Milli Şuranın tədbirlərinin qarşısını almaq üçün inzibati addımlar atılır
Xəbər verildiyi kimi, “Vətən uğrunda” qəzetinin təsisçisi və baş redaktoru Rövşən Əhmədli fəaliyyət göstərdiyi ofisindən çıxarılıb. Bu barədə virtualaz.org-a R.Əhmədli özü məlumat verib. R.Əhmədli sayta hadisənin necə baş verdiyini də danışıb.
Bəlli olub ki, yanvar ayının sonunda burada Milli Şuranın Koordinasiya Mərkəzinin iclası keçirilib. Fevralın 5-də növbəti toplantı da Salatın Əsgərova, 211 ünvanında yerləşən ofisdə olub. Həmin gün Rüstəm Ibrahimbəyovun 75 yaşı tamam olub və bu münasibətlə iclasda təbrik səsləndirilib. Səhərisi gün ofisin sahibi müqavilə şərtini pozaraq qəzetdən oranı tərk etməyi tələb edib. Baş redaktor qeyd edib ki, fevralın 6-da ofisdən çıxarılandan sonra ora qayıdanda görüb ki, açarları dəyişiblər. Ona əmlakı ofisdən götürmək imkanı da verməyiblər. R.Əhmədli ofisdən çıxarılmasını Milli Şuranın iclasının orada keçirilməsiylə bağlı olduğunu vurğulayıb. Baş redaktor bununla bağlı məhkəmə qaydasında mübarizə aparacaq.
AXCP Rəyasət Heyətinin sədri Həsən Kərimov qeyd edir ki, hakimiyyət insanlara qarşı belə yol tutmaqla Milli Şuranın dağılması, tarixdən birdəfəlik silinməsi niyyəti güdür. Lakin bu qurum qorunub saxlanaraq daha da güclənir. Həsən bəy yada salır ki, Milli Şuranın 20 Yanvar və 26 fevral Xocalı soyqırımını yad etməsi hakimiyyəti təbii ki, özündən çıxararaq ona gücünü göstərib:
“Ona görə də AXCP-nin qərargahında törədilən terror aktı əslində, hakimiyyətin özünün planı idi. Milli Şuranın bir çox tədbirləri orada keçirilirdi və AXCP-ni ofissiz qoymaq məqsədyönlü bir plan idi. R.Əhmədlinin ofisindən çıxarılması da AXCP-nin qarşılaşdığı hadisənin davamı, bu planın tərkib hissəsi idi”.
H.Kərimov söyləyir ki, baş verən hadisələr Milli Şuranın heç bir yerdə yerləşə bilməməsi, toplanmasına mane olmaq, onun fəaliyyətinə kölgə salmaq istiqamətində hakimiyyətin atdığı addımların tərkib hissəsidir.
Tanınmış kinossenarist Eldəniz Quliyev qeyd edir ki, məntiqlə baxanda, hakimiyyət qarşı tərəfdən çəkindiyi üçün onlara qarşı bəlli addım atır. Eldəniz bəyin qənaətincə, AXCP-nin ofisinin partladılması, qanunsuz şəkildə sökülməsi də bu hakimiyyətin əndişəsini qabarıq şəkildə göstərir:
“Deməli, hakimiyyət çəkindiyini nümayiş etdirir. Ziyalılar Birliyinin tədbir keçirməsinə imkan verilməməsi və digər faktları da bu məqamda sadalamaq olar. Bu, demokratiyadırsa, heç nəyə yaramayan münasibətdir. Bəlli hadisələr hakimiyyətin təşvişindən xəbər verir”.
Nigar


