Ziya Məmmədova açıq məktub

Hörmətli Ziya müəllim! Əvvəla, dəyərli vaxtınızı aldığıma görə üzr istəyirəm. Imkan daxilində qısa, konkret şəkildə fikrimi çatdırmağa çalışacağam. Lakin əvvəlcə qısa bir qeyd etməsəm, məktubumun məğzi sizə çatmaya bilər.

Yüksək intellektual keyfiyyətləri ilə fərqlənən bir nazir  və ziyalı olaraq, məşhur rus rəssamı Repinin şəklini çəkdiyi insanların qəflətən ölmələri faktı, şübhəsiz, tarixdən sizə yaxşı məlumdur. Düzdür, bu insanların hər birinin ölümünün obyektiv səbəbi olsa da, niyə məhz rəssamın onların şəkillərini çəkdikdən sonra ölmələri sirr olaraq qalmaqdadır. Bu yaxınlarda mən də Tağı Əhmədova dalbadal 3 açıq məktub yazdım. Məktublara cavab almasam da, aradan qısa müddət keçəndən sonra Tağı Əhmədov vəzifəsindən çıxarıldı, qaldırılmış problemlər isə əhəmiyyətli dərəcədə həll edildi. Düzdür, bu faktın obyektiv izahı olsa da, ürəyimin dərinliklərində mistikaya inanıram. Fəqət, bu məktubu yazaraq öz mistikamı sizin üzərinizdə sınaqdan keçirmək kimi bir niyyətim yoxdur. Sadəcə, yuxarıdakı qeydi nəzərə almağınızı rica edirəm, çünki bu həyatdır və insan sabah başına gələnləri əvvəlcədən bilməkdə acizdir.

Hörmətli Ziya müəllim! Tağı Əhmədova yazdığım məktublar seriyası “20 Yanvar” metrosu ətrafında baş verən biabırçılıqlarla bağlı idi. Tağı müəllim görünür, bilərəkdən, yaxud bilməyərəkdən bu məsələyə müdaxilə etmədi, lakin sizin problemi yoluna qoymaq səlahiyyətləriniz kifayət qədərdir.

Nəzərinizə çatdırım ki, metronun “20 Yanvar” stansiyasının ətrafında bəşər tarixində misli-bərabəri nadir hallarda görünən biabırçılıq hökm sürür. Vəziyyətin hansı həddə acınacaqlı olduğunu sözlə ifadə etmək istedadında deyiləm. Bunun üçün heç olmasa Füzuli, Seyid Əzim, Vahid olmaq lazımdır. Mən də Füzuli, Seyid Əzim, Vahid olmadığımdan vəziyyəti öz sözlərimlə ifadə etməyə çalışacam.

Cənab nazir! “20 Yanvar” həndəvərində görsənsəniz, əminəm, kimliyinizə məhəl qoymadan taksi sürücülərindən biri sizi maşına basıb “Sədərək”, yaxud “Binə” ticarət mərkəzi tərəfdə düşürdəcək, 1 manat 20 qəpiyinizi alıb yola salacaq. Bir daha təkrar eləyirəm, metrodan çıxanda it-pişik olub çıxmaq istəyirəm, təki Ulu Yaradan məni taksi sürücülərinin gözlərindən iraq eləsin. Adam min bir əziyyətlə “20 Yanvar” metrosunun alverçilərinin, dilənçilərinin əlindən birtəhər xilas olub gün işığına çıxmaq istədiyi anda, üstünə yekəpər, saqqallı, var gücləriylə “Sədərək, Binə” deyib hayqıran bir dəstə cumur. 

Həqiqətən vəziyyət sözlə təsəvvür edilə bilməyəcək qədər ağırdır. Digər çıxışda Sumqayıt, Ceyranbatan, Saray istiqamətinə aparmaq üçün sözün əsl mənasında adam oğurluğu halları baş verir. Biz kişi olduğumuz üçün birtəhər bu təzyiqlərə, qışqırtılara, hətta əl atmalara dözürük. Lakin qocalar, qızlar, uşaqlar bu vəhşətdən sağ çıxmaq üçün xeyli əziyyət çəkirlər. Hər şey cəhənnəmə, axı bizim milli mentalitetimiz, milli-mənəvi dəyərlərimiz, dinimiz buna yol vermir. Yekəpər cavan oğlanlar gənc qadınların üstünə ley kimi şığıyırlar. Əlbəttə, başa düşürük, hər kəs evindən çörək qazanmaq, ailəsini saxlamaq üçün çıxır. Ancaq öz ailəsini saxlamaq üçün başqasının ailəsinin, qızının üstünə hücum çəkib “xanım, gəl səni Sumqayıta aparım” demək nə dərəcədə düzgündür və nə dərəcədə kişiyə yaraşan hərəkətdir?

Deyilənə gərə, nazirliyin müfəttişləri bu taksilərdən hər ay 20-30 manat haqq alırlar. Gəlin açıq danışaq, ev bizim, sirr bizimdir. Bu məbləğ sizin yaxınlarınızın qarajlarındakı maşınların heç təkərini qaraltmaq üçün də kifayət eləmir. Yaxşı olmazmı ki, nazirlik əhalinin tələbatı olan belə istiqamətlərdə dünyanın başqa böyük şəhərlərində olduğu kimi, marşrut-taksi xətləri açsın, aztutumlu, rahat və mədəni mikroavtobuslar buraxsın? Bu həm dövlət büdcəsinə əlavə gəlir gətirər, həm də əcnəbilərin gözündə Bakının Banqladeş, Pakistan imicində görünməsinin qarşısını alar. 

Qiymətli vaxtınızı almamaq üçün məktubumu burada tamamlasam da, yeni məktublarla vaxtaşırı görüşünüzə gələcəyimi bildirərək sizi müjdələyirəm.

Allah amanında!