İnsanca yaşamaq

İllər öncə bu qəzetdə bərabər çalışdığımız bir xanım  Ismayıllı məhbuslarına hökm oxunan gün səhifəsində “yaşa, prezidentim, yaşa” başlıqlı bir status paylaşmışdı.  Statusun məhbuslara aidiyyəti yoxdur. Keçmiş həmkarım keçən həftə xalq artisti Ağasəlim Abdullayevin ailəsində böyük faciəyə səbəb olan sərxoş gəncin məmur atasının işdən çıxarılmasını alqışlayıb. Bilmirəm, bu status yazılan gün onun sosial şəbəkələrdə günahsız yerə 5 il 6 ay həbs cəzası verilən Tofiq Yaqublunun qızının paylaşdığı statuslardan da xəbəri olub, ya yox. Çünki həmin günün hadisəsi Ismayıllı hadisələrində 18 nəfərdən 10-nun 2 il yarımdan 8 ilə qədər azadlıqdan məhrum edilməsi, Tofiq Yaqubluya 5 il 6 ay,  Ilqar Məmmədova 7 il həbs cəzası verilməsi haqqında oxunan hökm idi. Bilmirəm, kim bunu oxumayıb, kim oxuyub görməzdən gəlib. Amma ağrılı olan başqa şeydir. Bu ölkədə insanlar nə qədər asanlıqla haqsızlığa göz yumub, çevrədəkilərin faciəsinə susa bilirmiş, Ilahi!

Bu günlər xalqın yaddaşında əsrlərdən bəri iz salmış milli bayramımız qeyd olunur. Adətən, belə bayramlarda böyük amnistiyalar olur və yüzlərlə insan azadlığa buraxılır. Bizdə isə illərdir tamam əksi baş verir. Hər dəfə onlarla günahsız insanımız bayramı həbsxanada, ailəsindən və uşaqlarından ayrı qarşılayır. Həm də bu ölkədə xüsusi nüfuzu, çəkisi, dəyəri olan, xalqın müstəqillik mübarizəsinə, inkişafına, çiçəklənməsinə ürəyini qoymuş  kəslərdir o insanlar. Bu insanlara olan qəddar münasibətin də yalnız bir adı ola bilər – qisasçılıq. Bəli, heç bir günahı sübuta yetirilməyən insanlara vicdan əzabı çəkmədən 6-7 il oxumağın adı qisasçılıqdır. Fərqli və açıq fikirli gəncləri arayıb-seçib səbəbsiz-dəlilsiz 20 sutka həbsə atmaq, bayramı da içəridə saxlamaqla cəzalandırmağın adı qisasçılıqdır. Bir milyon manat rüşvətə araçılıq etməkdə adı keçən deputata 3 il oxuyub, ayağını Bakıdan Ismayıllıya qoyan müxalifət funksionerinə 5 il 6 ay iş kəsmək qisasçılıqdır. 

Amma bu nəyin qisasıdır? Əxlaqı, intellekti, istedadı ilə çox yaşıdlarına örnək olan cəbhəçi Ilham Hüseynin yaşadığı uçuq-sökük, təmirsiz və qəzalı köçkün yataqxanasının qisasımı? Böyük və mübariz bir ziyalı ailəsinin yetirməsi olub, babalarının yolunca gedən cəbhəçi Türkel Azərtürkün ailəsi ilə bərabər dolaşdığı kirayələrin qisasımı? Bəlkə böyük azadlıq mübarizləri Tofiq Yaqublunun və ya Təzəxan Mirələmlinin yaşadıqları ailə dramlarının qisası? Nədir bu nifrət, ağlıma sığışdıra bilmirəm ki…  

Bəlkə də, bu ölkənin ən böyük faciəsi idarəçi sistemin birmənalı olaraq insanlara qarşı işləməsidir. Elə söz açdığımız o nifrətin, görməzliyin və düşmənçiliyin kökündə də bu dayanır. Bu ölkədə insanların bir-birinin kədərinə və faciəsinə əl yelləyib keçməsi boşuna deyil. O soyuqluğu, biganəliyi, içiboşluğu yaradan səbəblər məhz yuxarılardan gəlir. Oradan insanlar necə görünürsə, onlara ölçülən dəyər də odur elə. Mənə elə gəlir, yuxarılarda bu xalqı bir qarışqa sürüsü kimi görürlər. Bütün günü iş arxasınca qoşan, özündən böyük yükləri dartan, əl-ayaq altında qalıb əziləndə də kimsənin vecinə olmayan qarışqa sürüsü. Amma bu ufacıq görünən, cəfakeş, öz yükünü özü dartan qarışqa sürüsünün gücü də kimsəyə kiçik gəlməsin. Onlar bir araya gələndə yerin altını üstünə necə çevirir, bilirsiniz yəqin.

P.S. Bir-birimizə “yaşa” arzusu dua kimi səslənir hər halda. Amma uzun və ya necə gəldi yaşamaq heç bir halda dua sayıla bilməz. Əsas olan insanca yaşamaqdır.