Əli Kərimli Azərbaycan hakimiyyətindən aydın mövqe tələb etdi
“Aydın mövqeyi olmayanların heç vaxt gerçək dostları və müttəfiqləri olmur”
Martın 16-da Krım Muxtar Respublikasında Ukraynadan ayrılmaqla bağlı referendum keçiriləcək. Bununla da Rusiyanın Krımı Ukraynadan qoparmaq planı zahirən həyata keçmiş olacaq. AXCP sədri Əli Kərimli yaranmış vəziyyəti şərh edib, Rusiyanın nəyə nail olduğu və ola biləcəyi, Ukrayna hökumətinin tutmalı olduğu mövqe, eləcə də Azərbaycan hakimiyyətinin bu məsələyə münasibətdə etməli olduqları barədə fikirlərini bölüşüb. Onun Facebook səhifəsində paylaşdığı fikirləri dərc edirik:
“Diplomatik səylər fayda vermədi. Sabah ruslar Krımda referendum keçirib, Rusiyaya birləşməklə bağlı qərar verəcəklər. Krımı Ukraynadan almaqda Rusiya qərarlı görünür. Məsələ ciddidir və bizə də birbaşa aidiyyatı var. Münaqişənin bu mərhələsi ilə bağlı bəzi fikir və qənaətlərimi sizinlə bölüşmək istəyirəm.
1. Əvvəla, qeyd edək ki, vəziyyət 2 həftə bundan əvvəlki ilə müqayisədə xeyli aydın və müsbətdir. Belə ki, Rusiya hökuməti martın 1-də parlamentdən ordunu Ukraynaya yeritmək icazəsi alanda maksimalist planlar qururdu – Yanukoviçin hakimiyyətini Ukraynada zorla bərpa etməyi və ya Cənub-Şərq vilayətlərini Ukraynadan qoparmağı planlaşdırırdı. Lakin Qərbin birmənalı mövqeyi və Ukraynanın yeni hökumətinin öz hakimiyyətini ölkənin cənub-şərqində sürətlə möhkəmlətməsi Rusiyanı daha böyük iddialardan geri çəkilməyə məcbur etdi. İndi Rusiya minimum proqramla hərəkət edir. Özü birbaşa müharibəyə girmədən, Krımda yaşayan rusların əli ilə, separatizmi dəstəkləməklə Krımı Ukraynadan qoparmaq istəyir.
2. Əvvəlcədən də gözlənildiyi kimi, Rusiya bu münaqişədə itirə-itirə məğlubiyyətə gedir. Onu qeyd etdik ki, artıq Rusiyanın Ukraynanı öz nəzarətinə keçirməsi mümkün deyil. Krımın bu şəkildə Ukraynadan qoparılması isə Ukraynanı əbədi itirməklə, bu xalqın nifrətini qazanmaqla müqayisədə çox xırda təsəllidir. Üstəlik bu xırda “qənimət”ə görə Rusiyanı ciddi sanksiyalar, siyasi təcrid və iqtisadi böhran gözləyir.
3. Rusiya mədəni elitası və demokratik müxalifəti bu ağır sınaqlardan üzüağ çıxmaqdadır. Rusiya cəmiyyəti nümayiş etdirir ki, rus xalqı daha yaxşı hökumətə haqq edir. Onlar imkanları daxilində hakimiyyətin yanlış siyasətinə müqavimət göstərirlər, Ukrayna ilə müharibəyə qarşı olduqlarını, ümumbəşəri dəyərlərə, beynəlxalq hüquqa sədaqətlərini nümayiş etdirirlər.
4. AXCP və Milli Şura olaraq Ukraynanın müstəqiliyini və ərazi bütövlüyünü, eləcə də yeni hökumətini tam dəstəkləyirik. Biz bir millət olaraq, əlbəttə ki, Krım tatarlarının da taleyindən nigaranıq.
Bununla yanaşı qeyd etməliyəm ki, Ukrayna hökuməti Krımın üzərində öz suverenliyini təmin etmək üçün daha qətiyyətli addımlar atmalı idi. Təcrübə göstərir ki, Krımın işğalı başa çatacağı təqdirdə, heç kim onu alıb Ukraynaya qaytarmaq üçün Rusiya ilə savaşmayacaq. Ukrayna hökumətinin hazırkı ləngliyi davam edəcəyi təqdirdə, Krımın da taleyi məsələn, Qarabağın və Cənubi Osetiyanın taleyi kimi olacaq.
5. Azərbaycan hökumətinin də mövqeyi aydın olmalıdır. Heç kim hökumətdən radikal bəyanatlar və hərəkətlər tələb etmir. Amma potensial strateji müttəfiqimiz olan Ukraynanın torpaqlarının parçalanmasına biganə qalmamalıyıq. Eləcə də, Krım tatarlarının taleyi ilə bağlı rəsmi Bakı Türkiyə, Ukrayna və Rusiya ilə ciddi məsləhətləşmələr keçirməli, Krım Tatar icması ilə birbaşa əlaqələri gücləndirməlidir. Unutmayaq ki, aydın mövqeyi olmayanların heç vaxt gerçək dostları və müttəfiqləri də olmur.
6. Xalqımızı “Rusiya Ukraynadan sonra Azərbaycana gələr” tezisi ilə qorxudub, daha da gözüqıpıq etmək lazım deyil. Rusiya zatən, Ukraynadan qabaq Azərbaycanda olub ki, Qarabağ işğal olunub. Rusiya, hazırkı aqressiv siyasəti uğur qazanarsa, Azərbaycana yenidən gəlmək üçün bəhanə tapar. Odur ki, sivil dünya ilə birlikdə hərəkət etmək lazımdır. Hamı ilə birlikdə elə hərəkət etmək lazımdır ki, Rusiya rəhbərliyi Ukraynayla münaqişədə belə aqressiv siyasətin müasir dünyada keçmədiyini başa düşsün, Ukraynadan sonra da “getməyə” yer axtarmasın. Bu, bizim üçün ən böyük təminat olar”.



