«Şifrələrə görə, İsgəndəriyyə kitabxanasını dağıdan ikinci Əliyev deyib ki, kitabı yazıb tarixə düşə bilmirsənsə, onda kitabyazanların kitabını bağla»
Tam səmimi deyirəm ki, qorxuram. Özü də indiyə kimi bu qədər dərin bir hiss keçirdiyimi xatırlamıram. Mənim yeniyetməlik və ilkin gənclik illərimdə, yəni 1990-ların sonu 2000-ci illərin əvvəllərində kitab oxuyan adama bir ad verirdilər – axmaq. “Alverçi” (bunun həqiqi biznesə heç bir dəxli yoxdur) düşüncəsi və ən başlıcası kitabın qazanc gətirməməsi kitab oxuyanların kürəyini yerə vurmaqdaydı. Kitab oxuyanlar uzun müddət postsovet ölkələrində evə pul gətirə bilməyib saqqızsatan qonşusundan borc alıb, külfət yanında biabır olan müəllimlə assosasiya olunurdu.
O zaman mən qorxmurdum. Yadımdadır ki, mənim oxumağım üçün valideyinlərim böyük bir təsərüffatdan imtina edib kənddə qalmağı seçdilər. Mənim oxumağım həm də onların jestinə vəfa borcum idi, ta ki özüm dərk edənə kimi. Qorxmurdum ona görə ki, oxumağa qarşı inzibati müharibə yox idi. Sizcə bir tərcüməçini çağırıb “filan kitabı tərcümə etməkdə məqsədin nədir” deməklə orta əsrlərdə Qalileyə “niyə yer fırlanır deyirsən?” deməyin arasında nə fərq var? Zamandan başqa heç nə. Hər ikisi kitabı mühakimədir, hər ikisi dindən çıxmışların qurduğu mühakimədir, hər ikisi qorxunun qurduğu məhkəmədir. Mən inkivizisiyanın geri dönüşündən qorxuram. Indi “kilsənin” qara geyimliləri hər birimizin qapısını çalıb soruşa bilər – öyrənmək istəməkdə məqsədin nədir? Sən kimsən ki, icazəsiz oxuyursan? Bilmirsən ki, filankəslərdən başqa kimsə oxuya bilməz? Sən şeir yazırsan? Bilmirsən ki, bu ilahi qüdrət yalnız ONLAR-a verilib? Hüqonun “Səfillər”ində bir məqam hər zaman beynimdə dolaşır; Konvent üzvü ilə keşişin dialoqunda keşiş deyir:
– Siz Lüdovikin qadınını və uşaqlarını qətl elədiz, axı Isa buyurub ki, qadınlara və uşaqlara rəhm edin.
– Bəs Lüdovikin acından və soyuqdan, qəddarlıqdan ölümə tərk etdiyi qadınlar və uşaqlar necə, Isanın təbəələri deyildilərmi?
Bəli, budur faciənin başlanğıcı, inanc tərəf tutur, din dinsizləşir. Güc, Tanrını “alır”. Bilməyəni yönləndirmək şeytanın işidir. Cahillik şeytana xidmətin ilk pilləsidir. Qaranlığa doğru bir şam yandırmadan addımlamaq sonunda bir uçurum olmasa belə, faydasızdır, günəşi, aydınlığı dərk etməməkdir. Qorxuram, çünki bizi şeytana doğru itələyirlər, oxuyan insanların içindəki günəşdən qorxurlar. Bütün bunlar siyasət deyil, siyasət daşsa-daşsa bunun topuğuna çatar. Bu şeytana könül verməkdir.
“Qanun” nəşriyyatı dayansın
Şahbaz Xuduoğlu haqqında neçə il bundan qabaq bir neçə cümlə yazmışdım. Səhv xatırlamıramsa, “Mösyö Jordana qoşulub Fransaya elm (kitab) dalınca getmək istəyən Şahbazın adaşına yenə bizim ”Pariji partladanlar mane oldu” kimi fikirlər idi. O zaman da onun nəşriyyatını yoxlayırdılar. Adamlar, siz hüquqi dövlətin hər tərəfini düzəltdiz, qaldı kitab çapı? Şahbaz orda silah istehsal eləmir ki, kitab istehsal eləyir. Nədən qorxursuz? Niyə hikkəlisiz? Şahbazın kitablarını oxuyan gənclərin evindən “Molotov kokteyli” çıxmadığına qızmısız bəlkə? Düşünürsüz ki, bu yaxşı maarifçi deyil? Kəsilsin, sağ əli biləyindən bir qarış yuxarıdan. Sol qolu dirsəyindən bir qarış aşağıdan – o kitablar lazım deyil ki, sizi mədh eləmir. O kitablar ki, sizi mədh eləyir, onu da Şahbaz nəşr eləmir. Ona görə də nəyə lazımdır bu adamın gördüyü iş. Kimə lazımdır o romanlar, elmi ədəbiyyatlar? Bəziləri evdə oturub öz pəncərəsini palçıqlayır, elə bilir ki, günəşin üzünü qapayır – zavallılar, o palçıqlar bir gün kəsək olub öz başınıza töküləcək, o günəş onsuz da işini görəcək. Bu qaranlıq dünyadan qopmağa bir şans olanda da onu əlinizlə qapamayın. Imkan verin sizi oxumuşlar əvəzləsin. Sizi oxumuşlar dəyişsin, sizə oxumuşlar etiraz eləsin. Siz nə istəyirsiz, cəngəllik yaratmaq istəyirsiz? Qorxmursuz bunun sonundan? Düşünmürsüz ki, yaratdığınız növünüyeyənlər ordusu bir gün sizə qənim olacaq? Ağıllı adamlardan qorxmaq bir xəstəlikdir. Toplumu bu üşənmə içərisində idarə etmək çox qorxuldur və mən sizin bu üşəntinizdən qorxuram.
Gələcəyə inanmaq dini
Bir müddət öncə miniatür kitablar haqqında bir yazıya baxmaq şansım oldu. Nə yalan deyim, düşündüm ki, görəsən biz o çağa doğru gedirikmi ki, hansısa xüsusi texnologiya tapaq, yazılarımızı gizləyək, insanlar arasında asan yayaq. Əslində, qəzet, jurnal, kitab satılan yerlərin belə dağıdılmasını görəndə o günü də gözdən keçirməmək olmur. Bu gün kitab çapına vergi yolu ilə mane olurlar. Amma günün birində “dedim ki olmaz” deməyəcəkləri nə məlum? O zaman yəqin ki, biz də yazılarımızı südlə yazıb sonra çırağa tutmaqdan başlamış daha qədim üsullara kimi hər şeyi gözdən keçirə biləcəyik. Tarix təkrarlardan ibarətdir, bir də baxdınız ki, hansısa mühəndiz göydələn tikərkən birimizin bir yazısını naxış kimi həkk etdi divarlara ki gələcək nəsillər onu oxuyub bu nəticəyə gəlsinlər: “Şifrələrə görə Isgəndəriyyə kitabxanasını dağıdan ikinci Əliyev deyib ki, kitabı yazıb tarixə düşə bilmirsənsə, onda kitabyazanların kitabını bağla”. Bilirəm bir az ağıllı cümlə oldu, amma neynəyək ki, başqasının əvəzinə tam düşünmək mümkün olmur. Amma bizim dinimizdə gələcəyə inam var (Ilahi din daşıyıcılarından xahiş edirəm, bu ifadələrin məcazını qəbul etsinlər). Gələcəkdə isə hər şey var, amma bircə keçmiş yoxdur. Gələcəkdəki xanlar, padşahlar məhşur Sovet Azərbaycanı filmindəki kimi, şüşənin altında ola bilərlər, eksponat kukla kimi. Mən də heç inanmaq istəmirəm ki, “Qanun” nəşriyyatına Ilham Əliyevin göstərişi ilə hücum edirlər. Amma niyə baş verənlər məni inanmaq zorunda qoyur. Nədir bu? Qoy bir nəfər bu yazını oxuyan özündə güc tapsın və ona desin ki, sizi çox ağır suçda ittiham edirlər, tarixə çox pis düşmək təhlükəsi var, buna imkan verməyin.
Balalarımızı öldürürlər
Insan öz şüurlu mahiyyətini itirincə ölür. Bu dəqiqdir. Insanın ölümü məntiqi inkar ilə başlayır. Ona görə də fikir adamları haqqında “o, ölməyib, yaşayır” deyəndə qulağa yad gəlmir. Kim deyə bilər ki, Platon ölüb? Amma çətindir demək ki, bütün məntiqi şüuru inkar edən hansısa despot yaşayır. Çox çətindir. Kitabsızlarla savaşmaq isə daha çətindir. Qorxuludur.