“Xalqın adından danışma!” deyib xalqı susdurmaq…

Ötən günlərdə ölkədəki haqsızlıqları müzakirə edirdik və ictimaiyyətin yaxşı tanıdığı bir nəfər söhbətimizə müdaxilə edərək, mənə irad tutdu ki, xalqın adından danışmayım. Gözlənilməz deyildi, xüsusən də ona görə ki, belə iradları həmişə eşitmək olur. Ümumiyyətlə, xalqın haqlarını tapdayan və sərvətlərini oğurlayan rejimlər həmişə bu dəlili işə salır. Cəmiyyətin və xalqın üzləşdiyi haqsızlığı dilə gətirirsən, o saat haray-həşir başlayır ki, xalqın adından danışmayaq. Susdurmağın bir yolu da budur. 

Əvvəllər belə irada hövsələ ilə cavab verir, mahiyyəti üzrə  izaha və aydınlaşmaya keçirdim. Bu dəfə emosional bir vəziyyət yarandı və həmin adamın sözünü ağzında qoydum:

– Siz kimsiniz ki, mənə danışmamağı tərcih edirsiniz. Xalq bilər, mən bilərəm.

– Mən xalqın bir üzvüyəm, – deyə, bu adam maraqlı bir cavab verdi.

– Mən də xalqın üzvüyəm, odur ki, siz mənə nəyisə qadağan edə bilməzsiniz. 

Nəhayət, mən “xalqın adından danışa bilməzsiniz” diskursunu mahiyyəti üzrə davam etdirdim.

Birincisi, biz xalqın adından danışmırıq, xalq olaraq danışırıq. Problemlərimizi, narazılıqlarımızı, dərdlərimizi, arzularımızı. 

Ikincisi, xalqın adandan rəsmi bəyanat, müraciət vermək, danışıqlar aparmaq kimi konstitusiya rəsmiyyətini xalqın dərdlərini dilə gətirməklə səhv salmaq olmaz. Bu mənada, biz xalqın adından danışa bilərik və danışmalıyıq. Bu cür danışıqlara isə kimsə qadağa qoya bilməz. Buna görə heç bir qanun və məcəllədə məsuliyyət nəzərdə tutulmur. Söz azadlığı elə budur. 

Odur ki, bizdə tez-tez səslənən “Xalqın adından danışma!” iradları yalnız və yalnız xalqın özünü susdurmaq üsuludur. Bəyəm, biz xalqın adından rəsmi qərarlar, bəyanatlar veririk? Diplomatik görüşlər keçiririk? Sazişlər imzalayırıq?

Biz xalqıq və danışmalıyıq! Əksinə, pis odur ki, heç də hamımız danışmırıq. Böyük qismimiz şəxsi söhbətlərdə dediyini ictimai yerlərdə, mətbuatda söyləyə bilmir. Hətta ciddi bir qrup da öz evində pıçapıçla danışır. Bəli, basqılar və təhlükələr var sözə görə. Amma yenə də danışmalıyıq. 

Məgər hərə yalnız öz adından danışsa, səsi boğulanların halı nə olacaq? Dəstəyə, köməyə ehtiyacı olanların harayına kim hay verəcək. Əksəriyyətin xəbərsiz olduğu, yaxud hələ dərk etmədiyi ictimai problemləri kim dilə gətirəcək? Haqsız və mənasız iradlar adi məntiqi təhlilə tab gətirmir. Tutaq ki, mən deyirəm: yeni pensiya qanunu xalqın ziyanınadır. Deməməliyəm?

Danışarkən bizə yalnız və yalnız bir irad tuta bilərlər. Danışdığımız yalan olduqda və ictimai maraqlara təhlükə yaratdıqda. Başqa hallarda, başqa növ bir iradı bizə qarşı kimsə söyləyə bilməz. Bir başqaları da bizə öz fikrini, öz mövqeyini söyləyə bilər. Amma kimsə, hətta məhkəmə də bizə öz xalqımızın dərdlərini və arzularını dilə gətirməyi qadağan edə bilməz. Insan dediyi sözə görə cəzalana da bilər, amma onun yenə söz demək hüququ əlindən alına bilməz. Danışmaq bizim qadağan oluna bilinməyəcək haqqımızdır. Bu elə bir haqdır ki, hətta bütün ölkə əhalisi yığışıb da bu qadağanı qoya bilməz. Danışmaq qadağan oluna bilməz, vəssalam!

Üstəlik, biz elə dövrə gəlib çıxmışıq ki, indi danışmamaq və susmaq xalqa böyük ziyan vurur, daha doğrusu, onun ziyan və ağrılarının davam etməsinə xidmət edir. Nə vaxtsa, yazılarımın birinə başlıq kimi düşündüyüm bir sözü təkrar etməyi sevirəm: indi susmaq yalan danışmaqdır. Indi bu dövrdür. Xalq olaraq danışmaq dövrümüzdür.