Yerin altındakı Azərbaycan

(bunlar ciddiyə alınmayan çox ciddi mətləblərdir)

Zeynəb Xanlarovanın parlamentdəki çıxışı maraqlı idi. Xanım deputat ehtimal olunan xalq üsyanının  müjdəsini təqdim edirdi. Səbəb isə təbii ki, məmur qudurğanlığını ört-basdır etmək üçün düşünülən hündür hasarlar və onların arxasında gizlədilən villalar göstərilirdi. Bu mənzərə kimi narahat etsə yaxşıdır?

Söhbət, əlbəttə, yalnız qudurğanlıqdan getmir. Bu qudurğanlıq məsələsi nə qədər adiləşibsə, hətta Qalib salahzadə həmin missiyanı boynundan asıb hətta qarğış ümün də istifadə etməzdi. Amma edir. Məzəlidir, elə deyilmi?

İlham Əliyev də onun haqqında danışıb. Bir neçə dəfə danışıb. Söhbət, daha incə mətləbdən gedir ki, onun da adı ,,haram,,dır. Yəni, qudurğanlıq, əslində, haram pulla əldə edilən sərvətə, xanimana deyilir. Bu haram mənzərəni ifşa edənlər isə qarşılarında Şeyx Allahşükür Paşazadənin qudasını gördülər. Şeyx ailəsi haramı lənətləməlidir. Amma ona qahmar çıxır. Təəccüblüdür, elə deyilmi? Bu ailənin ən müqtədir adamlarından bir olan deputat qudanı haramxorların və haramla qudurğanlıq qazananların ifşası niyə narahat etməlidir ki? Burada nə hikmət var? Parlamentdə 120 neçəsə deputat var. Niyə Zeynəb Xanlarovanın harama qarşı etirazını halallığın keşiyində durmalı olan ailənin təmsilçisi boğmalıdır? Bu «qluşitel» missiyasını kim verib? Şeyxmi, ya bir başqasımı?

Ola bilər ki, Şeyx ona belə bir missiya əta etməyib. Bu missiya başqa tərəfdən əta edilib. Yoxsa, millət vəkili mandatı almış cənab uca-uca kürsüləri qarğış məqsədilə istifadə etməzdi.

Bu ailə ilə bağlı başqa bir qalmaqalı isə bir müddət əvvəl Şeyxin deputat qardaşı yaratmışdı. O, iddia etmişdi ki, Binə və Sədərək ticarət mərkəzləri bağlanmalıdır. Niyəsindən şeytan da baş açmaz. Orada minlərlə insan çörək pulu qazanır. Min cür əziyyətlə. Bazar sahibləri ilə, polislə, vergi məmurları ilə savaşa-savaşa bir parça çörək qazanırlar. Amma həşəmətli Şeyxin qardaşı hesab edir ki, bu adamların bazarı bağlanmalı və onlar səfalətin qoynuna atılmalıdır. Həm də, ümumiyyətlə, bazar bağlamaq missiyası rəsmən bu Cavanşir Paşazadəyə aid olmadan bu iddianı irəli sürmüşdü.

Ümumiyyətlə,  bu çevrədən səslənən əndrabadi mülahizələrə mat qalmamaq olmur. Şeyx Allahşükür Paşazadəyə yaxınlığı ilə fərqlənən başqa bir deputat- Hadı Rəcəbov bütün dövrlərin ən axmaq bəyanatlarından birini səsləndirmişdi. Hərçənd,  bu bəyanatı kifayət qədər səlahiyyətli mənbədən səsləndirən bir deputatın strateji niyyətinin ifadəsi də saymaq olardı. Cənab Hadı Rəcəbov parlamentdə sosial siyasət komissiyasının sədri olmalıdır, məncə və buna görə də onun həmin  bəyanatın problematikasına birbaşa aidiyyəti var. Cənab deputat çoxuşaqlı ailələrin dolanışıq problemləri ilə bağlı bildirmişdi ki, imkanları yoxdur, doğub- törəməsinlər. Aldınızmı  payınızı?! Bundan bir qədər əvvəl isə cənab Hadı Rəcəbli elə birbaşa efirdə «payını almaq istəyənlərin» payını vermişdi. Küçə söyüşü ilə. O söyüşlə ki, onu küçə uşaqları belə səsləndirmək fikrinə düşsələr, səslərini bir qədər qısarlar, amma Hadı Rəcəblinin bu səsi mikrofondan gəlmişdi. (Hərçənd, bir qədər qısıq səs gəldiyini etiraf etmək lazımdır). Milli Məclsiin sosial siyasət komissiyası sədrinin sosial durumu haqqında daha sonra… Çünki daha vacib mətləblər var. Astara gömrüyündə idxal və ixrac üçün tələb olunan zəruri möhürdən başqa da zəruri mətləblər var. İrandan 5-6 kiloqram kartof gətirənlərin təpəsinə vurulan yumruq kimi bir möhür! Hər şey yalnız gömrük monopoliyasından ibarət deyil, bu dünyada…

2009-cu ildə Xasavyurdda Azərbaycan (daha dəqiq desək, Masallı) mənşəli bir KamAZ-da 31 kiloqram heroin tutuldu. Yazıq sürücü bu heroinin güdazına getdi, amma onun sahibləri sudan quru çıxdı.

Nərimanov tərəflərdə hörmətli oğlanlardan biri Tomik ləqəbli birisidir, işi-gücü səhərdən axşama qədər nəşə çəkməkdir, amma di gəl ki, Tomikə gözün üstə qaşın var deməyin əvəzinə Nərimanov metrosunda alver edən yazıq-yuzuğun gözlərini çıxarırlar.

Ölkənin ikincimi, üçüncümü böyük şəhərinin Yol Polisi Rəisinin Xasavyurt olayı ilə heç bir əlaqəsinin olmadığı barədə versiyalar var…

Ölkə kəllə-mayallaq olub. 

Metro Tağıdan xilas olan kimi aləm bir-birinə qarışıb. Sanki Azərbaycan yerin altından ibarət imiş. Neftdən, qəbristanlıqlardan, kartofdan  və metrodan ibarət bir ölkə…

Şeyx isə bütün Qafqazın Şeyxidir. Onun qohumları-dostları isə qazfqaz adından imtina etmiş kimi görükürlər…

Amma maraqlıdır ki, Cavanşir Paşazadə Binə və Sədərək yarmarkalarının sökülməsini tələb etdiyi halda, başqa bir fəlakətli bəyanat metro ticarətçilərinin başında partladı.