Düşüncə korluğu

Maraqlananların xəbəri var. Keçən il Inzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərə görə, heyvanlara işgəncə faktı üzrə tətbiq olunan cərimələrin məbləği 20-45 manatdan 500 manatadək artırılacaq. Mən də bu dəyişikliyin tərəfdarları sırasındayam. Dünyanın heç bir hüquq çərçivəsi işgəncəyə haqq qazandıra bilməz. Bir çox inkişaf etmiş ölkələrdə çoxdan heyvanlara qarşı işgəncəni qadağan edən qanunlar qüvvədədir. Buna nümunə olaraq yaxınlarda  Fransanın Marsiliya şəhərində baş vermiş bir faktı göstərə bilərik. Internetdə Oskar adlı pişiyi divara çırpan 24 yaşlı Farid Gilas adlı fransızın görüntüləri başına bəla açmışdı. Bu fakt əsasında hərəkətə keçən hüquq mühafizə orqanları onu 1 il həbs və 30 min avro cərimə ilə cəzalandırmışdı. 

Şübhəsiz, heyvanların qayğısına qalmaq gözəldir. Amma bunun yolu əvvəlcə insanın həqiqi dəyərini verməkdən keçir. Yoxsa itə, pişiyə vurulan qamçıya görə 500 manat cərimə kəsib, insana edilən ağılalmaz işgəncəyə rəvac verəcəksənsə, yalançı humanistliklə eli güldürməyə ehtiyac yox. Ötən həftənin belə qalmaqallı hadisələrindən biri AXCP Gənclər KomitəsiÿIdarə Heyətinin üzvü Türkel Azərtürkün polis bölməsində işgəncəyə məruz qalması oldu. Azərbaycan Konstitusiyası işgəncəni birmənalı şəkildə qadağan edir. O cümlədən, ölkəmizin qoşulduğu bütün beynəlxalq-hüquqi sənədlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 113-cü maddəsi (Işgəncə) isə azadlığı məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar verənlərin 7 ildən 10 ilə qədər azadlıqdan məhrum edilməsini nəzərdə tutur. Dərd ondadır ki, bu işgəncə faktına qol qoyanlar birbaşa Türkelin haqqını qorumaq cavabdehliyi daşıyan şəxslərin özüdür.

Türkel son 10 günün repressiyalarına tuş gələn 9 nəfərdən biridir. Onunla birlikdə sutkalıq həbs alanların sayı 6 nəfərdir. Amma onun həbsi əqidə dostlarının həbsindən həm “orijinallığı”, həm də xüsusi sərtliyi ilə fərqlənir. Onu aldadıb evdən çıxarıblar, oğurluq şəkildə aparıb fiziki və psixoloji işgəncəyə məruz qoyublar, əl-ayağını stula qandallayıblar. Bütün bunlar yuxarıda sadaladığımız ölkə qanunlarına görə konkret cinayət tərkibi yaradır. Və bu özbaşınalıq cəzasız qala bilməz, qalmamalıdır. 

Əslində, işgəncə hüquq mövzusu olmaqdan öncə bir mənəviyyat məsələsidir. Maraqlı bir məsələyə diqqət çəkmək istəyirəm. Islam dini başqa dinlərdən fərqli olaraq, nəinki insanların, heyvanların döyülməsini, onlara işgəncə verilməsini və zövq üçün öldürülməsini də birmənalı şəkildə haram sayır. Sevgili Peyğəmbərimiz hətta səfərlərdə quş yuvalarının dağıdılmaması, yumurtalarına və balalarına toxunulmaması haqqında qəti göstəriş verirdi.

Qəribədir ki, indiyə qədər heyvanlara qarşı işgəncəyə görə konkret həbs cəzası nəzərdə tutan qanunlar o mərhəmət duyğusunu təbliğ edən dinin daşıyıcıları olan ölkələrdə deyil, məhz Avropa ölkələrində qəbul olunub. Yəqin ki, bu ilkə imza atan birinci müsəlman ölkəsi Türkiyə olacaq. Yaxın günlərdə Türkiyə Böyük Millət Məclisində qəbul olunan qanuna görə heyvanlara işgəncə verən şəxslər 2 il həbs cəzası alacaq. 

Bu iki məsələni qarşılaşdırmaqla, unudanlara istənilən dinc və müqavimətsiz canlıya işgəncə verməyin cinayət olduğunu xatırlatmaq istədim. Həm mənəvi, həm də hüquqi baxımdan. Hamı bilir ki, son 10 gün ərzində “polisə müqavimət” bəhanəsiylə həbs olunan həmin 9 nəfərə qarşı irəli sürülən ittihamların da heç bir əsası yoxdur. Onların həbsinin yeganə səbəbi haqsızlıqla, ədalətsizliklə, yalanla barışmazlıq və ona dinc şəkildə, fərqli baxışla müqavimət göstərməkdir. Sağlam düşüncə müqaviməti isə heç bir halda cinayət tərkibi yaratmır. Əgər bunu kimlərsə özünə qarşı işgəncə olaraq görürsə, o zaman korşalmış düşüncələrini itiləsinlər…