Hakimiyyətin Qərblə əməkdaşlıqdan imtinasının pərdəarxası

Seymur Həzi: “PA rəsmisinin son açıqlaması Azərbaycan hökumətinin Qərblə məsafə saxlamaq cəhdidir”

Mehman Əliyev: “Hakimiyyət insan haqları, söz azadlığı ilə bağlı hər hansı işi məhdudlaşdırmaq, qarşısını almaq niyyətində olduğunu deyir”

Hakimiyyət beynəlxalq təşkilatlara qarşı yeni kampaniya başlamaq niyyətindədir. Prezident Administrasiyası hüquq-müafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun beynəlxalq təşkilatlarla əməkdaşlıqdan imtina ilə bağlı çağırışı bunu deməyə əsas verir. PA rəsmisinin sözlərinə görə, “Freedom House”, “Human Rights Watch”, “Amnesty International”, “Transparency International” kimi təşkilatlarla əməkdaşlıq yox, bu təşkilatların yürütdüyü ikili standartlara qarşı mübarizə aparmaq, Azərbaycanla bağlı yayılan yalan məlumatların qarşısını almaq lazımdır: “Hesab etmirəm ki, bu təşkilatlarla əməkdaşlıq uğurlu ola bilər. Zənnimcə, biz mövqeyimizi dəyişməliyik”.

İndiyə qədər dəfələrlə hakimiyyət təmsilçiləri adıçəkilən təşkilatları Azərbaycana qarşı qərəzli olmaqda ittiham edib və rəsmi mətbuatda onlara qarşı qaralama kampaniyası aparıb. Buna səbəb isə bu təşkilatların hesabatlarında ölkədə insan haqları və demokratia ilə bağlı problemlərin önə çıxarılmasıdır. 

AXCP Rəyasət Heyətinin üzvü, siyasi şərhçi Seymur Həzi hesab edir ki, Fuad Ələsgərovun açıqlaması BMT-də Azərbaycan nümayəndəsinin Krım məsələsində sivil dünyanın mövqeyinə dəstəyini balanslaşdırır. Çünki Azərbaycan anlayır ki, indiki şəraitdə Rusiya ilə yanaşı dayanmaq çox çətindir. Ona görə də BMT-də səsvermədə belə seçim etmək məcburiyyətində qalıb. Digər tərəfdən düşünür ki, bu mövqe Qərbin Azərbaycana daha çox yaxınlaşmasına gətirib çıxara bilər. Bu səbəbdən də Qərb təşkilatlarını, əsasən insan hüquq və azadlıqların, siyasi azadlıqların qorunmasını tələb edən  təşkilatları özündən kənarlaşdırmaq məqsədi güdür. PA rəsmisinin son açıqlaması da Azərbaycan hökumətinin Qərblə məsafə saxlamaq cəhdidir. Yəni bildirmək istəyirlər ki, BMT-də baş verəndən fərqli olaraq bunlar siyasi mövqelərindən geri çəkilməyiblər. 

“Turan” agentliyinin direktoru Mehman Əliyev isə hakimiyyətin ölkədə insan haqları, söz azadlığı ilə bağlı aparılan hər hansı işi məhdudlaşdırmaq, qarşısını almaq niyyətində olduğunu deyir. Uzun illərdir davam edən bu proses ildən-ilə daha da sərtləşir. 

Fizzə