Metro ticarətçiləri yenidən ayağa qalxdı

Onlar verdikləri pulun qaytarılmasını, banklara borclarının dondurulmasını tələb edirlər

Etirazçılar onlardan pul yığmış adamlar barədə prokurorluğa şikayət etdilər

Metro keçidlərində dükanları sökülən ticarətçilərin etirazları davam edir. Bu qəbildən olan daha bir etiraz aksiyası dünən metronun “Neftçilər” stansiyasında baş verib. Xatırladaq ki, “Bakı Metropoliteni” QSC-nin yeni rəisi Zaur Hüseynov martın 11-də metro stansiyalarının daxilində və piyada keçidlərində qurulan ticarət köşklərinin yığışdırılması barədə qərar verib. Satıcılar martın 31-nə qədər yer haqqını ödədiklərini desələr də, bunun heç bir faydası olmayıb. Bir qrup satıcı Bakı Şəhər Icra Hakimiyyətinin (BŞIH) başçısı Hacıbala Abutalıbovla görüşdükdən sonra onlara martın 27-dək vaxt verilib. Ancaq hökumət bu vədə də əməl etmədi. Martın 15-dən etibarən metrostansiyalardakı dükanlar hissə-hisə söküldü.

Yalnız “20 Yanvar”dan başqa…

Satıcılar metropoliten rəhbərliyindən bir müddət əvvəl dükanların təmiri üçün onlardan alınmış 1000-1500 manatı geri tələb etsələr də, hələlik istədiklərinə nail olmayıblar. Çarəsiz qalan ticarətçilər nəğd qiymətə aldıqları malları dəyər-dəyməzə satıblar.
Zərərçəkən vətəndaşlara alternativ yer kimi bir neçə ünvan göstərilsə də, əksəriyyət bundan narazıdır. Bunun səbəbi isə həmin ticarət mərkəzlərində yer haqqının baha olması və ya müştərilərin azlığıdır. Daha məqsəduyğun yer istəyən ticarətçilərin etirazları davam edir.

Etirazçılar pullarını tələb edirlər

Dünən “Neftçilər”də bir qrup etirazçı toplaşaraq, eyni tələblə çıxış edib. Onlar bildiriblər ki, bir müddət əvvəl metro keçidlərində ticarət üçün Metropoliten Idarəsinin keçmiş rəisi Tağı Əhmədovun adamı kimi tanıdıqları şəxsə verdikləri pulları geri tələb edirlər.
Ərazidəki polis qüvvələri əvvəlcə ticarətçilərin etirazlarını ifadə etməsinə mane olmayıb. Lakin təxminən bir saatdan sonra hərəkətə keçərək, ticarətçilərdən keçidi tərk etmələrini tələb ediblər, daha sonra onları sıxışdıraraq keçiddən çıxarıblar. Ancaq etirazçılar dağılışmayıblar. Onların bir hissəsi stansiya rəisinin otağına dəvət edilib, qalanları da uca səslə şikayətlərini səsləndiriblər.

Abutalıbov “Quran”a əl basıb and içdi və söz verdi ki…

Ticarətçilər “Azadlıq”a bildirdilər ki, onların hər birindən təmir üçün 1100-1300 manat pul alınıb: “Təmir üçün materialı özümüz almışdıq. Indi heç olmasa, həmin məbləği bizə qaytarsınlar. Onsuz da xeyli ziyana düşümüşük. Kimisi nəğd qiymətə aldığı malı dəyər-dəyməzə satıb, kimisi malın pulunu borc alıb, onu qaytarmalıdır. Burada əksər mağaza sahibləri bankdan kredit götürüb. Banka borclarımızı necə qaytaraq? Bizi heç düşünən yoxdur. Bayram günü evimizə bir tikə çörək apara bilmirik”.
Vətəndaşlar onlara ticarət üçün alternativ yer verilmədiyini bildirir. Onların sözlərinə görə, ötən həftə Hacıbala Abutalıbovla görüşüblər: “Hacıbala Abutalıbov ”Quran”a əlini basıb and içdi ki, martın 27-nə kimi sizə toxunmayacaqlar. Heç üç gün keçməmiş dükanlarımızı sökdülər”.

Prokurorluğa şikayət

Etirazçılar daha sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə üz tutdular.
Narazı satıcıları növbətçi prokuror Elmir Qaloyev qəbul edib. Onlar metroda qanunsuz olaraq icarə haqqı yığan Elşən və Əli adlı şəxslərdən şikayət ediblər.

Ticarətçilərin təklifi

Metronun “Xalqlar dostluğu” stansiyasında obyektləri sökülən ticarətçilər də etirazlara hazırlaşır. “Musavat.com”un yazdığına görə, onların hamısının banklara borcu var. Tacirlər hökumətdən möhlət istəyir və banklara göstəriş verilməsini xahiş edirlər. Şikayətçilərin sözlərinə görə, təkcə bu stansiyanın bir keçidində işləyən tacirlərin banklara 310 min kredit borcu var: “Bir gecənin içərisində dükanlarımızı sökdülər. Bizə dedilər ki, yerləri boşaltmasanız, mallarınız da söküntünün içində gedəcək. Indi hamının banklara borcu qalıb. Biz xahiş edirik ki, banklara göstəriş verilsin”.
Ticarətçilərin konkret təklifləri də var: “Kredit ödənişləri bir müddət dondurulsun. Ta o vaxtacan ki, işimiz sahmana düşsün, kreditləri ödəyə bilək. Onda bərpa edilsin. Bu dəqiqə heç kimin pulu yoxdur. Burada adam var, ayda 600 manat, eləsi də var, 400 manat kredit ödəyir. Bizə heç olmasa, bu tərəfdən köməklik göstərilsin”.

“20 Yanvar”dakı dükanlar hansı qurumun nəzarətindədir?

Yuxarıda qeyd etdiyimiz kimi, metronun bütün stansiyalarında ticarət ləğv olunsa da, bu qadağa “20 Yanvar”a şamil olunmur. Bakı şəhər Icra Hakimiyyəti bu məsələyə aydınlıq gətirib. Qurumun Ticarət və Xidmət Departamentinin sədri Ramiz Hacıyev APA-ya deyib ki, həmin ərazidə metropolitenin balansında olan 35 obyekt yığışdırılıb, yerdə qalan obyektlər isə metropolitenin balansına aid olmadığından sökülməyib: “Metropolitenin bizə verdiyi siyahıda metropolitenə aid olan ərazilərdə ticarət obyektləri sökülüb. Ancaq metronun ”20 Yanvar” stansiyasındakı keçiddəki ticarət obyektləri metropolitenin ərazisinə aid deyil. Bizim departament yalnız söküntüyə nəzarət edir. Həmin stansiyada digər obyektlərin yığışdırılmamasının səbəbini soruşduq, metropolitendən dedilər ki, bu obyektlər metropolitenin balansında deyil”.
Ramiz Hacıyev həmin obyektin hansı qurumuin balansında olmağına aydınlıq gətirməyib.
Qeyd edək ki, “Azadlıq” ötən sayında “20 Yanvar”dakı ticarət köşklərinin may ayına qədər söküləcəyini yazmışdı. Yazıda bildirilirdi ki, narazılıqların daha geniş vüsət almaması üçün hökumət belə qərar verib. Sözügedən ünvanda 230-a yaxın mağaza fəaliyyət göstərir və bu, metro stansiyaları arasında ən çox dükan olan ünvandır.

Tağı Əhmədovun ölkəni tərk etdiyi xəbəri yayıldı

Bu arada, dünən Tağı Əhmədovun ölkəni tərk etməsi barədə xəbərlər yayıldı. Meydan.TV-nin yaydığı məlumata görə, Tağı Əhmədov martın 19-da səhər saat 10:05 reysi ilə Dubaya gedib.
“Bildirildiyinə görə Tağı Əhmədov hava limanında tək deyilmiş. Onunla birlikdə ailəsi və hətta nəvələri də Dubaya uçublar”, – deyə məlumatda bildirilir.
Lakin Tağı Əhmədov “publika.az”a açıqlamasında ölkədə olduğunu deyib: “Bunu kim deyir? Mən ölkədəyəm”.
Onu da qeyd edək ki, Tağı Əhmədov vəzifəsindən azad ediləndən sonra onun həbs olunacağı haqda mediada məlumatlar yayılmışdı. Bildirilirdi ki, Respublika Prokurorluğu və Vergilər Nazirliyi Bakı Metropolitenində genişmiqyaslı yoxlamalara başlayıb. Yoxlama korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilir. Yoxlamalara səbəb onun rəhbərliyi dövründə külli miqdarda vəsaitin dövlət büdcəsindən yayındırılmasıdır.

Ramin DEKO