«Hakimiyyət addımları ilə sübut edir ki, AXCP-dən qisas alır»
AXCP-nin Nərimanov rayonunda yerləşən qərargahında baş verən müəmmalı partlayışdan dərhal sonra partiya binadan çıxarıldı. Binanın özü isə qəzalı elan edildi və fərdi sahibkara məxsus binanın «daşı daş üstündə qoyulmadı». Əslində partlayışdan dərhal sonra baş verən bütün bu olaylar bunun AXCP-yə qarşı düşünülmüş bir plan olduğunu deməyə əsas verir. AXCP-yə icarəyə verilən binanın sahibi Azər Əsgərovun mətbuata açıqladığı faktlar da hadisənin təsadüfi olmadığını və hakimiyyətin AXCP-dən qisas aldığını sübut edir.
Qulu Məhərrəmli: “Bu əsil cinayət hadisəsidir”
Azərbaycanda müxalif siyasi partiyaya qarşı bu cür davranılmağına təəssüflənən tanınmış telejurnalist Qulu Məhərrəmli bildirdi ki, istənilən ölkədə, istənilən siyasi partiyanın, o cümlədən müxalifət təşkilatının ofisləri olmalıdır, strukturlarının normal çalışmasına şərait yaradılmalıdır: «Azərbaycanda qarşılıqlı siyasi münasibətlərin yerində olmaması ölkədəki ümumi atmosferə olduqca pis təsir edir. Bu addımlar qəsdən atılırsa, bu çox arzuolunmaz haldır. Əsil cinayət hadisəsidir. Düşünürəm ki, AXCP-nin qərargahındakı partlayış hadisəsi ciddi araşdırılmalıdır. Heç nədən qaz xətti olmayan binada partlayış baş verə bilməz. Mən bunu qəbul etmirəm. Bu cür qarşıdurma ilə cəmiyyəti inkişaf etdirmək olmaz. Bunun acı nəticələri ola bilər».
Nurəddin İsmayılov: «AXCP-nin yenidən qərargahsız qalması bir daha sübut edir ki, burada hakimiyyətin əli var»
ADP sədrinin müavini Nurəddin İsmayılovun fikrincə, həqiqətən də baş verənlərlə bağlı hüquq-mühafizə orqanları ciddi araşdırma aparılmalıdır. Partlayışdan sonra baş verən hadisələrə diqqət çəkən N.İsmayılov vurğuladı ki, AXCP-nin binadan çıxarılması bir daha onu göstərir ki, hakimiyyət siyasi partiyalara qarşı özünün qeyri-sivil davranışını davam etdirməkdədir: «Əgər obyektiv araşdırma olarsa, qərargahın partladılmasıyla bağlı bütün həqiqətlər ortaya çıxacaq. Amma partlayışdan sonra binanın boşaldılması, AXCP-nin yenidən qərargahsız qalması bir daha sübut edir ki, burada hakimiyyətin əli var. Baş verənləri hakimiyyət AXCP-nin timsalında müxalifət partiyalarına qarşı apardığı repressiya siyasətinin davamı kimi qiymətləndirirəm. Bu yolverilməzdir. Baş verənlər Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə, siyasi institutların formalaşdırılmasıyla bağlı vədlərə də ziddir. Əslində hakimiyyətin bu cür davranışları beynəlxalq təşkilatların Azərbaycanla bağlı hazırladığı hesabatların həqiqətə söykəndiyini təsdiq edir».
Əyyub Kərimov: «Partlayışın nə səbəbdən baş verdiyinə aydınlıq gətirilməlidir»
Tanınmış hüquqşünas Əyyub Kərimov da hesab edir ki, AXCP-nin qərargahı ilə bağlı baş verənlər, şübhə doğuran məqamlar ciddi araşdırılmalıdır: «Bir haldakı mülkiyyət sahibi özü etiraf edir ki, ona dəfələrlə xəbərdarlıq olunub ki, AXCP-ni binadan çıxart. Əslində bu özü baş verənlərdə siyasətin olduğunu göstərir. Deməli ölkədəki hansısa qüvvələr binanın sahibinə bilərəkdən təzyiq edib. Partlayışın nə səbəbdən baş verdiyinə, onun nəticələrinin nədən ibarət olduğuna aydınlıq gətirilməlidir. Əgər bu məsələlərə aydınlıq gətirilirmirsə, deməli baş verənlər siyasətlə bağlıdır. Əslində nə vaxtsa bu məsələdə araşdırılacaq. Baş verən və araşdırılmayan hər bir olaya gələcəkdə mütləq aydınlıq gətirilir. Əslində hər bir hakimiyyət onun dövründə baş vermiş ən xırda hadisəyə belə dərhal reaksiya verməli və onu ciddi araşdırmalıdır. Bu həmin hakimiyyətlə bağlı əlavə şaiələrin yayılmaması xatirinə edilməlidir».
Müzəffər Baxışov: «Qanuna görə partlayışla bağlı dərhal cinayət işi başladılmalı idi»
Hüquqşünas Müzəffər Baxışov da hesab edir ki, hər şeydən öncə AXCP-nin qərargahında baş verən partlayış hadisəsinin səbəbləri araşdırmalıdır. Məlum olmalıdır ki, baş verən hadisə qəsdən partladılmanın nəticəsidir, yoxsa təsadüfi hadisədir: «Burada qəsdən kiminsə əmlakını zədələmək niyyəti varsa bu məsələyə aydınlıq gətirilməlidir. Bu özü cinayət məsuliyyətinə səbəb olan əməldir. Onu da qeyd etmək yerinə düşər ki, əgər partlayış baş veribsə, Cinayət Prosesual Məcəllənin 209-cu maddəsinin tələblərinə görə baş verənlə bağlı dərhal cinayət işi başladılmalıdır. Hətta partlayış rəsmi orqanların təqdim etdiyi kimi qaz sızmasından baş veribsə belə, cinayət işi qaldırılmalı idi. Məqsəd partlayışın səbəbini öyrənməkdir. Əgər baş verən hadisə ilə bağlı cinayət işi başladılmayıbsa, o zaman bu özü də bir qanunsuzluqdur».
Nurəddin Mustafayev: «Bu məqsədyönlü şəkildə AXCP-yə qarşı atılan addımdır»
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Nurəddin Mustafayev baş verənlərdən açıq şəkildə görünür ki, məqsəd AXCP-ni yenidən qərargahsız qoymaqdır. Hakimiyyətin indiyə qədər AXCP-yə təzyiq istiqamətində müxtəlif yollarla əl atdığını deyən N.Mustafayev vurğuladı ki, iqtidar ənənəvi siyasətinə dəyişiklik etmək istəmir: «Əlbəttə, bu, məqsədyönlü şəkildə AXCP-yə qarşı atılan addımdır. Əsas plan AXCP-ni növbəti dəfə qərargahsız qoymaqdır. Baş verənlər hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmalıdır. Digər bir tərəfdən AXCP-nin qərargahı şəxsi mülkiyyət idi. Onun sahibinin icazəsi olmadan kimsənin bura girib, binanı uçurtmağa ixtiyarı yox idi. Şəxsi mülkiyyət toxunulmazdır. Amma bu hüquqa hörmət edilmir. Bu, ciddi qanun pozuntusudur».
Mehriban Vəzir: «Azərbaycanda açıq, sivill siyasi mübarizənin qarşısının alınması təhlükəli haldır»
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Mehriban Vəzir də proseslərin cəryan etmə istiqamətinə nəzərə salaraq, AXCP-nin qərargahının partladılmasının təsadüf olmadığını söylədi: «Əgər baş verənlər təsadüf olsaydı o zaman olaylar başqa cür cəryan edərdi. AXCP-nin qərargahının yerləşdiyi binanın zirzəmisinin partladılması və binanın dərhal sökülməsi çox şübhəlidir. Bütün bunlar Azərbaycanda açıq, sivill siyasi mübarizənin qarşısının alınması üçün edilən cəhdlərdir. Bu çox pis və təhlükəli haldır. Bunu şiddətli şəkildə qınayıram. İnsanlara danışmağa imkan vermək lazımdır. Əgər insanlar danışmağa, siyasi mədəniyyət çərçivəsində fəaliyyət göstərməyə imkan tapmayacaqlarsa, bir yol qalır o da zorakılıqdır. Sivil mübarizə imkanı tapmayan toplum hər zaman zorakılığa əl atır. Mən Azərbaycanın bu yola doğru getdiyini müşahidə edirəm, ona görə də çox təəssüflənirəm».
İnsan hüquqlarının təminin, demokratik dəyərlərinin hələ də bərpa edilməməsinin Azərbaycanın ən əsas problemi sayan M.Vəzir söylədi ki, hakimiyyət qanunları hər ötən gün mürtəceləşdirməklə qanunlar çərçivəsində özlərinə bəraət qazandırmağa çalışrılar.
Xəyal