Hüquq müdafiəçiləri Azərbaycanın beynəlxalq öhdəliyi pozduğunu bəyan edir
AXCP Gənclər Komitəsi Idarə Heyətinin üzvü Türkel Əlisoy (Azərtürk) Binəqədi təcridxanasından həbs olunmağı ilə bağlı məktub göndərib. Məktub AXCP Gənclər Komitəsinin facebook səhifəsində yerləşdirilib. Məkubda bildirilir ki, “Xəqani” Ticarət Mərkəzinin qabağında onu dörd nəfər tutaraq Xətai RPI-yə aparıb. Orada gənci vurub təhqir ediblər.
Israrla, döyə-döyə “Bizə işlə” deyiblər. Sonra isə 35-ci bölməyə aparıblar. Rəis Cavid Usubov göstəriş verib ki, onu stula qandallasınlar. T.Əlisoyun əllərini və ayaqlarını stula qandallayıblar. Rəis deyib ki, 14 saat belə qalsın və ona yemək, su, siqaret verilməsin. Işgəncə daha sonra da davam etdirilib.
Xatırladaq ki, Türkel Əlisoy polisə müqavimət adı ilə 20 sutka inzibati həbs cəzasına məhkum edilib.
Hüquq müdafiəçisi Leyla Yunus hadisəyə münasibət bildirərək qeyd edir ki, Azərbaycanın beynəlxalq aləmdə götürdüyü öhdəliyə görə siyasi məhbuslara azadlıq və işgəncə verən orqan işçilərinə məsuliyyət nəzərdə tutulub. 2001-ci ildə olan bu məsələ təəssüf ki, 13 ildir yerinə yetirilmir:
“Nəticədə təcridxanalarda nə qədər insan həyatını itirir. Xatırlatsaq, Novruzəli Məmmədovu 69 yaşında işgəncəylə öldürdülər. Insanlar hər il işgəncə nəticəsində həyatını itirir. Amma bu illər ərzində bir nəfər də polis və prokurorluq işçisi məsuliyyətə cəlb olunmayıb və qanun qarşısında cavab verməyib. Belə çıxır ki, işgəncəylə insanları öldürəcəklər və heç kim də buna cavab verməyəcək”.
Vəkil Aslan İsmayılov sözügedən hadisəni təssüflə qarşılayaraq istənilən qanunsuzluğun cavabının verilməli olduğunu söyləyir: “Bu isə qanunsuzluq deyil, vəhşilikdir. Azərbaycan polisi də ona qadirdir. Azərbaycan normal ölkə olsaydı, işgəncə verən polislər həbs olunmalıydı. Amma çox təəssüf ki, belə deyil”.
Nigar


