“Hakimiyyət AXCP-ni bir nömrəli təhlükə hesab edir”

Eldəniz Quliyev: “Son illərdə Azərbaycanın imicinə bu qədər zərbə vuran addım atılmamışdı”

Milli Şura üzvü, “EL” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Moderator.az-a açıqlamasında AXCP qərargahının partladılması və bu partiyanən üzvü olan gənc fəalların həbsi barədə danışıb. E.Quliyevin fikrincə, son proseslər bir daha təsdiq etdi ki, hakimiyyət indiki məqamda AXCP-ni digər müxalif partiyalardan daha təhlükəli hesab edir və onu daha çox neytrallaşdırmağa çalışır:
“Bu gün hakimiyyət AXCP-ni digər müxalif partiyalardan daha təhlükəli hesab edir. Bunu heç kim inkar edə bilməz. Çünki  bu, kor-kor, gör gördü. AXCP qərargahının partladılması, bu partiyanın gənc fəallarının həbsi bunu bir daha sübut etdi. Son illər hakimiyyətin atdığı və Azərbaycanın imicinə  bu  qədər  kölgə  salan bir  addım  olmamışdı. İqtidarın  Ukrayna  olaylarından  götürdüyü  “ibrət”  bundan ibarət oldu  ki, heç kimə, ən əsası isə  demokratik  qüvvələrə  qətiyyən  başını  qaldırmağa  imkan  vermək olmaz! Yəni  həmin  dəqiqə  o  baş  əzilməli, məhv  edilməlidir. Bu  sayaq  dərəbəylik nümayişi hakimi-mütləqlərin aqoniyası kimi  yozulmalıdır”.