qenimetzahid-yeni

«Hizmət» hərəkatı nahar fasiləsindədir

Ya da Azərbaycan missiyasının qapanması səbəbindən daha hizmət göstərilmir

Mənim «Hizmət» hərəkatının detalları və ideya istiqamətləri ilə o qədər də dərin tanışlığım yoxdur. Bir səyyahın Türkiyədəki təəssüratları qədər ola bilər bu tanışlıq. Amma Azərbaycan gerçəkliklərini əla bilirəm. Buna görə də Fətullah Gülənin hərəkatında azərbaycanlı məmurların iştirakı ilə bağlı xəbərlər məndə bir növ ironiya doğurur və doğurub. İlk dəfə məndən bu barədə soruşan Türkiyəli bir dostum olub. «Məzlumdar» insan haqları təşkilatından olan Üzeyir Yigit məndən soruşub ki, Azərbaycanda dövlət idarələrində Gülən hocanın tərəfdarlarının çoxluğu ilə bağlı xəbərlər nə qədər ciddi ola bilər? Sonra bu məsələ ilə bağlı başqa adamlar da nəsə soruşublar. Bu qədər sualları cavablandırandan sonra özümü bu məsələ ilə bağlı səriştəli cavab müəllifi hesab edə bilərəm.

Beləliklə, “Saşanın xaçpərəstləri”

Yadınızdadırsa, ötən əsrin 90-ci illərinin ikinci yarısında Azərbaycanda qəribə bir xristianlaşma hərəkatı başlamışdı. Cəmiyyətin dərinliklərindən tutmuş üzü yuxarı, yəni məmuriyyətin sıralarına qədər çoxlu adamların xristian dinini qəbul etdiyi barədə informasiya sel kimi axırdı (Həmin ərəfədə krişnaitlər də meydan sulayırdılar). O templə davam etsəydi, indi Azərbaycanda məsciddən çox kilsə olmalı idi. Bu xristianlaşma prosesinin məntiqini anlamaq üçün mürəkkəb münasibətlərdə və dolaşıq dəhlizlərdə hərlənməyə ehtiyac yoxdur. O zaman mənim doğma yurdum Şamaxıda Saşa adlı bir rus vardı ki, həyatının 50-ci illərinə qədər xüsusi qabiliyyətləri ilə seçilməyən bu adam birdən-birə pul paylamağa başlamış və xristian missioneri olmuşdu. Bu Saşa xeyli adamı xristianlaşdıra bilmişdi. Hətta xəbər yayılmışdı ki, Şamaxıda ağır dini ocaqlardan birinin təmsilçisi də xristianlığı qəbul edib. O zaman bir həmyerlim bu barədə mənə narahatlığını çatdıranda, ona demişdim: «Narahat olma, müsəlman olanda adamdan nəsə kəsib götürürlər, xristian olanda isə nəsə yapışdırmırlar».
Mən haqlı çıxdım. Saşanın pullu missionerlik fəaliyyəti başa çatanda xristianlaşma da başa çatdı və indi 90-cı illərin o xristianlarının hamısı mömin və ya yarımmömin müsəlmandır ki, var. Demək istədiyim budur ki, Azərbaycan cəmiyyəti çox praqmatikdir və bəzi kəsimlər həddən artıq, lazım ola biləcəyindən daha artıq praqmatikdirlər. Buna görə də Azərbaycanda yüz illər ərzində cəmiyyətin əxz etdiyi dini-ideoloji tendensiyaların xaricində olan bütün cərəyanlar ən yaxşı halda keçicidir, ən sərt formada deyilsə, «Saşanın xristianları» kimidir.

Sıfırla birin arasında…

Azərbaycan məmurlarının arasında təmiz ideoloji yükü olan nəfərlər ya ola bilməz, ya da onların faizi sıfırla birin arasında ola bilər (Kompromisə gedərək, sıfırla birin arasında variantını iddia edirəm). Üstəlik, dini təmayülü ifadə edən bir ideologiya. Ona görə ki, Azərbaycanda mənur olmaq dövlət qarşısında xidmət deyil, mütləqiyyətin təmsilçisi olan saxta prezident qarşısında xidmətdir. «Xidmət»lə «hizmətin» heç bir fərqi yoxdur və bu, bir ərəb kəlməsinin farsca və türkcə interpretasiyasıdır. Azərbaycanda məmurlar arasında nurçu adlandırılanlar və ya özünü nurçu kimi təqdim etmək istəyənlər varsa, onlar yalnız Fətullah Gülənin maliyyə imperiyasından pay qoparmaq naminə orada ola bilərlər. Həm də hizmət etdiklərinin təqdiri ilə deyil, xidmət etdiklərinin təhriki ilə. Yəni, bu sözü Azərbaycan türkcəsinə belə çevirmək olar: Azərbaycanda məmurlar arasında nurçular varsa, onların hamısı qeydiyyata alınıblar və dövlət adından tapşırıqlar alıblar. Azərbaycanda dövlət adından sırınan tapşırıqların mühüm əksəriyyəti isə harama aiddir. Ev yıxmaq, haram para toplamaq, inzibati bütpərəstlik və yaltaqlıq nümayiş etdirmək…

Azərbaycan məmurları üçün «hallal» sertifikatı

Ola bilər ki, Fətullah Gülən bu keyfiyyətin daşıyıcıları olan kəsləri öz hərəkatında görmək istəməz. Ola da bilər ki, onları məqbul sayar. Mən «hizmət» hərəkatının mahiyyəti ilə tanış deyiləm. Amma Azərbaycandakı şəraiti və bu şəraiti yaradan insanları tanıyıram. Deyirlər ki, Azərbaycan nurçuları gənc intellektuallardır, səliqəlidirlər, intizamlıdırlar, imanlıdırlar, halallıqla nəfəs alırlar və s. Mən buna inanmıram. Azərbaycan məmuriyyəti sırasında (özəlliklə, guya hüquq mühafizə orqanlarında) sadalanan bu keyfiyyətlərin daşıyıcısı olan məmur birinci dirəyə qədər yol gedə bilər. Azərbaycanda nurçu adı ilə təqdim olunan məmurların mütləq əksəriyyətini “hizmət” hərəkatına «Saşa sindromu» bağlaya bilər. Pul, mənsəb, perspektiv və nəyin bahasına olursa olsun!
Fətullah Gülənin Ana Yasasında bu işləklərin yazılıb-yazılmadığını mən bilmirəm.

Pensilvaniya arzuları

Tamamilə mümkündür ki, Pensilvaniyada yaşayan, nüfuz və xarizmatikliyi səbəbindən Amerikadakı rəsmi çevrələrlə də yaxşı təmasları olan Fətullah hoca Azərbaycan hökumətinin nəyinəsə gərək olsun. Buna görə də onun adı ilə bağlı hansısa təşkilatın Azərbaycanda ayaq açması, prisipcə, Azərbaycandakı monarxın işinə də yaraya bilər. Buna görə də «hizmət» hərəkatının yaratdığı paralı imtiyazlar Azərbaycanda bəzi məmurların diqqətini cəlb edə bilər. Prezident Administrasiyası isə həmin məmurların Gülən hərəkatı ilə əlaqələrini xırdalıqlarına qədər nəzarətdə saxlayıb, bunlardan və Fətullah Gülənin özündən bütün mənalarda faydalanır, vəssəlam.
Ortalıqda maddi maraq bütün başqa maraqlardan əzici üstünlüklə çoxdur.

Ramiz Mehdiyevə «hizmət»

O ki qaldı, Elnur Aslanova, burada məsələ daha sadədir. Elnur Aslanovla Əli Həsənov arasında ziddiyətlər çoxdandır ki, mediada müzakirə olunur. Bu da təbiidir. Əli Həsənov anlayır ki, karyerasının zirvəsindədir. Bundan o yana uzaqbaşı, baş nazirin hansısa əhəmiyyətsiz məsələlər üzrə müavini ola bilər. Əli Həsənovun bu zirvə-karyerası Ramiz Mehdiyevin fiziki mövcudluğuna bağlıdır. Elnur Aslanov isə gəncdir və iddialıdır. Mehdiyevdən sonrakı dövrdə Əli Həsənovun yerinə də iddialı ola bilər. İndiki ən mənasız şöbəyə müdirlikdən canını qurtarıb real səlahiyyətləri olan şöbəyə niyə göz dikməsin ki? Prezident Administrasiyasında analitik-informasiya şöbəsi nə ona, nə prezidentə, nə Azərbaycana gərəkdir. Orada hansı informasiyalar analiz oluna bilər ki? Azərbaycan informasiyanın analizləri ilə idarə edilən ölkə deyil, ümumiyyətlə. Bunun üçün MTN var və istədiyi analizin əvəzinə kəsilmiş, doğranmış «Qordi düyünü» təklif edir. Diktaturaya haqq qazandırmaq, onsuz da bütün parametrlər üzrə üstü açılmış korrupsiyanı gizlətmək, adamları şərləyib həbsə atmaq üçün analitik olmağa ehtiyac yoxdur. Buna görədir ki, Elnur Aslanov işdən çıxarılan kimi bu şöbəni «uff» demədən qapadıb tulladılar.

«Saşa sindromu» bitdi

Fətullah Gülənin Ərdoğanla savaşı Elnur Aslanovu bitirdi. Elə nurçuluğu da. Rahim Hacıyevin təbirincə desək, deyəsən, nurçuluq hərəkatı Türkiyədə yarandı, Azərbaycanda isə qapandı. Bunun dalınca “hizmət” hərəkatına bağlı olanların, oradan maliyyələşənlərin bir-birinə qarşı kompromat savaşı başlayacaq. Bu kompromatlar isə yalnız maaş və başqa formada qəbul edilən paralarla bağlı olacaq. Başqa heç nə olmayacaq…
Saşanın indi harada yaşadığını heç kim bilmir. Deyəsən, o, zamanında hizmətini göstərib Rusiyaya getdi.
Dünyanın bir çox ölkələrində büroları olan Soros Fondu da Azərbaycandakı ofisini rüşvət və korrupsiya çıxmazlığına görə qapatdı.