Rafiq Abbasovun yeznəsi Səxavət Abbasov Naxçıvanda hakimiyyət dəyişikliyi etməyə cəhddə ittiham olunur
Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun tapşırığı ilə “Naxçıvan Qaz” Istehsalat Birliyinin rəisi Səxavət Abbasov ev dustağı edilib. Bu barədə “Yeni Müsavat” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, Bakı Şəhər Baş Polis Idarəsinin rəisi Rafiq Abbasovun yeznəsi (bacısının həyat yoldaşı) olan S.Abbasov “Naxçıvanda hakimiyyət dəyişikliyi etməyə cəhddə”, “Vasif Talıbova qarşı kampaniya aparmaqda” ittiham olunur.
Onun iş yerində, evində, yaxın qohumlarının evində axtarışlar aparılıb.
Mənbə bildirib ki, V.Talıbov Bakı polisinin rəisinin yaxınlarını Naxçıvana buraxmır: “Rafiq Abbasov Şahbuz rayonunun Mahmudoba kəndindəndir. Həmin kənd böyük şairimiz Məmməd Arazın kəndinə qonşu kənddir. Dağların ətəyindədir. Rafiq Abbasovun qardaşları, yaxınları orada özlərinə evlər tikdiriblər. Bir ay əvvəl onlar Mahmudobaya getmək üçün Naxçıvana gəliblər. Lakin Vasif Talıbovun əmrinə əsasən onları geri qaytarıblar. Bundan sonra tərəflər arasında ziddiyyətlər daha da dərinləşib”.
Mənbənin sözlərinə görə, V.Talıbov Bakıda vəzifədə olan Naxçıvan kökənli, iri ranqlı məmurları özünə rəqib bilir və hər fürsətdə onlara, yaxınlarına qarşı belə addımlar atmaqdan çəkinmir. Bu barədə qəzetimiz də dəfələrlə yazıb. V.Talıbov Naxçıvan kökənli vəzifəli məmurlardan başqa, həm də bir sıra nazirləri, Naxçıvanda strukturu olan sahə rəhbərlərini də saya salmır.


