Türkel İlham Əliyevə işləsə…

Bu arada AXCP gənclərinin tuthatutunda gənc fəallardan biri itkin düşdü. Hamı güman edirdi ki, gec-tez onu da polis bölməsindən tapacaqlar. Elə də oldu, Türkel Əlisoy Binəqədi həbsxanasından tapıldı. Oradan yazdığı məktubda Türkel başına gələnləri danışıb. 

Bəlli olur ki, paytaxtdakı “Xəqani” Ticarət Mərkəzinin qabağında dörd nəfər onu tutaraq Xətai Rayon Polis Idarəsinə aparıb. Orada gənci vurub və təhqir ediblər. Israrla, döyə-döyə “Bizə işlə” deyiblər. Sonra da onu 35-ci bölməyə aparıblar. Rəis Cavid Usubov göstəriş verib ki, onu stula qandallasınlar. T.Əlisoyun əllərini və ayaqlarını stula qandallayıblar. Rəis deyib ki, 14 saat belə qalsın və ona yemək, su, siqaret verilməsin. Işgəncə daha sonra da davam etdirilib. Bundan sonra isə, Türkel Əlisoy polisə müqavimət adı ilə 20 sutka inzibati həbs cəzasına məhkum edilib.

Türkelin məktubunda bir məqam mənim diqqətimi daha çox çəkdi. Döyə-döyə, ona deyirlərmiş ki, “Bizə işlə”. Nə deməkdir, bu “Bizə işlə!” tələbi?! Son zamanlar bənzər tələbi Krımla bağlı xəbərlərdə oxumaq olur. Rus qoşunları Krımdakı yerli hərbi hissələri əhatəyə alır və tələb edirlər ki, Rusiyaya xidmət etsinlər. Rusiyanın elədiyinin adı bəllidir – işğal. Ona görə də, işğala daha rahat nail olmaq üçün Ukraynaya aid hərbi hissələri də özlərinə tabe etdirməyə çalışırlar. Deməli, hakimiyyət də Azərbaycanı  işğal edib, Türkelləri özlərinə xidmətə dəvət edirlər. Nə qədər absurd olsa da, vəziyyət bu cürdür. 

Mərd və mübariz gənc kimi tanıdığımız Türkel rədd edib tələbi! Tam gözlənildiyi kimi…

Amma bir şeyi anlamaq olmur, tutaq ki, Türkel və ya başqası razılaşdı bu hakimiyyətə işləməyə, nə baş verəcək onda?  Regionun lider dövləti və onun əvəzsiz başçısı üçün nə dəyişəcək?

Bəlkə insanların özünü yandırması dayanacaq?

Bəlkə xalqımız xoşbəxt olacaq, necə xoş günlərə gəldiyini Türkelin hakimiyyətə işləməsi ilə başa düşəcək?

Dünyada bizə münasibətmi dəyişəcək? Yoxsa gənclərin mübarizəsi dayanacaq? 

Rejim kifayət qədər uzun ömür sürə bilib, amma fakt budur ki, onun təntənə dövrü bitib. Onun əbədilik pozası dağılıb. Çox sayda insanlar onlara işləməyə başlayıb, amma Türkellər də çoxalıb və çoxalır. Onlar işləmək istəmir bu mənfur sistemə. Çünki bunu ləyaqətsizlik sayırlar. Əksinə, bu rejimin əleyhinə işləməyi özlərinə şərəf bilirlər.

Qarşıdakı durum da çox dumanlı deyil. Bəlkə də kimlərsə dərin düşüncə ilə gələcəyi görə bilmir, amma Türkellər görürlər sabahı. Mürəkkəb təhlillər hələ də davam edir: müxalifət belə gəldi, xalq elə getdi, iqtidar bunu elədi, Avropa onu eləmədi. Amma hamı bilir ki, vəziyyətin dəyişməsini saxlayan yalnız və yalnız repressiyalardır. Qorxu və hədələrdir. Məsələ də ondadır ki, repressiya genişlənir, güclənir, həbsxanalar dolur, fəqət səsini çıxaranların sayı azalmaq əvəzinə, artır. Bu yolun sonu qorxunun sonudur. O da repressiv hakimiyyətin özünü sonu olacaq. Bir sözlə, Türkel bu hakimiyyətə işləsə belə, hakimiyyət o sonluqdan qurtulmur. 

Üstəlik, Türkel də rədd edir tələbi.

***

Biz uzun illərdir Azərbaycan hakimiyyətinin mahiyyətini açmağa, onun qanunsuz əməllərini və hiyləgər siyasətini ifşa etməyə çalışırıq. Lakin bu oğrular hakimiyyəti də siyasətini kifayət qədər açıq yürüdür. Bu arada xəbər yayıldı ki, nəqliyyat nazirinin məşhur oğlu Anar Əliyev “National Geographic” jurnalını Azərbaycan dilində nəşr etdirəcək. Görürsünüzmü, Qərbdən heyvana, bitkiyə, dağa, daşa, küləyə, çaya aid də olsa, nəyi desən gətirməyə hazırdırlar, bircə insanın insan kimi yaşamasına aid heç nə olmasın bu ölkədə. Şəhərlərdə, kəndlərdə qəzetləri almağa köşk yoxdur, indi bizə Himalayın zirvəsində küləyin səmti ilə barədə jurnal oxutdurmaq istəyirlər. 

Küləyin səmti isə azadlığadır!