Putin – aqressor!

Kreml sarayı. Krımın Rusiyaya birləşdirilməsi törəni. Rusiya siyasi elitası bayram atmosferində. Hamının üzü gülür. Putin I Pyotrcasına arenaya çıxır. Dünya diktator Putin başçılığında siyasi maskarad izləməkdədir. Gerçək bir maskarad! Maskarad sözünün bir anlamı ayrıca geyimlər, maskalarla keçirilən şənlik, başqa, metaforik anlamı ikiüzlülük, hiyləgərlikdir. Televiziya ekranlarından Kreml sarayında görüyümüz tamaşada bunların hər ikisi vardı: ayrıca geyim-maskalar da, üküzlülük, hiyləgərlik də. Birinci daha çox siyasi elita ilə bağlıdırsa, ikinci daha çox Putinin çıxışı ilə bağlıdır.

Açıq-aydın göründüyü kimi, indiki çıxışı Putinin özünü Rusiyaya yeni I Pyotr olaraq tanıtmaq, törətdiyi aqressiya faktına dünyanın gözündə legitimlik qazandırmaq çabası idi. Sözsüz, çıxış gərəkən hər yerdə yaxından izlənirdi. Sözsüz, siyasətlə ilgilənən izləyicilərin hamısı Putinin özünü doğrultmaq üçün qan-tər içində çalışdığını gördü. Bu isə Putini gözləyən böyük uğursuzluğun erkən işartıları deməkdir. Putin tarixdən, coğrafiyadan, hüquqdan qalaqurma düzəltməyə çalışırdı. Ancaq, alınmayacaq, alınası deyil! Onun, demək olar, bütün arqumentləri faktiki olaraq özünə qarşı çevrilir. 

Putin dönə-dönə Krımı “qədim”, “tarixi” rus torpağı adlandırır. Krım, rus tarixçilərinin özlərinin də yazdıqlarına görə, ən əski çağlardan, min illər öncədən türklərin yurdu olub. 1774-cü ildə Rusiya Krımı savaşla Türkiyədən alıb özünə qatıb. Sonralar Xruşşov Krımı Ukraynaya qatıb. Putin özünə gərəkən, işinə yarayan fakt yaradıcılığına girişməklə Krımı “qədim” rus torpağı adlandırır. Onun, eləcə də indiki rus elitasının düşüncəsinə görə, Krım “qədim rus torpağı” olaraq necə olur olsun Rusiyaya birləşdirilməlidir. Belədə soruşulur: Kalininqard tarixilik baxımından hara birləşdirilməlidir? Bəs Kuril adalarına tarixilik baxımından kim yiyələnməlidir? Tarix baxımından yanaşsaq, Rusiya neçə yüz yerə parçalanmalıdır? 

Putin tarixçiliyinə qalsa, elə Putin özü ölkəsinin tutub ermənilərə verdiyi Qarabağı öz əliylə Azərbaycana qaytarmalıdır. Ancaq mən bu yerdə Qarabağdan deyil, Rusuyanın bəlli aqressiya sonucu olaraq Azərbaycan torpaqlarında yaratdığı qondarma “Ermənistan”dan danışmaq istəyirəm. Putin teoriyasından çıxış etməklə “Ermənistan” gerçəkdən TARIXI Azərbaycan torpağı olaraq Azərbaycana qatılmalıdır. Krım faktorunda tarix də, coğrafiya da Putinə qarşıdır. Burada bircə üçüncü faktor – hüquq faktoru keçərsiz olur. Nə üçün? Rusiyanın birbaşa yardımları ilə ermənilər “Ermənistan” adlandırdıqları qondarma dövlətin sınırları üçündə törətdikləri çoxillik soyqırım-terror yoluyla ölkəni TARIXI yiyələrindən – Azərbaycan türklərindən boşaltdıqlarına görə! Baxın, Azərbaycanın TARIXI torpağı olan Qarabağda da bu gün biz hüquq baxımından uduzmuş durumdayıq. Nə üçün? Ermənilər burada da Rusiyanın birbaşa yardımlarından yararlanaraq soyqırım-terror yoluyla Qarabağı TARIXI yiyələrindən bütünlüklə boşaltdıqlarına görə! Budur erməni, ermənilik yanlısı acımasız, qaniçən Rusiya!

Putin Krıma üç dövlət dili bağışlayır: rus, ukrayna, tatar. Bu yanaşmayla Rusiyada iki dövlət dili olmnalıdr: rus, türk. Niyə olmur? Putin Rusiyası milyonlarla türkün varlığını dandığına görə. Milyonlarla türkə dövlət dili statusu verməyən kimsə 300 minlik Krım türkünə dövlət dili statusu verir. Budur maskarad, budur, ikiüzlülük, budur hiyləgərlik! Özünü Avropa Məhkəməsinin yerinə qoymaqla Batını ikili standartlarda, bir çox uluslararası hüquq normalarını pozmaqda, düzgünlükdən uzaq olmqda suçlayan Putin özü boyda GÜZGÜYƏ baxıb danışırmış kimidir… Indiki Putin praktikasına uyğun olaraq, Azərbaycandakı çoxillik yalançı ali baş komandan ritorikasından çıxış etməklə belə demək olar: LAZIM gəlib, ancaq illərlə LAZIMın arxasında gizlənərək xalqı aldadan adam gözəgərünməz olub!