Qəribə bir günü adladıq. Bir tərəfdə siyasi hökmlər oxundu, Ismayıllı hadisələrinə görə günahsız insanlar həbs cəzası aldı. Hətta bu hadisələrə heç dəxli olmayanlara da hökm oxundu. Məsələn, ölkənin tanınmış simalarından olan Ilqar Məmmədov və Tofiq Yaqublu, sadəcə, bizim oğru hakimiyyətə, onun nifrətə layiq siyasətinə müxalif olduqları üçün 7 və 5 illiyinə azadlıqdan məhrum edildilər. Ədalətsizlik növbəti dəfə vicdanlı adamların, ayrıca da suçsuz olaraq həbsə atılanların analarının və balalarının qəlbini yandırdı.
Başqa bir tərəfdə isə başqa bir ana ilə, başqa bir balanın qəlbi yandı. Onlar doğrudan da başqa tərəfdir və başqa ana-baladır. Yəqin anladınız, indiyə qədər siyasi həbslərin ən sərt müdafiəçisi, ən qatı ilhamçısı kimi çıxış edən və buna insan haqları donu geyindirən Rəbiyyət Aslanova və oğlu Elnur Aslanovdan söhbət gedir. Böyük cinayətlərin, talanın, yalanın siyasi rəhbərliyində can-başla çalışan ana-bala da ədalətsizliklə üzləşmişdi. Bəlkə də ədalət sözünü burada işlətdiyimə görə sözün özü məndən incidi, amma onlar doğrudan da öz komandaları tərəfdən ədalətsizliklə üzləşiblər. Axı onların günahı bu gün iş başında olanların günahlarından çox deyil! Amma Elnuru prezident sərəncamı ilə, bütün ölkəyə elan edərək, təmtəraqla yola saldılar. Bilmirəm, təzə iş verəcəklərmi, amma artıq qəlbləri yanmamış olmaz.
Bu nə ayrı-seçkilikdir?! Səbəb kimi nurçuluğumu deyirsiniz? Biz bu nurçuların az qala hamısını bu ölkədə YAP-çı və PUL-çu kimi tanıdıq. Rəbiyyət ana siyasi həbslər üçün nələr etmədi? Bu hakimiyyətin cinayətlərinə nə qədər don geyindirdi! Oğlu da eyni işi görmədimi? Nurçuluq YAP-çılıqdan çoxmu fərqlidir bu ölkədə? Bunların bir Xəzər TV-si var. Şərləmədiyi müxalif fikirli adam qalmadı. Yalanı əllərini yellə-yelləyə danışırlar və YAP-ın müdafiəsi üçün yapmadıqları yoxdur.
Rəbiyyət ananın halı isə təsəvvür ediləndir. Büruzə verməz, amma öz ədalətsiz komandasından gördüyü ədalətsizlik onun qəlbini yandırmalıdır. Başqa cür olmamalıdır. Bizim cəmiyyətdə qəribə bir mülahizə formalaşıb, halında müşküllər yaranan vəzifə adamları barədə danışanda deyirlər ki, yıxılana balta vurmaq olmaz. Nə balta, nə yıxılmaq? Balta bunların əlində olub, sadəcə, baltalıların böyüyü dünən Elnur Aslanovun əlindən baltanı alıb. Yıxılmaqdan da söhbət gedə bilməz. Baltalılar dünən yazının əvvəlində söz açdığım suçsuz, həm də yalnız sayğıya layiq insanların taleyini baltalayıblar.
Yıxılmaq isə qarşıdadır. Onda Rəbiyyət Aslanova da, oğlu da, deyilənə görə, onun oğlunu vuranlardan olan Əli Həsənov da, onların hamısı birlikdə bütöv bir ölkənin və xalqın taleyini baltaladıqları üçün cavab verməyə söz tapmayacaqlar. Mənən çox ağır gün olacaq. O zaman qəlblər ədalətsizlikdən yox, günah və suçdan alışacaq. Rəbiyyət ana həmin günə görə indidən ağlamalıdır. Onların hamısı ağlamalıdır.
Hələlik, onun kimiləri dünən həbsə atdıqları Tofiq Yaqublunun qızı Nərgizin qəlbindən keçənləri oxusunlar: “Ata – Tofiq Yaqublu ”https://www.facebook.com/tofiq.yaqublu” məhkəmə başlayan saatdan bitənə qədər ayaq üstə, əlində ümummilli liderimiz Məhəmməd Əmin Rəsulzadənin şəkli ilə hökmü dinlədi. Atamla fəxr edirəm. Bu 5 ay məhkəmə ərzində ittiham aktını darmadağın etdi, bu şərəfsiz hökuməti, saxta məhkəməni ifşa etdi. Bu gün də bir cəsarət, ləyaqət, şərəf nümunəsi ortaya qoydu. Ona verilən 5 il bizə görə heç nədir. Biz bunu da yenərik. Qoy, hakim və prokurorlar narahat olsun. Çünki onların yeri bu yaxınlarda həbsxana olacaq. Onlar bizi qanunsuz yerə həbs edirlər, biz isə onları qanuni yolla həbs edəcəyik!”.
Söhbət həbsdən də getmir, qanundan gedir! Bu ölkəyə qanun gəlməlidir və gələcək də!