Divara çox səbəblərdən dırmaşmaq olar: ümidsizlikdən, ləzzət almaq üçün, ya da kimisə sancmaq məqsədi ilə. Bəs insanı özünü dövlət idarələri, ən kütləvi təşkilat olan həmkarılar ittifaqları qarşısında yandırmağa, özündən tonqal qalamağa nə vadar edir? Bu sualı özümüzə vermək, cavab almaq asandır. Nə sualımız, nə də cavabımız bizləri, avtoriraitar rejimin xalqına düşmən kəsilmiş yuxarıdan aşağıya, prezidentdən bələdiyyə sədrlərinə qədər düzülmüşlərinin hərəkətinə bir təsir göstərəcək. Çünki xalqa meydana çıxmaq yasaq edilib, divara dırmaşana, bu meydanlarda, həyətlərdə və meşələrdə özünü yandıranlara isə “dəli”, “narkoman” adı ilə hakimiyyətin seçdiyi yerdə yaşamaq, ya da bişmiş bədənlərini torpağa tapşırmaq qalır. Bu ölkə bir birindən çox fərqli iki tərəfə ayrılıb: hakimiyyətini mülkə, mala çevirənlərin harın həyatı, digər tərəfdə günü günə calayan, balalarının gözünə dik baxa bilməyən, Vətən torpağında yaşadığına görə utanan harınlığın, haqsızlığın qurbanlarının həyatı…
Bir sual da illərdir cavabsızdır: əgər iqtidar xalqla yadellidən pis davranırsa, insanların faciələrinə kənardan tamaşa edirsə, xalqın səsini özündən başqa heç kim eşitmir.
Özünü asmaq, yandırmaq, dənizə, qatar altına atmaq bu ölkədə etiraz vasitəsi sayılmır, söz ayağı sürüşkən yazarların qazanc yeridir, vəzifə yaltaqlığın dərəcəsinə görə verilir. Məmurlar xalqdan daha çox qohum-əqrabalarının hüququnu və mülkünü qoruyur, bu ölkədə söz ekstra yaltaqların dilində qeyrətini. vicdanını və vətəndaşlığını itiriib. Nazir oliqarxlar milyardlarını oğulları vasitəsi ilə sərgiləyir, saxta diplom satıb milləti görən korların ölkəsinə çevirib mənəviyyatımızı zəhərləyirlər. Güc nazirlikləri rejimin siyasi opponentlərinin ovuna çıxır, bərəlmiş gözlərlə ekranlardan mövcud iqtidarın alternativi olmadığını deyirlər.
İstəyini ortaya qoymaq cəhdi: alternativsizlik və “KQB-yə işləməyin” suçu
Xalq bütünlükdə elektorat demək deyil…
Elektorat seçki məntəqələrində qeydə alınanların toplusu deyil…
Seçki məntəqəsi heç də hakimiyyət məsələsinin həll edildiyi yer, siyasi məkan deyil…
Hakimiyyət isə bütünlükdə ölkəni idarə edənlərdən ibarət deyil…
Bu həqiqətləri indi çox adam bilir. Amma bilməyin özü də hələ çıxış yolu demək deyil.
Əslində, Azərbaycan bizim arzuladığımız məmləkət deyil. İstəməsək də, yaşayırıq. Bəzən fərqinə varırıq, bəzən varmırıq. Kimisə seçirik, başqaları idarə edir. Bizə elə gəlir ki, heç nə baş vermir.
Postovet məkanında elektorat xalqdan böyüklüyü, yoxsulluğu, qadın cinsində olması və virtuallığı ilə fərqlənir. Gənclik, həyat eşqi ilə yanan orta sinif, biznes sahibi elektorat olmaq istəmir. Sonra nələr…
Bu gənclər, ortabablar, biznesmenlər üçün pivə içmək, gözəllik müsabiqələrinə sponsorluq etmək seçkidən daha maraqlıdır. Əlacsız, ürəyi yanan insanlar isə kəndin, rayonun, elə Bakının ortasında bütün günü qışqıra-qışqıra nərd, domino oynaya, haqsızlıqdan, ədalətsizlikdən, “prezidentin yaxşılığından, ətrafının pisliyindən” mübahisə edib, Bayraq meydanı, yollar, üzü ağaran binalar, bir göstərişlə qiymətdən düşən yumurta, “harın nazir balaları” haqqında danışa bilirlər. Amma seçkidən, ədalətə arxa olmaqdan söz düşəndə “mənlik deyil” söyləyib yaxalarını kənara çəkirlər. Niyə?..
Bu suala cavab axtarmayan tənbəllərin çoxluğuna görə də başqa ölkələrdən fərqlənirik. Bir də virtuallığın “tutuquşusu” olanların, başqasının, nazir oliqarxların, varlı deputatların adamı olmaqla balarına çörək qazananların çoxluğu ilə seçilirik. Bizə kölə kimi davranmanı demokratiya adlandırırıq, həbsxanda belə ”həbsdən qorxub” susuruq…
Bu ölkədə iqtidarın həbsə atdığı general, nazir, iş adamı azadlığını onu sındıranlara məhəbbətinin ölməməsi açıqlaması ilə başlayır. Heykələ baş əyir, iqtidara, ölkə başçısına sevgisinin tükənmədiyindən danışır.
Stalinin Hitlerdən, Saakaşvilinin Putindən fərqi
Stalinin Hitlerdən fərqi aydındır – müharibəni qələbə ilə başa çatdıran tərəfdə olub. Bəs Azərbaycan xalqının Stalin sevgisinin arxasında nə dayanır? Bu baxımdan bizi yaddaşsızlıqda qınayanlar haqlıdılarmı? Əslində, bəri başdan cavab vermək çox çətindir. Biz bir millət olaraq, tarixin küllüyə atdığı asılı və asılı olmayan rəhbərləri zaman və məkan süzgəcindən keçirmədən hansısa statusda saxlamağa cəhd edirik, özü də bunu daha çox mövsümi edir və tariximizi hakimiyyətdə olanın zövqünə, istəyinə uyğun yazırıq.
Nərimanovu ona görə sevirik ki, Qızıl Ordunu Bakıya çağırıb, demokratik respublikanı devirməkdə Lenin silahdaşı olub. Səhvini başa düşüb, Stalinə qarşı çıxıb? Amma onun etirafı zamanı geri qaytarmayıb. Azərbaycanda bolşovek işqalı 70 il davam edib. Nərimanovu bu köləlik tariximizin 70 ilini yazanlara vasitəçi olduğuna görə sevirik.
Məmməd Əmin Rəsulzadəyə qurduğu respublikanın varisi olduğumuzu bəyan edib, ölkəni Heydər Əliyevin heykəlləri və müzeyləri ilə bəzəyirik. Amma Rəsulzadəyə heykəl qoymağa bir sot yer “tapmırıq”.
Mircəfər Bağırovu daha çox ona görə xatırlaylırıq ki, minlərin ölmünə hökm verməklə yanaşı Azərbaycanı Stalindən qoruyub…
Əliyevin birinci hakimiyyətini onun Siyasi Büroya seçilməsinə görə göylərə qalıdırırıq.
Hitlerlə Stalin qaniçən diktator kimi tarixə düşüblər.Onların hər ikisi insanları kütləvi şəkildə qırıblar, asıblar, sürgünlərdə acından, soyuqdan öldürüblər. Fərqli cəhətləri var – bu, alman, yaxud rus psixologiyasından irəli gəlir, yoxsa tarixə fərqli baxışlardan? “The Daily Star” dərgisi belə bir məqama diqqət yetirir. Bu gün Almaniyada heç yerdə Hitlerin heykəlini görmək mümkün deyil, heç almanlar bu barədə düşünmürlər də. Ancaq Rusiyada vəziyyət tamam başqadır. Stalinin doğulduğu kənddə, Gürcüstanda Stalnin heykəli ucalır, birini də bu yaxınlarda Moskvada ucaldacaqlar…
Ölkələrinin xaricində də bu diktaorlara münasibət eyni deyil. Məsələn, dərginin əməkdaşı Nyu Yorkda bir restoranda nahar edərkən divardan Sovet İttifaqının bütün rəhbərlərinin, o cümlədən Stalinin şəklinin asıldığını görüb. Restoran sahibi bildirib ki, Nyu Yorkda “KQB bar” da var. Amma Amerikada nasistlərin emblemi, Hitlerin şəkli olan bar, restoran yoxdur. Görəsən Stalini nəyə görə Hitlerdən daha çox qiymətləndirirlər? Müsahibələrinin birində Rusiya prezidenti Vladimir Putin bu suala cavab vermək istəyib: “Mənə deyə bilərsinizmi, Kromvel Stalindən nə ilə fərqlənir?”.
Əslində elə bir fərqləri yoxdur. Hər ikisi qaniçən cəlladdır. Kromvel məqsədinə çatmaq istəyən bir adam olub. Demək lazımdır ki, İngiltərə tarixində birmənalı rol oynamayıb. Amma onun heykəlləri durur və heç kim bu heykəlləri uçurmaq istəmir. “Birmənalı rol oynamaq” fikri Kromvelin ingilis cəmiyyətindəki tarixi rolunun bəlkə də yaxşı ifadə formasıdır. Amma britaniyalı siyasətçidən fərqli olaraq Stalin öz ölkəsinin milyonlarla vətəndaşını öldürən maşının başında durub.
Bir məsələyə diqqət yetirək. İkinci dünya müharibəsi başlayana qədər Hitler altı il yarım hakimiyyətdə olub. Faşist rejimi həmin dövrdə Almaniyada 10 minə yaxın adamı məhv edib. Stalin rejimi müharibəyə qədər milyonları şaxtada dondurmuşdu, yarım milyon adamı güllələtdirmişdi.
Hitlerə hansı ölkə qalmışdı? Buna diqqət yetirin. Birinci dünya müharibəsində məqlubiyyətdən sonra 1919-cu ildə bağlanan alçaldıcı Versal müqaviləsinə görə Almaniya böyük məbləgdə cərimələr verməliydi. Almaniyada ən azı üç nəsil bu cərimələri ödəyirdi. Yalnız 1930-cu ildə müttəfiqlər bu cərimələrin ödənilməsinin uzadılmasına icazə verdilər. Ancaq Hitler hakimiyyətə gələndən sonra ölkəni bohrandan çıxardı. Sənaye dirçəldi, yeni yollar çəkildi, infrastruktur bərpa olundu. Stalindən fərqli olaraq ölkədə kölə əməyi və mərkəzləşdirilmiş həbs düşərgələri yaradılmadı. Versal sülhünün ölkəsinin hərbi cəhətdən inkişafına məhdudiyyətlər qoyan maddələrinə əməl etmədi, yüz minlik alman ordusu bir milyonluq vermaxta çevrildi, hərbi aviasiya və dəniz donanması bərpa edildi. Hitlerin siyasətində antisemitizm mühüm amilə çevrildi. 15 sentyabr 1935-ci ildə Nürnberqə qəbul edilən qərarla yəhudilərin və qaraçıların kütləvi izlənməsinə başlanıldı. Yəhudilər alman vətəndaşlığından çıxarıldılar. 1938-ci ildə Almaniya səfirliyinin katibinin öldürüməsinə cavab olaraq Almaniyada yəhudi evlərini dağıtmağa başladılar. Bundan bir neçə il sonra yəhudilərin kütləvi məhvi dövlət siyasətinə çevrildi.
Hitlerin ölkəsində işsizliyə son qoyuldu, əhalinin ehtiyacının ödənilməsinə yönəlmiş kütləvi humanitar yardımlar paylandı. Ölkə kütləvi mədəni və idman tədbirləri meydanına şevrildi. Hitler rejiminin başlıca məqsədi birinci dünya müharibəsində məqlubiyyətin əvəzini çıxmaq idi. Arxiv sənədlərinə görə, Stalin də alman nasistləri kimi qurbanlarını milli azlıqlardan seçirdi, amma Stalin hansısa millətə qarşı qenosid keçirməyi, onları yer üzündən silməyi qarşısına məqsəd qoymurdu. O bu yolla real və xəyali müxalifətini aradan götürürdü. Düzdür, Stalinin siyasətində kommunizm adlı bir ideya vardı və bu ideya insanlarda yoxsulluğun qurtaracağı bir sonluğa həvəsləndirdi, amma ölkə azlığın sonsuz hakimiyyətinə və çoxluğun tapdalanan haqlarına , huquqsuzluğuna əsaslanırdı. Stalinçilərin fikrincə, o da ölkəsində milyonları yoxsulluğun əlindən aldı, amma bunu qansız, represiyalarsız və həbsxanalarsız, sürgünlərsiz edə bilmədi. Stalin müharibəni fövqəl bir dövlət statusu ilə başa vurdu, Hitler yerlə yeksan olmuş, məğlub dövlət statsu ilə ömrünü başa çatdırdı…
Stalinə hörmət bu qələbədən irəli gəlir və onun heykəllərinin yenidən bərpası da buna işarədir.
Saakaşvili ilə Putinin fərqinə gəlincə, biri xalqına imperiya vəd edir, digəri toprağını azad etmək savaşına başlayır və uduzur… Putinsayağı fikirləşənlərdən başqa heç kim Saakaşvilini günahkar bilmir.
Putinsə Çar Rusiyası, Sovet imperiyası tarixini yeni üçüncü imperiya tarixi ilə zənginləşdirmək istəyir. Çünki rus tarixi həmişə kölə kimi davrandığı millətlərin tarixi ilə zənginləşib.
Surxay Hüseynli