Ölkənin yeraltı dünyası çalxalanır. Buna səbəb təkcə bu dünyanın kralının, keçmiş kralının – Tağı Əhmədovun vəzifədən uzaqlaşdırılması deyil. Bir gələn, bir gün getməlidir. Bu sözlər dünyaya gəlib-getməklə bağlansa da, əslində, vəzifəylə də əlaqələndirmək olar…
Dünyanın hər yerində, müsəlman dünyası, demək olar, istisnadı, vəzifəyə həyat əhəmiyyətli obyekt kimi baxmırlar. Ən adi səbəb belə vəzifənin itirilməsi, yaxud adamın özünün vəzifədən könüllü getməsi – istefasıyla sonuclanır. Əxlaq başqadır. Hər hansı məsələdə özünü zərrə qədər suçlu bilirsə, adam bunu vəzifəsinin öhdəsində layiqincə gəlməmək kimi qəbul edir və… gedir. Insan həyatı ilə bağlı məsələlərdə onlar daha həssas olurlar. Axı ondan qiymətli heç nə yoxdur.
Məsələn, bugünlərdə hamını göynədən hadisə gənc qızın – Nərmin Həsənlinin həkim məsuliyyətsizliyi ucbatından ölümü oldu. Azərbaycan səhiyyəsi onu bu dünyadan vaxtsız apardı. Sivil dünyanın istənilən ölkəsində belə hadisə baş versəydi, nazir ictimaiyyətin təpkisini gözləmədən istefa verərdi. Ancaq bizdə tükü tərpənən oldumu? Bəlkə, heç Oqtay Şirəliyevin bu ölümdən hələ də xəbəri yoxdur. Kim bilir?!
Ölkənin prezidenti Nərmin ölən gün Bulvarda yelləncək açılışı edirdi. Həmin dediyimiz dünyanın istənilən ölkəsində bələdiyyə başçısını yelləncək açılışına dəvət etsən, ən azı yaxşı cavab almazsan. Çünki onun daha vacib işləri var. Seçicilərinin qayğısına qalmaq, onları dinləmək, problemlərini həll etmək, növbəti seçkidə yenidən seçilmək üçün öhdəlikləri vicdan borcu var.
Yeri gəlmişkən, Ilham Əliyevin açılışını etdiyi yelləncəkdə əylənmək üçün Nərminin yaşıdları 6 manatlarından keçəcəklər. Nərmininsə bundan xəbəri olmayacaq. Çünki onun ölkəsinin prezidenti nərminlərin sağlamlığının, xoşbəxtliyinin qayğısına qalmır, özünün, ailəsinin varlı həyat sürməsinə çalışır. Ailəsi üçün bu ağır, zəhmət tələb edən işdən vaxt tapanda yelləncək, yeraltı, yerüstü keçid, yolların bir neçə kilometrliyinin açılışı və s. xalqımız üçün gərəkli tədbirlərə qatılır.
Dünən saytlar yzmışdı ki, “Azəryolservis” rəhbəri Cavid Qurbanov zobdan əməliyyat olunub. Mərkəzi Klinik? Yox! Kaspar? Yox! Neftçilər? Yox! Gömrük hospitalı? Yox, yox, yenə də yox! Avstriyada.
Regionun lider dövlətində – Azərbaycanda belə yüngül əməliyyatlara baş vurmurlar. Yadınızdadır, bir neçə ay qabaq media-maqnat, ona PA-nın ictimai-siyasi şöbəsinin müdiri, son çağlar “nurçu”ların hamisi də deyirlər – Əli Həsənov ürəyini gecə-gündüz söydükləri Almaniyada şuntlatdırmışdı. Ümummilli liderləri demokratiyasına nifrət etdikləri ABŞ-da əməliyyat olunmuşdu. Saymaqla bitmir, bütün məmurlar dərdlərinə çarəni ağır dərdə saldıqları ölkədən – Azərbaycandan kənarda axtarırlar.
Bakının dərdi var, Bakı xəstədir…
Bakı çoxdan xəstəliyə salınıb. Çarəsi onun sakinlərindədi. Özləri dərdlərinə əlac eləməlidirlər. Salındıqları bəladan qurtulmalıdırlar. Bir neçə gündür Bakının altı çalxalanır. Yox, neftdə, qazda o hay qoymayıblar ki, şəhəri çalxalasın. Yeraltı dünyanın keçmiş kralının işdən uzaqlaşdırılması orada çaxnaşma yaradıb. Illərdir qaranlığa, yerin altına “gömülmüşlər” indi işığa çıxmağa başlayıblar. Səbəbsiz deyil, onların yeraltı dünyasına əl uzadılıb. Nə yazıqlar ki, biz yalnız növbəmiz çatanda başımızı qaldırırıq. Səsimizi ucaldırıq, həm də başqalarının da səsimizə səs verməsini istəyirik, özümüz başqalarının səsinə vaxtında səs verməsək belə…
Qabaqkı illərdə ətrafımızda baş verənlərə biganə qaldığımız, seçkiyə getmədiyimiz, haqqın yanında olmadığımız, başqalarına edilən ədalətsizliyə susduğumuz kimi. “Binə”dəkilər qalxanda “Sədərək”dəkilər, elə metro keçidlərindəkilər susduğu kimi…
Çalışın səsiniz gəlsin. Bu həm də həyat əlamətidir!