Nyu-Yorkda bir qrup iş yoldaşı nahar fasiləsinə çıxır. Yolda birdən-birə qrupdakı qızıldərili dayanır. Böyük insan kütləsi, fit səsləri və araba hay-küyü içində qulağına cırcırama səsi gəldiyini söyləyərək onu axtarmağa başlayır. Yoldaşları bu uğultu arasında həmin səsin duyulacağının imkansız olduğunu deyib yola davam edir. Qızıldərili isə əminliklə səs duyduğu tərəfə gedir, bir yoldaşı da onu təqib edir. Binaların arasındakı kiçik yaşıllığın arasında həqiqətən bir cırcırama tapırlar. Yoldaşı ona: “Sənin ilahi vergin var. Bu səsi necə eşitdin?” deyə soruşur. “Bu səsi eşitmək üçün ilahi vergiyə sahib olmağa ehtiyac yoxdur” deyir qızıldərili. Sonra o, cibindən çıxardığı xırda pulu səkinin üstünə yuvarladır. Pul səsini eşidən çoxlu insan cingilti gələn tərəfə dönərək, onun öz ciblərindən düşüb-düşmədiyini yoxlayır. Qızldırili yoldaşına dönür: “Əhəmiyyətli olan, nələrə dəyər və əhəmiyyət verdiyin, hər şeyi ona görə eşidər, görər və hiss edərsən”.
Təqvimdə tarix 8 martı göstərirkən, məni bayramdan daha çox “Sovetski”də yaşayan qadınların bu günə təyin etdikləri aksiya düşündürür. Məlum, bir az əvvəl hökumət rəsmiləri sakinlərə evlərinin hər kvadratmetrinə 1500 manatdan artıq pul verilməyəcəyini bildirdi. Bu ədalətsizliyə boyun əyməyən qadınlar da 8 martda bayram deyil, öz mülkiyyət hüquqlarını müdafiə edəcəklərini deyiblər. Artıq dünən yayılan xəbərə görə, aksiyaya hazırlaşan “Sovetski” qadınlarına xəbərdarlıq edilib. Hətta fəallardan olan Tahirə xanımı polis idarəsinə çağırıblar. “Mən heç nədən, heç kimdən qorxan qadın deyiləm, amma həmin vaxt yaman kövrəldim. 27 il həyat yoldaşım olmadan saxladığım uşaqlarım gözümün önünə gəldi. Həm də düşündüm ki, xalq arxamda duran deyil, xalqa etibar yoxdur. Indi işığımı da kəsiblər, deyirlər borcunuz var. Nə bilim, mənim həmişə borcum olub, amma heç vaxt işığımı kəsməyiblər”- deyib Tahirə xanım.
Bəli, Azərbaycanda qadınlar 8 martı bu ovqatla qarşılayır. Insanlar can hayında, evindən bayıra atılmaq, küçədə qalmaq, övladlarının yanında gözükölgəli olmaq dərdində. Bayram kimin yadına düşür? Belə bir zamanda evsiz-eşiksiz qalmaq xırda dərd deyil. Hələ ailənin dolanışıq şərtləri sıfıra bərabərdirsə. Elə “Sovetski”dən sürgün olunması planlaşdırılan ailələr arasında da belələri az deyil. Onlara şəhərin ən bahalı yerindəki mülklərinə görə ödənilən məbləğlə heç ən ucqarda da ev almaq mümkün deyil. Mənzil bazarından hər kəsin xəbəri var, şübhəsiz.
Yuxarıdakı qızıldərili hekayəsini boşuna anlatmadım. Bu ölkədəki bütün böyük bədbəxtliklərin və çarəsizliklərin əsasında pul dayanır. Çünki böyük xəzinənin başında hər şeyi ona görə eşidən, ona görə görən və ona görə düşünənlər durur. Onlar üçün insanların və insanlığın dəyəri çoxdan ölüb. 27 ildən üzü bu yana övladlarını təkbaşına böyüdən Tahirə xanım kimilərin fəryadı, çarəsizliyi, qorxusu onların vecinə deyil. Insanların bir ömür yaşadıqları bu köhnə Bakı qoxulu balaca evlərdən zorla sürülmək səksəkəsinin də əhəmiyyəti yoxdur onlar üçün. Ortada pul var və hər şey onun üzərində qurulub, gerisi boş hekayədir…
Bəli, bu gün 8 martdır. Bu ölkənin milyonlarla qadını kimi mən də bayram ovqatında deyiləm. Bilmirəm, öz hüquqları uğrunda sona kimi dirənmək qərarı verən o qadınların istəkləri gerçəkləşəcəkmi? Bir dilək tutmaq şansım olsaydı, sadəcə, bu günün onlara müjdə gətirməsini arzulayardım. Kaş ki, olsaydı…