uşaqlıq xatirələri bizi bayramlıq ovqata sala bilir. Ata-anamız o bayramların bizə əziz və dadlı olması üçün nələr etməzdi?! Mənim üçün Novruz bayramı həmişə ata-anamın sevgisi deməkdir. Mən həmin gün uşaqlığa asanlıqla qayıda bilirəm və bu, olduqca gözəl hisslər deməkdir.
Bəzən özümüzü qul kimi hiss edir və hətta sevinməyə haqqımızın olmadığına qərar verə bilirik. Amma onu da bilirik ki, bir kərə yüksələn bayraq başımızın üstündə bir daha azad yellənəcəyi kimi, Novruz da bir daha öz bayram təntənəsinə qayıda biləcək. Onda biz də övladlarımıza ürək dolusu bayram yaşada biləcəyik.
Yada düşəndə ki, ölkənin çox dəyərli insanları bu bayramı həbsxanada qarşılayır, ovqatımız daha da təlx olur. Amma başqa bir baxış bucağı seçin. Düşünün ki, heç nəyə baxmayaraq bu ölkənin həqiqi bayram sevinci yaşaya bilməsi üçün, onun hər gününü bayramsayağı etmək üçün həbsxanaya düşməkdən çəkinməyən igid insanlar var, onda bəlkə də bayram tonqalının ən gur yerindən tullanmaq istəyəcəksiniz.
Üzünüz gülsün, dostlar, üzümüzü güldürəcək insanlar var bu ölkədə! Onlar ən çətin günlərə sinə gərir, onların doğmaları ən çətin günləri aşır, gəlin onların bayramı sayaq bu Novruzu! Novruz ovqatı yoxdur deyəndə, hesab edək ki, Novruzu da bu rejim həbs edib. Hesab edək ki, Novruz dünyanın ən gənc siyasi məhbusu Şahin Novruzludur. Hesab edək ki, Şahin kimi məhbuslardır Novruz. Hesab edək ki, Novruz da onlar kimi igiddir və bizim üzümüzü daha çox güldürə bilər, sadəcə, indi həbsdədir.
Ümid edək ki, bu ölkəyə təkcə astronomik bahar yox, tezliklə Azərbaycan baharı da gələcək. Azərbaycan da oyanacaq və hamının üzü güləcək.
Üzünüz gülsün, dostlar!