Avropa Birliyi Azərbaycana qarşı sərtləşəcəkmi?

Avropa Parlamentinin bir neçə gün əvvəl Strasburqda keçirilən plenar iclasında qəbul olunan qətnamə maraq doğurur. Qətnamədə qeyd olunur ki, «Avropa Birliyinin “Şərq tərəfdaşlığı” ölkələrinə münasibətdə yeritdiyi siyasət dəyişikliklər və islahatlar üçün yetərli olmayıb.

Sənəddə bildirilir ki, Gürcüstan və Moldova ilə münasibətlərin yaxşılaşmasına baxmayaraq, AB-nin proqram iştirakçısı olan ölkələrə dair siyasəti bütün gözləntilərə cavab verməyib. AP üzvlərinin fikrincə, AB-nin bu istiqamətdə siyasətinin dəyişməsinə ehtiyac var. Onlar AB-ni siyasi dialoq çərçivəsindən kənara çıxaraq “Şərq tərəfdaşlığı” ölkələri ilə birbaşa əlaqələr qurmağa imkan verəcək xarici siyasət dəyişikliyinə çağırıblar. Deputatlar hesab edir ki, vətəndaşlar üçün vizasız rejimin tətbiq edilməsinə, təhsil sahəsində mübadiləyə, gənclərin və gələcək liderlərin dəstəklənməsinə üstünlük verilməlidir.  

Bu baxımdan ekspertlər yaxın gələcəkdə Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» ölkələrinə münasibətinin dəyişəcəyini gözləyirlər. Bu dəyişiklik özünü nələrdə göstərə bilər? Azərbaycanla bağlı hansı dəyişiklik müşahidə oluna bilər?

Sülhəddin Əkbər: «Azərbaycanı həm AB, həm də NATO ilə əməkdaşlığa təhrik edən təzyiqlər aratacaq»

Azad Demokratlar Partiyası (AzDP) Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər bildirdi ki, hazırda həm ABŞ-da, həm NATO-da, həm də Avropa Birliyində Rusiyanın Ukrayna siyasəti ilə bağlı müzakirələr gedir. Bunun Rusiyanın postsovet məkanı ilə bağlı siyavsətinə yeni baxış olduğunu düşünən S.Əkbər vurğuladı ki, Rusiyaya olan münasibət sərtləşdikcə, aydınlaşdıqca «Şərq Tərəfdaşlığı» proqramı daha ciddi önəm kəsb edəcəkdir: «Azərbaycan da həm cəmiyyət, həm hakimiyyət, həm də müxalifəti ilə dünyada və regionda gedən məsələləri düzgün qiymətləndirməlidir. «Balans» siyasətindən əl çəkmək və seçim etmək lazımdır. Seçim etməmək etimadsızlıq yaradır. Azərbaycan həm Qərbdə, həm Şərqdə etimadsız tərəfdaşa çevrilir. Bu isə ölkəyə yaxşı heç nə vəd etmir».

Avropa Birliyinin «Şərq Tərəfdaşlığı»na diqqət artıracağını deyən S.Əkbər vurğuladı ki, ilk növbədə Avropaya inteqrasiyada maraqlı olan Ukrayna, Moldova, Gürcüstana diqqət artacaq: «Artıq Ukraynaya Avropa Birliyinə üzvlük perspektivindən söhbət gedir. Gürcüstanı isə NATO-ya üzvlük gözləyir. Azərbaycan isə rəsmi şəkildə elan edib ki, o, nə Avropa Birliyi, nə də NATO ilə əlaqələri dərinləşdirmək fikrində deyil. Amma təbii ki, Azərbaycanı hər iki təşkilatla əməkdaşlığa təhrik etmək istiqamətindəki siyasət davam edəcək. Digər tərəfdən də Azərbaycana Rusiyanın təzyiqləri artacaq. Cəmiyyətdən də ciddi təzyiqlər edilməlidir ki, hakimiyyət seçim etmək zorunda qalsın».

Leyla Əliyeva: «Avropa Birliyi «Şərq Tərəfdaşlığı» layihəsinin effektivliyini, reallaşdırılmasını artırmaq istəyir»

Politoloq Leyla Əliyevanın isə fikrincə, «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində ölkələrin üzərinə götürdüyü öhdəliklərlə bağlı real addımlar atmaması  yürüdülən siyasətin dəyişdirilməsini vacib edir. L.Əliyeva hesab edir ki, ona görə Avropa Birliyi bu siyasətinə yenidən baxır: «Avropa Birliyi «Şərq Tərəfdaşlığı» layihəsinin effektivliyini, reallaşdırılmasını artırmaq istəyir. Ona görə siyasətə yenidən baxılmalıdır. Amma burada mübahisəli məqamlar da var. Çünki «Şərq Tərəfdaşlığı» ölkələrindən Moldova ilə Gürcüstan həm Avropa Birliyinin üzvü olmaq istədiklərini bəyan edirlər, həm də lazımı islahatları reallaşdırıblar. Yəni doğurdan da bu dövəltlər Avropa Birliyinə inteqrasiya ilə bağlı real addımlar atırlar. Amma digər bir tərəfdən Ermənistan, Belarus və Azərbaycan Avropa Birliyinin üzvlüyünə can atdıqlarını heç zaman bəyan etməyiblər. Ona görə bu ölkələr arasında da seçim edəcəklər. Daha uğurlu islahatlar aparan ölkələrlə əməkdaşlığın növbəti mərhələsinə keçiləcək».

Avropa Birliyinin Azərbaycanla da bağlı siyasətinə artıq dəyişiklik etməyə başladığının hiss edildiyini deyən L.Əliyeva vurğuladı ki, Azərbaycan AB ilə assosiativ sazişi imzalamağı istəmir və əvəzində strateji əməkdaşlığa razı olduğunu bəyan edir. «Görünür, Avropa Birliyi Azərbaycanı tam itirməkdənsə, onun strateji əməkdaşlıq modelini imzalamağa üstünlük verir. Amma Azərbaycanın vətəndaş cəmiyyətinin mövqeyi ilə bağlı da bəyanatlar səslənir. Ona görə Avropa Birliyi üçün çətin seçim olacaq. Çünki vətəndaş cəmiyyəti assosiativ sazişin imzalanmasıyla bağlı təzyiqlər edirlər. Hakimiyyət isə strateji əməkdaşlıqla bağlı sazişdə maraqlıdır».

Xəyal