«Jirinovskiyə cavab verilməlidir»

Fuad Qəhrəmanlı: «Hakimiyyət bu cür açıqlamalar səslənən zaman qarşı tərəfin inciməməsi üçün cəsarətsiz davranış göstərir»

Rusiyanın LDPR partiyasının lideri Vladimir Jirinovski yenə də qalmaqallı çıxışı ilə yadda qalıb. ANS PRESS-in məlumatına görə, Dövlət Dumasında çıxışı zamanı o, azərbaycanlılar və ukraynalılardan danışıb. V.Jirinovski azərbaycanlı adında bir xalqın əslində mövcud olmadığını deyib. «Azərbaycan rus dilinə tərcümədə nə deməkdir? Azər-Xəzər dənizi, baca-yəni yer deməkdir. Yəni Xəzər dənizinin ətrafında yaşayanlar. Rusca xəzərlilər. Bu millət demək deyil axı. Bu həmin yerdə yaşayan insanlar deməkdir. Yəni necə ki, volqoqrodlular”, – deyə Jirinovski deyib.

Qeyd edək ki, Vladimir Jirinovski bir neçə gün əvvəl də qalmaqallı çıxışı ilə yadda qalmışdı. O, Dağlıq Qarabağın Rusiyaya verilməsini təklif etmişdi. Partiya liderinin sözlərinə görə, Ağlıq Qarabağ münaqişəsini yalnız bu yolla həll etmək mümkündür.

Artıq bununla neçənci dəfədir ki, Crinovski Azərbaycan xalqını, dövlətini təhqir edən bəyanatla çıxış edir. Amma bu açıqlamalara dövlət səviyyəsində heç bir reaksiya verilmir. Mövzu ilə bağl XİN-in mövqeyini öyrənməyə çalışsaq da səylərimiz bir nəticə vermədi.

Jrinovskinin siyasətdə qeyri-ciddi imici olan bir şəxs kimi tanındığını deyən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, Rusiyadakı avtoritar rejimin xarakterindən irəli gələrək beynəlxalq hüquq normalarına uyğun olmayan fikirlər belə şəxslər tərəfindən ifadə olunur. Jirinovskinin səsləndirdiyi fikirlərin təkcə onun qeyri-ciddi xarakteri ilə bağlı olmadığını düşünən F.Qəhrəmanlı bildirdi ki, bu açıqlamalarla Rusiya hakimiyyətinin  mövqeləri bəzən ifadə olunur: «Jrinovski fikirlərini fərd kimi səsləndirmir. O, həm partiya sədridir, həm də Dumanın deputatıdır. Deməli bu şəxsin rəsmi stutasu da var. Ona görə də Jrinovskinin açıqlamalarına müvafiq səviyyədə cavab verilməlidir. Milli Məclisin üzvləri Jrinovskinin açıqlamalarının siyasi əxlaq normalarına zidd olduğunu bildirməlidirlər. Azərbaycan tərəfdən də cavab verilməlidir».

F.Qəhrəmanlının sözlərinə görə, amma Azərbaycan hakimiyyəti bu cür açıqlamalar səslənən zaman qarşı tərəfin inciməməsi üçün cəsarətsiz davranış göstərir. «Yalnız o halda fikirlər söylənilir ki, onlar hakimiyyətin maraqlarına zidd olsun. Amma Azərbaycan xalqı, dövləti təhqir olunanda bunlar həmin təhqiri özlərinə şamil etmirlər. Hazırkı iqtidar bu dövlətə manfaktura kimi yanaşır. Ona görə Jrinovskinin fikirlərinin cavabsız buraxılması Azərbaycan dövləti üçün utancvericidir».

Xəyal