Heç oxuyanlarla oxumayanlar bir olurmu?

Kitab yazmayın, kitab buraxmayın, kitab satmayın, kitab oxumayın! Artıq bu diktənin hakim olduğu, sözün sorğuya çəkildiyi bir ölkə halına gəldik. Dünən “Əli və Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərlini də istintaqa çağırıblar. Bir azdan küçədə qolunuzda saat və gözünüzdə eynək dolaşdığınız zaman saxlansanız, təəccüblənməyin. Adını unutmuşam, tarixdə belə repressiv bir rejim də olub. Təhsilli insan imici verən qolu saatlı və gözü eynəkli hər kəsi küçədəcə güllələyiblər.

“Kitab oxumayan, şeir sevməyən, türkü dinləməyən və çay içməyən birinə könül verməyin…” Bu deyim sosial şəbəkələrdə sizin də qarşınıza çıxmış olar. Mən də çox bəyəndiyim üçün əzbərləmişəm. Amma baxıram ki, bu ölkə insanının işi könül məsələsindən keçib. Zarafatınıza gəlməsin, adamları kitaba görə məhşər ayağına çəkirlər. Biz belə şeyləri olsa-olsa 37-ci illər tarixindən oxumuşduq.  Bir də, bəlkə, sovetlər zamanından xatırladığımız nələrsə var. Məsələn, mən məktəb illərimdə atamın çoxlu sayda kitablarından birini, Massenin “Islam” kitabını hər zaman ayrı, gizli yerdə saxladığını xatırlayıram. 

Doğrudan, bu kitab qorxusu nədir ki? Kitabın insan düşüncəsində açdığı üfüqlər hüdudsuzdur, şübhəsiz. Müqəddəs kitabımızda bu həqiqət qəti şəkildə belə ifadə olunur: “Heç bilənlərlə bilməyənlər bir olurmu?”. Bəli, heç oxuyanlarla da oxumayanlar bir olurmu? Mən də az kitab oxumamışam desəm, böyüklük kimi qəbul etməyin. Bu alışqanlıq atamdan keçmiş ola bilər. Amma “çoxbilmişlik” həm də başına bəla açar insanın. Bunu ilk dəfə 14 yaşımda qələm götürüb kəndin problemləri haqqında “Kirpi” jurnalına yazdığım zaman anladım. Məktubun sorağıyla Komsomol Komitəsindən atama gələn zəngdən sonra “özbaşınalığımın” hesabını az qala “övladlıqdan rədd edilmə” ilə ödəyəcəkdim. Indi bunu xofla xatırlasam da, etiraf edim ki, həyatım boyunca qazandığım bütün yaxşı şeylər məhz o insanın “oxu kitabları” sayəsində olub. Görünür ki, kitab hər şeydən öncə yenilik və inkişafa, düşüncə açıqlığına səbəb olduğu üçün qorxuludur. Kitab azad, gözüaçıq, “asi”, dikbaş insanlar yetişdirdiyi üçün qorxuludur. Oxumuş adamla oxumamış adamı aldatmaq, haqqını yemək, yalanla gözünə kül üfürmək və ya boyun əydirmək arasındakı fərq nə qədər böyükdür?

ÿƏslində, bu gün ölkədə kitaba olan hörmətlə söz adamlarına olan hörməti tərəziyə qoysaq, elə çəkiləri bərabər gələr. Son 4-5 ildə sosial şəbəkələrin çevik axınında daha yaxından izləmək imkanı qazandığım istedadlı simaların zor güzəranı bunu deməyə əsas verir. Ən azı adını çəkə biləcəyim beş-altı belə gözəl şair var ki, izlədiyimə görə, onların da enerjisinin çoxu gündəlik məişət problemlərinə gedir. Evsizlik, kirayədən-kirayəyə daşınmaq, fəsildən-fəsilə yığılan borcların üzüntüsü içində yaşlanmaq kimi dərdlər var bu qələm sahiblərinin həyatında. Belə istedadların yeganə ümid yeri olan “Qanun”un kitabını da bağlamaq qərarı verildi. Sıra “Əli və Nino”ya çatıb indi də. Artıq bu, böyük fəsadlar yarada bilən ciddi və vahiməli bir məsələdir. O vahimənin kölgəsi də hər şeydən çox yazarların başının üstündə dolaşır…

Təəccüblü nədir ki? Hər şeyin inhisarda olduğu ölkədə kitab inhisarı niyə olmasın? Nə bilmişdiniz, belə yerdə azad yazar və ya azad naşir olmağın bir məhşər ayağına çəkilməyi də var axı. Amma doğrudur, məhşərdə hər kəsin kitabı ayrı olacaq. Inansanız da, inanmasanız da…