Krımın Rusiyaya birləşdirilməsinə dair saziş imzalandı

Moskvada Krım və Sevastopolun Rusiya Federasiyasına birləşdirilməsinə dair saziş imzalanıb. Sənədə Rusiya prezidenti Vladimir Putin, Krımın Ali Şurasının sədri Vladimir Konstantinov, Krımın baş naziri Sergey Aksyonov və Sevastopol şəhərinin meri Aleksey Çalıy imza atıblar.
Sazişin imzalanması mərasimi Kremldə Putinin Rusiya Federasiya Şurasına müraciətindən sonra baş tutub.
Müvafiq sənəd Rusiya Federasiyası tərkibində iki yeni subyektin yaradılmasını nəzərdə tutur (APA).

Krım Muxtar Respublikası və Sevastopol şəhərinin Rusiya Federasiyasına birləşməsini nəzərdə tutan müqavilənin şərtləri:

– Krımda dövlət dili rus, Ukrayna və krımtatar dilləri olur.
– Krımın və Sevastopolun qurudakı hüdudları dövlət sərhədi sayılır, Qara dəniz və Azov dənizlərindəki sərhədlər isə Rusiyanın imzaladığı beynəlxalq müqavilələr, beynəlxalq hüquq normaları əsasında müəyyənləşir.
– Krımda və Sevastopolda yaşayan Ukrayna vətəndaşları və daimi yaşayıb vətəndaşlığı olmayan şəxslər Rusiya vətəndaşı hesab olunur. Bir ay ərzində indiki vətəndaşlığını saxlamaq və vətəndaşlığı olmayan şəxs statusunda qalmaq istəyi ilə müraciət edənlər istisnadır.
– 2015-ci il yanvarın 1-nə kimi keçid dövrü müəyyən olunur və bu müddətdə yeni subyektlərin Rusiya Federasiyasına inteqrasiyası məsələləri həll olunur.
– Krımda və Sevastopolda hərbi xidmətə çağırılmış vətəndaşlar bu ərazilərdə 2016-cı ilin sonuna kimi xidmət edir.
– Krımda və Sevastopolda dövlət orqanlarına seçkilər 2015-ci ilin sentyabr ayının ikinci bazar günü keçirilir. Həmin vaxta qədər dövlət hakimiyyəti orqanlarının səlahiyyətini Krım parlamenti, Nazirlər Soveti və Sevastopol Şəhər Şurası yerinə yetirir.
– Krım və Sevastopol ərazisində Rusiya qanunları və digər normativ-hüquqi aktlar qüvvədədir. Krım Muxtar Respublikasının və Sevastopolun normativ-hüquqi aktları keçid dövrü ərzində qüvvəyə malikdir. Rusiya Federasiyasının Konstitusiyasına zidd normativ-hüquqi aktlar tətbiq olunmur.