Ticarətçilər Bakı Metropoliteninin binası qarşısında aksiya keçirməyə cəhd göstərdilər
Metro rəhbərliyi şikayətçilərə prokurorluğa müraciət etməyi məsləhət gördü
Bakı Metropoliteninin stansiyalarında quraşdırılan mağazaların söküntüsü başlandı. Halbuki, dükan sahiblərinə martın 27-dək vaxt verilmişdi. Sahibkarlar söküntünün qanunsuz olduğunu deyirlər, bildirirlər ki, onlarla bir illik müqavilə bağlanılıb. Üstəlik, mart ayı üçün yer haqqı da öncədən alınıb. Ancaq bunların heç biri nəzərə alınmadan dükanların sökülməsinə start verilib. Ticarətçilər isə mallarını ucuz qiymətə sataraq, ziyandan çıxmağa çalışırlar.
Satıcılar mallarını ucuz qiymətə satırlar
Metronun 21 stansiyasında ticarət dayandırılıb. Mağaza sahiblərinə alternativ yer kimi, “Keşlə”, “Yaşıl”, “Şərq” bazarlarını, “Yeni Günəşli” ticarət mərkəzini, A.M.A.Y. və “28 May”dakı ticarət mərkəzi təklif ediblər.
Bakı Şəhər Icra Hakimiyyətinin (BŞIH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırovun sözlərinə görə, bir çox sahibkar təklif olunan ticarət mərkəzlərinə köçüb və onlara köməklik edilir: “Əvvəllər də qeyd olunduğu kimi, onlardan 3 ay ərzində dövlət rüsumu götürülməyəcək”.
Mağazaların sökülməsinə metronun “Koroğlu” stansiyasındakı keçidlərdən start verildi. Martın 15-də axşam saatlarında başlanan söküntü satıcıların narazılığına səbəb oldu. Onlar söküntü işlərinə başçılıq edən şəxslərə “bizə martın 27-dək vaxt verilib” vədini xatırlatsa da, bunun heç bir xeyri olmayıb. Onlardan tez bir zamanda işlərini yekunlaşdırmaq tələb olunub.
Metronun digər stansiyalarında martın 16 və 17-də mağazaların sökülməsinə başlanılıb. “Xalqlar dostluğu”nda çalışan satıcıların sözlərinə görə, hər ay 600-1500 manat icarə haqqı verirdilər. Satıcıları ən çox əsəbiləşdirən isə sökülməsilə bağlı onlara öncədən xəbərdarlıq edilməməsidir. Bu azmış kimi, satıcılara mallarını satmaq üçün vaxt verilmir. Satdıqları məhsulları nəğd qiymətə alan dükan sahibləri onları alıcılara dəyər-dəyməzinə təklif edirlər. Dediklərinə görə, onlara təxminən 3-5 min manatda ziyan dəyib: “Elə adamlar var ki, 5 min manat ziyana düşüb”.
Ancaq elə stansiyalar da olub ki, orada polislər satıclılara dünən günortaya qədər vaxt verib. Məsələn, “Inşaatçılar”da, “Gənclik”də satıcılara bir neçə saatlıq şərait yaradılıb ki, məhsullarını satsınlar. Biz “Inşaatçılar”da olan zaman polislər “iki saat vaxtınız qaldı”, “bir saata yekunlaşdırın”, “bağlamağın vaxtdır”, “mallarınızı yığın” kimi yarım saat, bir saatdan bir xəbərdarlıq mesajı ünvanlayırdılar. Satıcılar da onlardan daha bir neçə dəqiqə vaxt istəyib, alverlərini edirdilər. Mallar ucuz qiymətə satışa çıxdığından basırıq var idi. Hamı metrostansiyalara axışıb alver edirdi.
Bizimlə söhbət edən satıcılar Bakı şəhər Icra Hakimiyyəti və Metropoliten rəhbərliyinin onları aldatdığını bildirdilər.
Satıcılar pullarını tələb edirlər
Metronun “Neftçilər” stansiyasında köşkləri yığışdırılan satıcılar dünən “Bakı Metropoliteni” binası önündə aksiya keçirməyə cəhd etdilər.
Təxminən 50-60 satıcı Metropolitenin rəisi Zaur Hüseynovla görüşmədən ərazini tərk etməyəcəyini söyləyirdi. Şikayətçilər köşkləri üçün ödədikləri məbləğin geri qaytarılmasını tələb edirdilər. Onların sözlərinə görə, digər stansiyalarda alver edənlərin ödənişi geri qaytarılıb.
Bununla yanaşı, etirazçılar köşklərin təmiri üçün Metropoliten rəhbərliyinə verdikləri 1100 manatı da geri istəyirdilər.
Polis satıcıların aksiya keçirməsinə imkan vermədi. Yalnız iki nəfər danışıq aparmaq üçün rəhbərliyin yanına aparıldı. Satıcıların nümayəndələrilə görüşən rəhbərlik onlara köməklik edə bilməyəcəklərini deyib. Tövsiyə olunub ki, pullarının mənimsənilməsilə əlaqədar prokurorluğa müraciət etsinlər.
Satıcılar Metropoliten adından onlardan pul toplayan Elşən adlı şəxslə əlaqə saxladılar. O da öz növbəsində pulların geri qaytarılması üçün bir neçə gün vaxt istədi.
Metroda gediş haqqı 50 qəpik olacaq?
“Bakı Metropalitenində qiymətlər 150 faiz artaraq 50 qəpik olacaq”. Bu barədə “axar.az”a Bakı Metropaliteninin işçiləri məlumat verib. Saytın yazdığına görə, metro ərazisindəki ticarət obyektlərinin sökülməsindən sonra Metropolitenin gəlirlərindəki kəskin azalmanı kompensasiya etmək üçün bu addım atılıb. Qərarın yaxın günlərdə cəmiyyətə açıqlanacağı bildirilir.
Məlumatlarda o da qeyd edilir ki, yaxın günlərdə qurumda ciddi kadr dəyişiklikləri həyata keçiriləcək. Məlumata görə, Metropolitenin yeni rəisi Zaur Hüseynovun vaxtilə Tağı Əhmədovun vəzifə verdiyi yüksək postlu bir neçə məmuru tutduğu vəzifədən azad edəcəyi gözlənilir. Işdən çıxarılacaq şəxslərin adları hələlik açıqlanmasa da, onların kifayət qədər yüksək vəzifə tutduğu qeyd edilir. Z.Hüseynovun bu addımı atmasının həmin şəxslərin fəaliyyətləri dövründə yol verdikləri ciddi nöqsanlarla bağlı olduğu bildirilir. Yeni təyinatlar nisbətən gənc kadrlar olacaq.
Sahibkarlara 10 milyon manat ziyan dəyib
“Metro keçidlərindəki ticarət kösklərinin sökülməsi sahibkarlara 10 milyon manatdan çox zərər vurub”. Bunu isə “aznews.az”a iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O bildirib ki, hər bir obyekt üzrə orta qiymətləndirmənin aparılması və dəyən ziyanın məbləğinin hesablanması mümkündür: “Ticarət köşklərinin hər birində orta hesabla 15 min manat məbləğində məhsul olub. Ümumilikdə bu da metroda ticarət obyektlərində 16 milyon manat dəyərində malın olması deməkdir”.
V.Bayramov qeyd edib ki, satış məntəqələri bağlandığından sahibkarlar mallarını ucuz qiymətə satmaq məcburiyyətində qalıblar: “Məhsulları saxlamaq üçün yerin olmaması malların öz dəyərindən aşağı satılmasına səbəb olub. Ümumi hesablama zamanı sahibkarlara 10 milyon manata yaxın ziyanın dəydiyini söyləmək olar”.
Ramin DEKO