Elxan Şahinoğlu: «Əliyev Ərdoğanın istəklərini nəzərə almağa başlayıb, lakin Türkiyənin baş naziri daha cəsarətli addımlar istəyir»
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısı Ilham Əliyevlə görüşəcək. Bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Krım Tatar Məclisinin sabiq rəhbəri və Ukrayna millət vəkili Mustafa Krımoğlu ilə görüşündə bildirib.
Davudoğlu qeyd edib ki, Türkiyə Krım məsələsinə görə, istər Türk dünyası, istərsə də Islam dünyasının liderlərilə görüşməyə hazırdır: “Türkiyə Qara dəniz bölgəsində, Balkanlarda, Qafqazda, bütövlükdə Avrasiyada sülhün qorunması üçün bütün tərəfləri düzgün qərar qəbul etməyə çağırır”.
Politoloq Elxan Şahinoğlu planlaşdırılan görüşü şərh edərkən ilk növbədə yada salır ki, hazırda Türkiyədə bələdiyyə seçkilərinə görə siyasi mübarizə gedir. Ona görə də bu görüşün seçkidən sonra baş tutacağını düşünür.
“Həmin görüşdə iki məsələ müzakirə olunacaq. Bunlardan biri Krımdakı durumla bağlıdır. Bəlli olduğu kimi, Krım tatarlarına dəstək lazımdır və Ərdoğan da bu problemin təkcə Türkiyənin deyil, bütün ölkələrin diqqətində olan məsələ adlandırıb. O, Azərbaycan və Mərkəzi Asiyaya səslənir. Mərkəzi Asiya yəqin ki, münasibət bildirməyəcək. Azərbaycan isə hələlik susur”, – deyə politoloq bildirib.
Elxan Şahinoğlu qeyd edir ki, Ərdoğan Azərbaycanın bu məsələdə mövqe ortaya qoymasını, mövzunun Ilham Əliyevlə birgə müzakirəsini istəyir.
Politoloqun sözlərinə görə, “nurçuluq” məsələsi də Türkiyə üçün böyük problem yaradıb. Onun fikrincə, Azərbaycanda da bu məsələ xeyli şaxələnib: “Ərdoğanın istəyi budur ki, Azərbaycan hakimiyyəti bu istiqamətdə müəyyən addımlar atsın. Artıq addım atılıb, ”nurçular”ın böyük nümayəndəsi olan Elnur Aslanov işdən çıxarılıb. Ilham Əliyev Ərdoğanın istəklərini nəzərə almağa başlayıb. Çünki başa düşüb ki, 30 mart seçkilərində Ərdoğan məğlub olmayacaq və bundan sonra həmin şəbəkəyə qarşı daha ciddi mübarizə aparacaq. Lakin Ərdoğan Ilham Əliyevdən daha cəsarətli addımlar atmasını istəyir”.
Nigar


