Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin iqamətgahında onun baş cangüdəninin məxfi gündəliyi tapılıb. Yanukoviçin mühafizəsinə rəhbərlik edən Konstantin Kobzarın bu gündəliyi çox maraqlı olması ilə diqqəti cəlb edir.
Virtualaz.org saytı Ukrayna nəşrlərinə istinadən bildirir ki, Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı olan K.Kobzarın gündəliyindəki qeydlər Yanukoviçin şəxsi həyatı ilə bağlı hələ indiyədək heç kimə məlum olmayan sensasion faktları gün işığına çıxarır.
Dəftərçədəki qeydlərin təhlili göstərir ki, K.Kobzar V.Yanukoviçin təkcə mühafizəçisi yox, həm də ən yaxın adamı, sirdaşı, köməkçisi və referenti olub. K.Kobzar devrilmiş prezidentin bütün əmr və göstərişlərini, həmçinin nüfuzlu adamların ona ünvanlanan telefon zənglərini dəftərinə səliqə ilə qeyd edirmiş.
Virtualaz.org saytı udf.by portalına istinadən bildirir ki, K.Kobzar V.Yanukoviçin tapşırığına uyğun hərəkət edərək devrilmiş prezidentə rüşvət kimi verilən iri məbləğdəki pulları da şəxsən özü alırmış.
K.Kobazrın bu sədaqəti sonradan lazımınca qiymətləndirildi. Yanukoviç onu yüksək vəzifəyə çəkdi. Yanukoviç 2009-cu ildə prezidentliyə namizədliyini irəli sürəndə Kobzar hələ leytenant idi. Cəmi 4 ildən sonra – 2013-cü ildə isə onun çiynində general-mayor ulduzu parlayırdı.
Yanukoviçin baş mühafizəçisinin dəftərçəsində yazılanlar Ukraynanın qaçqın prezidentinin dövlət başçısı postundakı son günlərini necə keçirməsinə də aydınlıq gətirir.
Orada yazılanlara görə, Yanukoviç Kremlin ssenarisinə bənd-bənd əməl edir, Moskvanın göstərişlərindən addım da kənara çıxmırdı. Onun Kiyevdən qaçış planı və yolları isə Maydandakı qanlı hadisələrdəın hələ bir neçə ay əvvəl müəyyənləşdirilmişdi. Yanukoviç yanvarın əvvəllərində Rusiya prezidenti Vladimir Putinlə həddən artıq gizli bir şəraitdə görüşmüşdü. Həmin məxfi görüşdə Ukrayna hakimiyyətinin fəaliyyət planı tərtib olunmuşdu. Bu plan Kiyevdəki etirazları amansızlıqla və tamamilə yatırmağı, habelə repressiyaların aparılmasını nəzərdə tuturdu.
Yanukoviç Yeni ili bayram etmək üçün müğənnilər Yelena Vayenqa və Oleq Qazmanovu Kiyevə dəvət etməyi də planlaşdırırmış.
K.Kobzarın dəftərçəsində Yanukoviçin Ukraynanı sonuncu dəfə hansı marşrutla tərk etməsi haqda da məlumatlar var. Belə ki, Yanukoviç təyyarəsinin enəcəyi məkan kimi Rusiyanın Novqorod vilayətindəki Xotilovo hərbi aerodromu göstərilib. Daha sonra bloknotda aşağıdakı marşrutlar qeyd olunub: Qostomel-Xarkov-Xotilovo, Julyanı-Bryansk-Xotilovo və Julyanı-Donetsk-Xotilovo.
Dəftərçədə həmçinin belə bir qeyd var: “Bizim üçün təyyarə göndərin”.
Aydın məsələdir ki, burada söhbət Rusiya təyyarəsinin göndərilməsi variantından gedir.
Yanukoviçin mühafizəçisinin bloknotundakı qeydlərdən o da məlum olur ki, devrilmiş prezidentin yüksək rütbəli qonaqlarının mobil telefonlarının kameraları xüsusi örtüklə bağlanırmış.
Dəftərçədəki qeydlərdən məlum olur ki, Yanukoviç “Ukrainskaya pravda” qəzetindəki bir məqalədən narazı qalıb. O, buna görə hətta baş prokuror Pşonkaya da zəng vurubmuş. Söhbət 30 noyabr hadisələrinə həsr olunmuş bir məqalədən gedir. Həmin məqalədə Avromaydana hücumda əli olmuş məmurların dindirilməsi protokollarından bəhs edilirdi.
“Bu qədər istintaq sənədi “Ukrainskaya pravda” qəzetində haradan ola bilər axı? Bunu araşdırın. Pşonkaya saat 14:00-dan sonra zəng vurmalıyıq” – deyə Yanukoviçin general rütbəli mühafizəçisi şefinin göstərişlərini dəftərçəsinə qeyd edib.
Bloknotun digər səhifələrində Maydan böhranının ən qızğın vaxtlarında Yanukoviçin qəbuluna düşmək istəyən adamların siyahısı var.
Adlar özlüyündə çox şeydən xəbər verir. Kurçenko və Surkis görüşməyi xahiş edirlər. Kaufman hesabat vermək və Yanukoviçi Yeni il münasibətilə təbrik etmək üçün ağız açır…
Bəs bu adamlar kimlərdir?
Kurçenko Yanukoviçlər ailəsinin kassiridir. Surkis Kiyevin “Dinamo” futbol klubunun keçmiş prezidentidir.
Kaufman odessalı biznesmendir. Onu Yanukoviçlər ailəsinin Borispol, Odessa və Simferopol aeroportlarındakı biznesinin, habelə “Prezident otel”in idarəçisi kimi tanıyırlar.Mejiqorye iqamətgahının mühafizəsinə cəlb olunmuş xüsusi təyinatlı döyüşçülərin sayı barədə məlumatlar Yanukoviçin baş cangüdəninin qeydlərində ayrıca bölmədə yer alıb. Belə məlum olur ki, Mejiqoryeni qorumağa 700 xüsusi təyinatlı və iki zirehli hərbi texnika cəlb edilibmiş!
Bloknotun daha bir səhifəsində yalnız iki qeyd var: Rusiya mobil operatoruna məxsus telefon nömrəsi və “Yevgeni Viktoroviç” sözləri. Böyük ehtimalla burada söhbət Rusiya Federasiya Şurasının sədr müavini Yevgeni Viktoroviç Buşmindən gedir. Axı Yanukoviçin qaçdığı Rostov vilayətini Senatda Buşmin təmsil edir…
Dəftərçədəki növbəti qeyd daha maraqlıdır. Orada yazılanlardan belə məlum olur ki, hətta Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəhbərliyi də qaçmağa hazır imiş. Onlar Ukraynanın hərbi sirlərini ölkədən kənara çıxarmalı imişlər. Bu isə hətta xüsusi xidmət orqanları da dəhşətə gətirən faktdır…


