«Putinin hamı ilə düşmən olmaq bəyanatı Rusiya üçün təhlükəlidir»
Seymur Həzi: «Rusiya prezidenti reallıq hissini itirib»
Krımı Ukraynadan qoparmaq məqsədilə referendum təşkil edən Rusiya bu səbəbdən beynəlxalq aləmlə münasibətlərini gərginləşdirib. Lakin geri çəkilmək niyyəti olmayan Putin bu təcrübədən digər MDB dövlətlərində də istifadə etmək niyyətinə düşə bilər.
Siyasi icmalçı Rauf Mirqədirov “Bizim yol” qəzetinə müsahibəsində bildirib ki, Krım böhranından düzgün nəticələr çıxarıb, düzgün addımlar atmaq lazımdır, çünki bu böhranın əsas nəticələrindən biri odur ki, Rusiya postsovet məkanını tamamilə ilhaq eləmək istəyir. Artıq vəziyyət o səviyyəyə çatıb ki, Moskvada hər hansı bir qonşu ölkənin razılığı olmadan, müvafiq müqavilə bağlanmadan bu ölkənin ərazilərinin Rusiyaya birləşdirilməsi haqqında qanun layihələri müzakirə olunur. Bunun isə Azərbaycan üçün də acı nəticəsi ola bilər. Rusiya Azərbaycanın şimal bölgələrində süni problemlər yarada, burada qondarma referendumlar təşkil edib və ölkəmizin bir hissəsini işğal edə bilər. Bu da Azərbaycanın müstəqilliyi üçün çox ciddi təhlükədir.
Ekspert Putinin bu yaxınlarda səsləndirdiyi bəyanatı da xatırladıb. Rusiya prezidenti milli qrupların öz müqəddəratını təyin etmək hüququnun olduğunu deyib. Bu isə o deməkdir ki, Putin qonşu ölkələri açıq təhdid edir.
Siyasi ekspert, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi isə hesab edir ki, Putinin bu bəyanatı Rusiya prezidentinin reallıq hissini itirdiyini göstərir. Çünki Rusiyadakı Çuvaşiya, Tatarıstan, Qaraçay-Çərkəz, Inquşetiya, neçə ildir azadlıq mübarizəsi aparan Çeçenistan, Kabardin-Balkar, Dağıstan, Sabirdə olan muxtariyyətlərin də öz müqəddaratını təyin etmək hüququ var.
Ekspertin sözlərinə görə, Putin belə bir isterik bəyanatla BMT Təhlükəsizlik Şurasının Rusiyanı da müdafiə edən əsas sənədlərinə qarşı çıxdığını anlamalıdır: “Rusiya prezidenti keçmiş postsovet ölkələrini bu bəyanatla təhdid edir. Amma başa düşməlidir ki, özü də bu qəbildən olan dövlətlərdəndir. Sosial narazılıqların zəngin və gərgin olduğu dövlətlərdən birinin başında durur. Bu əslində Rusiyanın sonu ilə bağlı Putinin siqnalıdır. Hamıya eyni vaxtda müharibə elan etmək heç kimə xoşbəxtlik gətirməyib. Putinin hamı ilə düşmən olmaq bəyanatı Rusiya üçün təhlükəlidir. Rus xalqı bundan nəticə çıxarmalıdır”.
Fizzə


