Bu ölkədə rejimin öz «atalar sözü» var
Bəzən, yaşadığın məmləkətdə nələrin baş verdiyini analiz etmək üçün məhdud bir dairədən boylanmaq da lazım gəlir. Mən və cəbhədaşlarım 20 gün ərzində bu məhdud dairədən geniş “ərazi”ləri müşahidə edirdik. Müşahidələrimizdən belə görünürdü ki, ölkədə “YAS” və “TOY” mərasimləri davam edir. Biz “yas” mərasimindəydik və “ölənin” yaxınlarına başsağlığı verirdik.
Hüququn öldüyü ölkə
Bütün ölənlərin 3, 7, 40 mərasimi keçirilir. Bütün ölənlər unudulur. Bütün ölənlər keçmiş olur. Ancaq bu ölkədə bir varlıq var ki, hər gün ölür və bu ölünün “yas” mərasimi davam edir. Bəli, bu ölünün 3-ü, 7-si, 40-ı heç kimə məlum deyil və insanlar bu uzunömrülü “yas çadırı”nı hər gün ziyarət edirlər. Bu mərhumun adı HÜQUQDUR. Onu hər gün öldürürlər. 20 gün öncə onun ölümünə məni də şərik etdilər. Mənə və dostlarıma qarşı xəyanət edərək ədaləti qılıncdan keçirdilər. Məni hiddətləndirən, məyus edən 20 günlük həbs cəzası, ədalətsiz məhkəmə hökmü deyil. Məni narahat edən hüququn mühafizəsində durmalı olan adamların, hüquqsuzluğa vəkillik etməsi idi. Mən Azərbaycan polisinin yalan danışmaq üçün fantaziyasını zorladığını görürdüm. Mən utanırdım, yüksək vəzifə tutan polis zabitlərini ifşa etməkdən utanırdım. Mən haqlı olduğumu sübut etməyə utanırdım. Yaşadığın ölkədə qanunun bu qədər yazıq durumda olması insanı dəli edir. Hüququn öldüyü ölkədə hüquq qatili olmaq da vəzifə sayılır. Həbsdə eşitdik ki, Tofiq Yaqublu və Ilqar Məmmədovun məhkəmələrində hüququ öldürməklə kifayətlənməyiblər, hüququ tikə-tikə doğrayıblar. Görünür, hüququn qanın içən “vampir”lər gün işığında gəzə bilir. Ancaq bu “vampir”lərin mənəviyyatına qan getmir. Allah rəhmət eləməsin. Çünki belə ölüyə rəhmət düşmür. Biz bu “ölü”nü qiyamətdən qabaq dirildəcəyik.
Həqiqətən müqavimət var idi
Həbs olunan bütün cəbhəçilər “polisə müqavimət” adı altında məhkəməyə çıxarıldı. Nədənsə, bütün cəbhədaşlarım eyni gündə şanlı polisimizə müqavimət göstərmək qərarına gəlmişdilər. Mən bu müqaviməti yaşadığım ərazidə, Təzəxan Mirələmli evinin qarşısında, Bəhruz Həsənli avtomobilində, Ağaverdi Ruşanov aptekdə, Cabbar Savalanlı Sumqayıtda, Türkel Əlisoy Fəvvarələr meydanında, Tofiq Dadaşov mənzilində həyata keçirmişdi. Ədalətli hökumətimiz isə, cəbhəçilərin müqavimətin ölçən “cəbhometr” aparatı ilə müəyyən etdi ki, bu müqaviməti 20 sutka həbslə azaltmaq olar. Biz, müqavimət ittihamı ilə razıyıq. Ancaq bu müqavimət ölkədəki ədalətsizliyə, yaltaqlığa, böhtana, talançılığa qarşı idi. Görünür, “cəbhometr” aparatı xarab olubmuş. AXCP-nin qərərgahı partladılanda isə dilimi dişlədim. Bu qənaətə gəldim ki, AXCP-nin qaynayan qərargahı, YAP-ın boş qalmış qərargahlarına müqavimət göstərirmiş. Dəqiq bildiyim bir şey var ki, insan özünə müqavimət göstərməyəndə, yaltaqlıq, qorxaqlıq, ləyaqətsizlik ona müqavimət göstərir.
Günümüzün “atalar söz”ləri
“Yaltaqlıq hər bir ailənin təminatıdır”, “Hakim, qərar qəbul etməmək üçündür”, “Narkoman, ən etibarlı şahiddir”, “Yaxşı oğlan qul olmaq arzusu ilə yaşayar”, “Vətəndaşın kredit bataqlığında çırpınması, iqtisadiyyatın inkişafının göstəricisidir”, “ Monopoliya, sahibkarlara azad ticarət imkanı yaradır”, “Əsl müxalifət, hakimiyyətə prinsipial formada yaltaqlanmalıdır”, “ Həqiqəti dilə gətirən adam, narkomaniyaya meylli olar”, “Tənqid etmək, vətən xainlərinə məxsus olan peşədir”,”Cinayət törətməmək, ən böyük cinayətdir” və s. müasir “atalar söz”lərinə qarşı çıxdığımız üçün, rejim ataları bizi cinayətkar adlandırır. Biz nə edək ki, bizim atalarımız başqa fikirlər söyləyib? Yaxşı ata olmaq üçün pis atalar sözlərinə istinad etməməliyik.
Səmimi təklif
Bizim yazdıqlarımız təbii ki, bizim haqqımızda yazılanları dəyişməyəcək. Yəni yatdığı yerdə polisə müqavimət göstərənlər, siqaret çəkmədiyi halda narkoman olanlar olacaq. Ona görə də bizim taleyimizi müəyyənləşdirən dahilərə bir təklif vermək istəyirəm. Təklif edirəm ki, Milli Məclisdə yeni qanun layihəsi müzakirəyə çıxarılsın. Təbii ki, bu layihə yekdilliklə qəbul olinacaq. Belə ki, qanuni şəkildə cəbhəçilər ildə 4 dəfə könüllü təcridxanaya getsinlər və 15-20 sutka bu məkanın qonağı olsunlar. Rəsmi sənədlərdə isə, “müxalif mövqeyinə görə” yazılsın. Belə olan halda nə polis zabiti üzə durmağa məcbur olar, nə də hakim qarğış atəşinə tuş gələr. Məsələn, hazırda həbsdə olan AXCP Gənclər Komitəsinin üzvü Türkel Əlisoy 6-cı dəfədir həbs olunur və eyni lazımsız prosedurlardan keçir. Ona görə də mənim təklifim cəzbedici və vəziyyətə adekvat görünür. Lütfən, “bu qanunsuzdur” deyib, bizi təəccübləndirməyin.
Ədalət nədir?
Biz, yalnız və yalnız ədalət istədik. Biz, ədalətsiz cəmiyyətdə insan kimi yaşamağın mümkünsüzlüyünü dərk etdik. Bizdən əvvəl bunu dərk edənlər kimi. Aristotel “Bütün ədalətsizliklər arasında ən dözülməzi qanun adı altında törədilən ədalətsizlikdir” deyirdi. Mişel Monten isə “Ədalət olmayan yerdə, əxlaq da olmaz” söyləyirdi. Bəs, Monteskyenin “Bir insan barəsində yol verilmiş ədalətsizlik hamı üçün təhlükəlidir” deməsini, Həzrət Əlinin “Ədalət yer üzündə Allahın tərəzisidir” söyləməsini eşitmisinizmi?
Adlarını sadaladığım bu şəxslər AXCP üzvü deyildilər və “polisə müqavimət” ittihamı ilə həbs olunmamışdılar. Ancaq onlar da ədalətsizliyə öz qiymətlərini veriblər.
Allahın tərəzisini əyənlərə, əxlaqsızlığa rəvac verənlərə qul olmayın. Çünki bu çox təhlükəlidir.
İlham Hüseyn