Putin Rusiyanı dağıdır

Kremlin Ukraynada yaratdığı aqressiv siyasət Rusiyanın parçalanmasına peresedentlər yaradır 

Krımda bu gün “referendum”dur. Onun legitim nəticələri barədə olmasa da, doğurduğu yeni siyasi şəraitlər barədə danışmaq imkanımız olacaq. Amma çox ehtimal ki, bu referendum da Putinin prezident seçkilərindən elə də çox fərqlənməyəcək. Rusiya üçün əsas olan bölgədəki siyasi vəziyyətə yeni gərginlik rəngi qatmaqla özünə yeni təsir rıçaqları yaratmaqdır.

Amma bu, Ukraynanı taməmən Rusiyadan ayırmaq istəyən Qərb, xüsusən də ABŞ üçün yolveriləndirmi? Belə çıxmır ki, Qərb Kiyevi assosasiya sazişinə çəkmək istəyərkən Kremlin qanadları altına itələmiş oldu. Bu prosesin bu cür dondurulması mümkünsüz olduğu kimi,  tərəflərin hərəkət trayektoriyasının ehtimalı yeni təhlükələrdən qaçışı da mümkünsüz edir. Bununla belə Ukrayna üçün başlıca təhlükə hesab olunan ərəzi bütövlüyü məsələsi niyə hazırda bu ölkədən daha çox Qərbi narahat etməlidir? Niyə Azərbaycan da daxil olmaqla postsovet ölkələri bu proseslərə biganə qalmamalı və mütərəqqi dünya birliyinin çağırışlarına cavab verməlidirlər? Bu prosesin Rusiya üçün real təhlükələri nələrdir? Qərb öz arasında hansı taktiki yanlışlıqlara yol verir? ABŞ niyə sona kimi və birmənalı dəstəklənməlidir? Bütün bu sualların cavabı bizim üçün həm də ehtimal olunan mürəkkəb vəziyyəti və geridönməz müharibə yolunu təsəvvür etməkdən ötrü yeni imkanlar yaradacaq. Əgər bu müharibə olacaqsa, bu, Rusiya üçün yeni bir vəziyyətmi olacaq, yoxsa Rusiya coğrafiyasındamı yeni bir vəziyyət olacaq? Bütün bu analizləri təqdim etməzdən öncə dəyərli oxucumuza bir məqamı göstərməyi vacib bilirik – tablo ondan ibarətdir ki, Rusiya öz addımı ilə hamıya müharibə elan edib, amma döyüş də öz ərazisində olacaq, bütün dünya ilə öz sərhədlərində savaşmaq və ya dünyadan öz sərhədlərində müdafiə olunmaq Rusiya üçün sadəcə fəlakətin siqnalıdır. 

Ukrayna qopmaqda olan darvazadır 

Ukrayna Qərbin Rusiyanın üzünə bağlanan böyük bir darvazası, eyni zamanda Avrasiyaya açılan ən etibarlı qapısıdır. Bu qapının bütün açılıb bağlanmasını etibarlı əllərə vermək cəhdi oradan daha təhlükəli elementləri içəri buraxmaqla nəticələnəcəksə, onda Qərb elan etdiyi dəyərlərin qorunması barədəki vədlərinin arxasında, ən yumşaq dillə desək, sadəcə dura bilmədəyini ortaya qoyacaq. Bu isə çox pis peresedent  ola bilər və Qərbin imicini zədələməklə qalmaz, həm də onun dünyaya açmaq istədiyi yolların tıxandığını sübut edər. Ukrayna öz ərəzi bütövlüyü uğrunda savaşa bilər, indiyə kimi Ukraynadan dəfələrlə zəif Gürcüstan, ondan qabaq Azərbaycan birbaşa və dolayı yolla Rusiya ilə suverenlik savaşı aparıblar. Amma bu savaşların nəticələri də bütövlükdə regionda Qərbin maraqlarını zərbə altında qoyub. Sirr deyil ki, Qərb cəlbedici davranmasa, bu cür münaqişələrin yaranmasına “povod” da olmaz, xalqlar təbii ki, öz azadlıqları uğrunda mübarizənin bir formasını tapacaqlar və  nəticədən heç kim ayrıca və ya bir başqası ilə birlikdə tarixi prosesin yolunu dəyişə bilməz. Bu gün Ukraynada baş verənlər isə nə qədər Qərbə getmək istəyən ukraynalıların məsuliyyətidirsə, ondan dəfələrlə artıq bu dəvəti göndərən Qərbin məsuliyyətidir və daha çox Avropa Birliyinin məsuliyyətidir. Görünənlər isə başqa mənzərədir, ABŞ daha prinsipial davranır. 

Biz niyə susuruq? 

Maraqlıdır ki, Rusiya parlamenti Rusiyadan xaricdə yaşayan rusların və rusdillilərin təhlükəsizliyini qorumaq üçün  yeni qanun qəbul edib. Amma əz ərazisində rus yaşayan postsovet ölkələrindən heç biri dillənib demir ki, qardaş,  bu nə qanundur. Məsələn, istənilən Ivan “Facebook” hesabında yazsa ki, onun həyatına təhlükə var, deməli, onu qorumaq üçün hadisə yerinə bir T-90 tankı göndərilməlidir? Bu qanun əslində bütün keçmiş sovet ölkələrinə “sərhədləriniz dükan, gömrüyünüz biznesdir” mesajı idi. Buna susmaq isə razılıq olmasa da, narazlıq da deyildi. Rusiya açıq şəkildə demək istəyir ki, asanlıqla hamı ilə müharibə edə bilər. Bu onun potensialı daxilindədirmi? Deyilmi? Bu suallar tamamən başqa mövzudur. Amma real təhlükə bəyanatlarına dövlətlərin susması aqressorun imkanlarını artırmasa da, iddialarındakı israrının böyüməsinə mühit yaradır. Başqa sözlə, həm də məsələn, rəsmi Bakının Jirinovskinin “Qarabağı Rusiyaya birləşdirmək lazımdır” bəyanatına reaksiya verməməsi onunla bağlı deyil ki, hökumətdə heç kim Jirinovskini ciddiyə almır, onunla bağlıdır ki, Azərbaycan hakimiyyəti başa düşür ki, Kreml öz siyasətinin sərhədlərini elə Jirinovskinin bəyanatları ilə çəkir və indiki məqamda acıqlı divin qabağından keçmək olmaz. Bu isə dövlətçilik üçün çox ciddi maneədir. Qərblə legitimlik problemi yaşayan bir hakimiyyət siyasi maraqları naminə Rusiyanın irtica bəyanatlarına göz yumur. 

Putin ən çox kimə təhlükədir? 

Bu bir qədər qəribə görünə bilər, amma bu gün Putin siyasətinin ən böyük qurbanı Rusiyadır. Rusiya əslində Putinin siyasəti nəticəsində parçalana bilər. Bu gün Ukraynada bir muxtar bölgə varsa, Rusiyada 20-dən çox etnik və dini müxtəlifliyin yaşadığı muxtariyyətlər var. Bəs Krımda keçirilən referendumdan sonra dünya deməzmi, Çeçenlərin, Dağıstanın, Tatarıstanın referendumla öz müqəddəratını həll etmisinə imkan ver? Bu, Rusiyanı 20 tikəyə ayırmazmı? Bəs bu barədə kim düşünməlidir. 

Dor ağacı ABŞ olmalıdır

Əlbəttə, öz dəyərlər sistemi ilə Avropa bu cür mədəni siyasi  hadisələrin əsas ideya beşiyi kimi xarizmasını saxlayır. Amma bununla iş bitirmi? Rusiyanın irtica siyasətinə ABŞ-ın daha prinsipial mövqeyi dəstəklənməlidir. Rusiya ilə öz dilində danışmaq çıxış yoludursa, bunu unutmaq olmaz ki, dünyanın ən yaxşı sovetoloqları ABŞ-dadır. ABŞ dünya siyasətinin bugünkü xarakteri üçün çox önəmli aktyordur və məhz onun baş rolluğunda davam etmək lazımdır.