“Gül balalar”ın İlham Əliyevə cavabı

Prezidentin Ismayıllı hadisələrindən sonra məmur balalarına “barmaq silkələməsi” ilə güman etmək olardı ki, onlar imkan daxilində (!) özlərinə çəki-düzən verəcəklər. Zarafat deyildi, ölkə prezidenti ilk dəfə olaraq valideynlərinə deyil, məhz onlara, tüfeyli həyat tərzi keçirən “gül bala”lara müraciət edirdi. Deyirdi ki, özünüzü yığışdırın, yoxsa atalarınızı işə qəbul etdiyim kimi, işdən də qovaram…

Nə qədər təəccüblü görünsə də, prezidentin bu hədəsindən sonra məmur övladlarının özbaşınalığı görünməmiş miqyas almağa başladı. Sanki Ilham Əliyevə mesaj verməyə başladılar ki, “əlindən gələni beş qaba çək”.

Sosial şəbəklərdə Qərbin zəngin iş adamlarının belə özlərinə rəva görmədiyi həyat tərzini əks etdirən, müxtəlif safari və kazinolardan çəkilmiş şəkilləri ilə gündəmi zəbt etməyə başladılar. Kazinonu bir yana qoyaq, təkcə safari deyilən və vəhşi heyvan ovu müşayiət olunan əyləncənin ən ucuzunun qiyməti 300 min dollardan başlayır. Bu günlərdə məlum oldu ki, Milli Məclidə adi işdə işləyən, eyni zamanda deputat oğlu üçün bu, sıradan əyləncə (!) imiş. Ayda 1500 manat alan deputat ictimaiyyətə verdiyi açıqlamada bunu şəcərəsinə qarşı “qara piar” adlandırır və… təəccüblü heç nəyin olmadğını bildirir…

Bir neçə gün əvvəl, Qaçqınkomda “yükünü” tutmuş bir deputatın balası isə tapança ilə iki qadının oturduğu maşını dəlik-deşik etdi. Möcüzə nəticəsində sağ qalmış qadınlar deputat oğlu ilə heç bir ədavətlərinin olmadığını, ümumiyyətlə, onu tanımadıqlarını dedilər. Elə deputat balasının da, onları tanımadığı, kefindən (!) belə etdiyi məlum oldu. Təsəvvür edirsinizmi?

Bu günlərdə “Opera sky” restoranından bir videoçarxı seyr etdim. Dəhşətə gəlməmək mümkün deyildi, oradakı ab-hava “bespredel” Hollivud filmlərini xatırladırdı. Üç naməhrəm yerindən ikisi açıq rəqqasələr, başgicəlləndirici musiqi və yüzlərlə çılğın, başı dumanlı gənc…

Restoranın nəinki Bakıda, hətta MBD-də ən baha məkanlardan biri olduğunu nəzərə alsaq, müştərilərin kimlər olmasını asanlıqla təyin etmək olar. Bunlar nazir müavini, prokuror, icra başçısı, deputat övladlarıdır və valideynlərinin gündüz yığdıqları rüşvəti xərcləyirlər. Onların əyləncəsi gec saatlarda başlayır və səhərə qədər davam edir.

Paralel olaraq, ölkənin paytaxtı Bakıda qorxulu bir “Galenwagen” kabusu da dolaşır. Içkili və naşı məmur övladlarının vazkeçilməz avtomobili…

Əslində bu onların hər an qəza törədə biləcəyindən qorxan valideynlərinin seçimidir. Hasarı belə dəlib keçən bu maşınlar, yalnız iri tonnajlı maşınlar qarşısında acizdir ki, onların da Bakının çox hissəsinə girişi çoxdan qanunla (!) qadağan edilib. Uzaqgörənliyə fikir verin…

Dünyada qəzaya ən davamlı minik maşını olan bu “Mersedes” markasının o biri adı taleyin ironiyası ilə dilimizə… “yolsuzluq” (vnedorojnik) kimi tərcümə olunur. Bu ifadənin Azərbaycan türkcəsində mənası… “qeyri-qanuni yolla varlanmaq” deməkdir. Qiyməti 200-250 min manat arasında dəyişən bu maşınların 10-dan 9-u məmur balalarına məxsusdur. Ölkədə bütün ranqdan olan məmurların aldığı maaşın ən yüksək həddi isə 1800 manatdırsa, aydın məsələdir ki, bu maşınların heç biri halal qazanılmış pulla alına bilməz. Bunun üçün məmur, ən azı on beş il ərzində yeməyib, içməyib pul toplamalıdır.

Bu maşınları saxlamağa yol polisləri belə cəsarət etmir…

Bir neçə gün əvvəl, Xəzər Neft Donanmasının keçmiş rəisi Mübariz Mədətovun oğlu Xalid, sərxoş halda idarə etdiyi “Mersedes Galenwagen”lə xalq artisti, tarzən Ağasəlim Abdullayevin ailəsinə faciə yaşatdı. Sənətkarın həyat yoldaşı və adını daşıyan 5 yaşlı nəvəsi Ağasəlim bu faciəvi qəzada yaşamlarını itirdilər.

Həmin gün qəza mütləq baş verəcəkdi, bu qəzada yeganə təsadüf sayıla biləcək hal, xalq artistinin ailəsinin olduğu maşının da yolda olması idi. Yəni onlar da olmasa, başqa bir ailə gözüyaşlı qalacaqdı. Çünki Xalid Mədətov sərxoş idi və maşını yüksək sürətlə sürürdü.

Aylıq maaşı 1500 manat olan yüzlərlə mübariz mədətovovlar balalarına hansı pulla 250 min manatlıq maşın alır?

Bu sualın cavabını uşaqdan-böyüyə hamı bilir. Elə prezident də bilir, amma müəyyən səbəblərdən deyə bilmir.

…Deməli, hələ çox ailələr gözüyaşlı qalacaq.