“Insan yalnız danışdıqlarına görə yox, susduqlarına görə də məsuliyyət daşıyır” – Əziz Nesin belə deyirdi.
Ustad yazıçının bu dediyini xatırlatmağımın səbəbi yaşadığımız ölkənin acı, fəlakətli halıdır.
Çünki əslində, bugünkü Azərbaycan hər şeydən öncə məmləkəti başına alıb gedən kütləvi sükutun, susqunluğun əsəridir.
Illərcə yaşadıqları, vətəndaşı olduqları ölkəni, onun taleyini, gələcəyini səssizcə, təpkisizcə, laqeydcəsinə izləməyin məntiqi sonudur.
Bir qarın çörəyə təslim olmağın, “az aşım, ağrımaz başım”, “ac qulağım dinc qulağım”, “mənə dəyməyən ilanı min yaşasın” düşüncəsinə qapılıb qalmağın nəticəsidir bugünkü Azərbaycan.
Onu yalnız sistemin zorakılığı yaratmadı, onu həm də çoxluğun sükutu yaratdı.
Və bədəlini birlikdə ödəyirik artıq.
Evi sökülənlər, dükanları qapadılanlar, Kür qaçqınları, biznesi əlindən alınanlar, məmur qapılarında sürünməkdən bezib son çarəni intiharda axtaranlar, ədalətsiz məhkəmə qərarlarından ahı göyə bülənd olanlar – hamı, hamı birlikdə ödəyir artıq 20 illik susqunluğun, “siyasətə qarışmamağın” bədəlini.
9 milyonluq bir məmləkətdə sadəcə, bir neçə min vicdanlı, duyarlı insanın “susma, susduqca sıra sənə də çatacaq, sadəcə geci-tezi var” sözlərini illərdir bu qulağından alıb o birindən ötürərsənsə, bir gün zülm sənin də qapını döyər, bir gün Şər alovları səni də yandırıb külə çevirər.
Qonşun haqsızlıq qurbanına çevrilərkən, evinin qapı-pəncərəsini qapadıb, “mənə nə?” deyərsənsə, bir gün buldozer qarşısına verilən evin özününkü olmasının önünə keçə bilməzsən.
Indi Azərbaycanda bax, bu proses başlayıb, hamı öz səssizliyi, biganəliyi ilə bir növ əkib, becərib, bəsləyib böyütmüş olduğu zülm ağaclarının meyvələrini dərməkdədir.
Səsini çıxarmaq üçün daşın öz ayağına dəydiyini gözləyərsənsə, sonunda olacağı budur. Cəfər Cabbarlı təbirincə desək, “öz cəzandır çək, Balaş”.
9 milyonluq ölkədə cəmi bir neçə min insan illərdir özgürlük, ədalət, hüquq, bərabərlik, çağdaşlıq adına mücadilə verərkən…
Polis dəyənəkləri altında əzilərkən…
Şərlənərək, saxta, qondarma ittihamlarla həbslərdə çürüdülərkən…
Döyülərkən, söyülərkən, sürgün edilərkən, məmləkətdən didərgin salınarkən onları meydanda tək qoymağın axırı, sizcə, başqa necə olmalı idi ki?!
Hər kəs bu zalım, ədalətsiz, talançı idarəetmədən nəsibini almalı idi. Alır da.
Yox, yox, mən bu sətirləri əsla nifrətlə, acıqla yazmıram, heç “sizə bu da azdır” yazmaq da istəmirəm.
Sadəcə, nəticəni yox, səbəbi anlatmağa çalışıram.
“Oğurlasınlar, amma yetər ki, iş görsünlər”…
“Bunlar yeyib-doyublar, gələnlər acdır, yeyib-dağıdacaqlar”…
“Mən siyasətə qarışmıram”…
“Belə gəlib, belə də gedəcək”…
“Hökumətlə hökumətlik etmək olmaz” kimi sadəcə, gəlişməmiş, formalaşmamış, öz mental qabığından çıxmamış, cəsarətsiz toplumların həyat və düşüncə tərzini əks etdirən zərərli fikirlərə (bəhanələrə!) söykənərək, yaslanaraq yaşamağın sonda o toplumları hansı qaranlığa sürüklədiyini, hansı bataqlığa gömdüyünü anlatmaq istəyirəm, sadəcə.
Zərərin yalnız yarısından deyil, harasından qayıtsanız, xeyirdir – hətta axırından da!
***
Dünən mən bu sətirləri yazarkən Ilqar Məmmədova 7, Tofiq Yaqubluya 5 il həbs hökmü oxunduğu xəbəri gəldi.
Tarix bu ədalətsiz, hüquq adına utancverici, insanlıq adına ayıb, çağdışı hökmü yalnız onu sifariş və elan edənlərin deyil, həm də onun qarşısında susanların ayağına yazacaq.
Bir də unutmayın bunu: bu ölkədə danışmağın, etiraz etməyin, səsini qaldırmağın cəzası 5 il, 7 il ola bilər.
Amma susmağın cəzası bir ömür çəkər.
Necə ki, artıq 20 ilini çəkmişik, ömürsə davam edir, elə cəza da…