Hələ SSRI dağılmazdan Azərbaycan dünyanın geopolitik savaş meydanına çevrilmişdi. Bunu biz Azadlıq meydanına axışanda bilmirdik. Sən demə, bizi Azadlıq meydanına yalnız könül istəyimiz deyil, bir də bilmədiyimiz gizli güclər aparırmış. Qarabağ uğrunda ermənilərin başladığı, istər-istəməz qatıldığımız savaş da, bizim düşündüyümüz kimi, eləcə ermənilərin Qarabağı ələ keçirməsinə yönəlik balaca torpaq savaşı deyilmiş; bu balaca savaşın arxasında Azərbaycana düşmən yaxın-uzaq güclərin böyük geopolitik siyasətləri dururmuş. Bütün bunları biz indilər – Azadlıq meydanı, birinci Qarabağ savaşı çox-çox uzaqlarda qalandan, bir sıra gizlinlərin üstü açılandan sonra bilirik.
Bir neçə il qabaq azərbaycanlı jurnalist ermənilərin törətdiyi Xocalı soyqırımı ilə bağlı nə düşündüyünü soruşurkən Iran Islam Respublikasının baş diplomatı gözlərini də qırpmadan: “Mən belə bir şey eşitməmişəm”, demişdi. Elə bir neçə il qabaq da IIR hökuməti dünyanın bir çox ölkələrində keçirilən Xocalı anım gününün Təbrizdə keçirilməsini yasaqlamışdı. Bir neçə il qabaq IIR prezidenti Xocalı soyqırımını törədənlərdən biri, terrorbaşı-prezident Sərkisyanla görüşündə ermənilərlə farsların qohum xalqlar olduğunu bildirmişdi. Görünür, elə bu qohumluğa görə Iran Islam Respublikası Azərbaycan torpaqlarında qanlı terror yoluyla yaradılmış “Ermənistan”ın Rusiyadan sonra ən böyük arxa-dayağı rolunda çıxış edir. 20 ildən artıqdır “Ermənistan”ın boşalmaması, Qarabağdan əllərinin üzülməməsi üçün IIR ermənilərə hər cür yardımda bulunur. “Ermənistan”dan Qarabağadək yüzlərlə məscidi dağıdan, minlərlə müsəlman türkü qıran ermənilərə Iran Islam Respublikası beləcə arxa durur. Olsun, ortada özlərinin deiyinə görə, qohumluq, qan birliyi var. Bütün bunların üstündən bu gün bizdə minlərlə adamın IIR ideologiyasının əlaltılarına çevrilmələrinə, IIR qanunlarını, normalarını Azərbaycanda yaymağa çalışmalarına nə ad verək?
Səudiyyə Ərəbistanı başda olmaqla ərəb ölkələri Qarabağ savaşında bizə arxa durmadılar, yardım etmədilər. Arxasında Iranın dayandığı “Hizbullah” başda olmaqla bir sıra ərəb ölkələrindən ermənilərə arxa duranlar, yardım edənlər oldu. Bu gün Səudiyyə Ərəbistanı da, Iram Islam Respublikası da özlərinin böyük resurslarından, əliyevçi rejimin korrupsioner xarakterindən yararlanaraq Azərbaycanda, demək olar, açıq EKSPANSIONIST siyasət yürüdürlər. Bu, Azərbaycanı bütünlüklə parçalayıb dağıtmağa, dağıdıb əlaltı dövlətə, dövlətciklərə çevirməyə yönəlmiş siyasətdir. Bunlarla yanaşı, bu gün Azərbaycan üçün böyük qorxu “nur”çuluqdur, “nur”çuluq adı altında çox böyük uğurla yürüdülən EKSPANSIONIST siyasətdir. Bilməyənlər üçün: yayılma, genişlənmə anlamı verən ekspansiya monopolist birliklərin, dövlətlərin öz politik, ekonomik etkilərini başqa ölkələrə yayamaq üçün yeritdikləri siyasətdir. Bu gün Azərbaycanda geniş informasiya şəbəkəsi ilə tanınan “nur”çuluq çoxdan dövlət qurumlarında oturuşub, üstəlik, parlamentdə sanballı mantaq-söz yiyəsinə çevrilib. Bu baxımdan bir sıra deputatların hiyləgərcəsinə “Azərbaycana hizmət hərəkatı” adı altında “nur”çuluğa arxa durmaları, onu qorumağa qalxmaları boşuna deyil: pulunu verən musiqisini çaldırır!
Həyasızcasına “Bizim məktəblər yaxşı təhsil vermir” deyə, Pensilvaniyada özünə sığınacaq tapmış birisinin təhsil sisteminə legitimlik qazandırmağa çalışırlar. Soruşmaq gərəkir: sən ey satılmış deputat, nə üçün bu dövlətin təhsil sisteminin yaxşılaşmasına çalışmırsan? Nə üçün biz illərlə təhsil sisteminin rüşvət içində dağıdıldığını “Azadlıq” qəzetində yazırkən bizə yardımçı olub parlament tribunasından səsinizi qaldırmır, parlamenti yüksək təhsil uğrunda çarpışma meydanına çevirmirdiz? Görünür, pay aldığınız mandata, bir də indi üstü açılan bəlli pullara görə…