Ey gözəl Krım…

Bu gün başında qara buludlar dolaşan Krımın tarixinə göz atanda insanın içindən dərin bir ah keçir. Krım tatarlarının tarixi o qədər şanlı səhifələrlə doludur ki, saymaqla bitməz. Bu həmin xalqdır ki, əfsanəvi hökmdarı Mehmed Giray Moskvanı mühasirəyə alıb rusları məğlub edərək(1521), onları I Pyotr zamanına kimi vergi verməyə məcbur etmişdi. Başqa maraqlı bir faktı da qeyd etmək yerinə düşər. O dövrdə Krım xanlığı üçün ən önəmli gəlir qaynaqlarından biri köləlik idi. Rusiya və Qafqaz ərazilərindən əsir götürülən insanların bazarlarda satılmasından böyük gəlir gəlirdi. Tarixi mənbələrə görə Krım xanlığı dövründə bazara çıxarılan belə kölələrin sayı 3 milyona çatmışdı. Bu kölələrdən biri də Osmanlı tarixinə ən ünlü adlardan biri kimi düşən Hürrəm Sultan olub…

Indi dünya gündəmi bu xalqı rus əsarəti təhlükəsindən xilas yollarını müzakirə edir. Krım tatarlarının lideri Mustafa Cəmilin Kremlə danışıqlara dəvət olunduğunu eşidəndə bu əhvalatı xatırladım. NASA 1966-cı ildə aya uçacaq “Apollo” kosmonavtlarına təlim keçmək üçün onları qızıldərililərin yaşadığı ərazilərə aparır. Yaxınlıqda nəvəsi ilə qoyun otaran bir qızıldərili bu əcaib adamlara heyrətlə baxınca, NASA təlimçilərindən biri onların yanına gəlir. Çoban ingiliscə bilmədiyi üçün oğlu vasitəsiylə əcaib adamların nə olduğunu soruşur. NASA təlimçisi də “o adamlar aya gedəcək kosmonavtlardır, təlim keçirlər” deyir. Çoban çox həyəcanlanır, kosmonavtlarla aya bir mesaj yollamağın mümkün olub-olmadığını soruşur. Təlimçi bunun çox orijinal bir şey olacağını düşünüb razılıq verir. Adamın mesajını oğlu Navoca dilində bir kağıza qeyd edir. Təlimçi uşaqdan atasının  mesajını tərcümə etməyi istəyincə rədd cavabı alır. Daha sonra mesajı başqa qızıldərililərə oxutmaq istəyincə, hər kəs boyun qaçırır. Sonda bir nəfər pul müqabilində yaşlı adamın mesajını tərcümə edir. Mesajda belə yazılmışdı:ÿ”Bu adamlara diqqət edin, torpaqlarınızı ələ keçirməyə gəldilər…”

Təbii, Mustafa Cəmilə belə bir mesaj yollamağa gərək yox. O, tarixin altını da, üstünü də gözəl bilir, Rusiyanın cikinə-bikinə də yaxşı bələddir. Altı aylığında Stalinin əmriylə sürgünə göndərilən tatar köçünün içində olub. Daşkənd universitetində oxumaq istəyi “sovet dövlətinə xəyanət edən bir xalqa mənsub olduğuna” görə rədd edilib. Gəncliyində insan haqları mücadiləsinə görə dəfələrlə sürgünə və həbsə göndərilib. 

Indi də ki, durum məlumdur. Putin tatarların liderini sevdiyindən Kremlə çağırmayıb. Hər halda, onları öz tərəfinə çəkmək istəyir və bunun üçün nəsə təklif edəcəyi gözlənir. Buna geniş mənada Rusiyanın Krım uğrundakı yüz illər boyunca sürən mübarizəsinin davamı kimi də baxmaq olar. Ruslar bu torpaqla bağlı xəyallarından heç vaxt vaz keçməyiblər. 1783-cü ildə Krım işğal edildikdən sonra da, bu əsarəti qəbul etməyən xalqın mücadiləsi 10 ilə yaxın sürüb. 

Krımın taleyi bir az da Qarabağın taleyinə bənzəyir, dünyadakı bütün türk xalqlarının taleyi bir-birinə bənzədiyi kimi. Rusiya fürsət düşmüşkən, Krımı Ukraynadan qoparmaq, orada da bir ocaq açmaq istəyir. Tatar xalqı bu işğalı qəbul etməyəcək, şübhəsiz. Amma məsələ heç də asan deyil. Işdə rus barmağı olduğuna görə, problemin eynilə Qarabağ düyünü kimi on illərlə dalana dirənib qalmaq qorxusu var. Mustafa Cəmilin Putinlə danışıqlarından müsbət sonuc gözləməyə dəyməz. Durumu dəyişə biləcək yeganə yol Rusiyanın qətiyyətlə beynəlxalq hüquq normalarına əməl etmək məcburiyyəti qarşısında qoyulması ola bilər. Heç olmasa, bu dəfə dünya höcət Rusiyanın yeni bir Qarabağ yarası açmasına imkan verməməlidir.

Heç şübhəsiz, Krım məsələsində qəti söz söyləməsi gözlənən ölkələrdən biri də Türkiyədir. Kim bilir, bəlkə, elə onun sərt mövqe sərgiləməsi çox şeyi dəyişə bilər. Necə ki, əsrlər öncə Krım bazarında satılan bir kölə qız öz inadı və fərasəti sayəsində sultan olub, Osmanlı tarixini dəyişmişdi…