Azərbaycan uğrunda

Bu yazını bir çağırış kimi qiymətləndirənlərə təşəkkür edirəm

İsa Sadıqov

Birbaşa və dolayı repressiyalarla bağlı hər gün yeni xəbərlər eşidirik. Hakimiyyətin daxilində çox güclü sayılan dayaqları ilə öyünən Həmkarlar İttifaqı sədrinin qanunsiz tələbləri qarşısında özünü yandırmaqdan başqa çıxış yolu görməyən Qarabağ müharibəsi veteranının ölümü ictimai narahatlıqları bir qədər artırsa da, sanki hər şey yaddan çıxmaq üzrədir. Baxmayaraq ki, bu hadisədən sonra da oxşar özbaşınalıqlar davam etdi və davam etməkdədir. Daha bir Qarabağ veteranı ən sərt formada etirazını bildirdikdən sonra onu dəlixanaya saldılar. Bu günlərdə Xalq Cəbhəsi Partiyasının üzvü olan gəncləri kütləvi şəkildə həbs edirlər. Həm də o fonda ki, AXCP-nin qərargahı ən qaba üsullarla alınaraq dağıdıldı. Burada yalnız bir təşkilata daxil olan on minlərlə insanın siyasi hüquqlarına deyil, Azərbaycan vətəndaşlarının mülkiyyət halarına da ən sayğısız münasibətin olduğu bir daha sübut olundu. Bu olaylar onu göstərir ki, Azərbaycan hakimiyyəti ölkə vətəndaşları üçün nə siyasi haqları, nə mülkiyyət haqlarını, nə də yaşamaq haqqını tanıyır. Lap bu günlərdə Bakının mərkəzində iki-üç ildir ki başlanan evyıxma əməliyyatları da bunun daha bir əyani sübutudur.

Şübhəsiz, birmənalı olaraq hamı dərk edir ki, istənilən millətin, istənilən cəmiyyətin avtoritarizmin zorakılıqlarından və repressiyalarından yalnız təşkilatlanma xilas edə bilər. 21-ci əsrdir və indi bir millətin o birindən üstünlüyü yalnız təşkilatlanma göstəricilərinə görə müəyyən edilə bilər. Heç kim güman etməsin ki, hansısa diktator, avtoritar lider günün birində cəmiyyətin susadığı islahatları həyata keçirə bilər. İndi dünyada elə bir lider yoxdur. Eləcə də, Azərbaycan rəhbərlik edənlər öz sistemlərini hər hansı islahatlar yolu ilə heç zaman dəyişmək fikrinə düşməyəcək. Çox təəssüf ki, tez-tez hətta, Azərbaycan mətbuatında da belə səhv mülahizələrə rast gəlmək olur ki, məsələn, hansısa ali məktəb rektorunun və ya yerin altındakı nəqliyyat qurğularını idarə edən birisinin işdən kənarlaşdırılması ictimai təzyiqin nəticəsidir və ya hakimiyyət hansısa islahatların müjdəsini verir. Azərbaycanda indi ictimai rəy fenomeni olmadığına görə hakimiyyətin də hansısa ictimai təzyiqləri nəzərə alaraq, islahat görüntüləri yaratmaq istəyi barədə danışmaq mənasızdır. İctimai rəy yoxdur, amma onu yaratmaq lazımdır. Əlbəttə, bu fədakarlıq tələb edir. Həm də, bir neçə nəfərin deyil, yüzlərlə, minlərlə insanın fədakarlığını tələb edir. Azərbaycanda fədakarlıq etmək üçün potensialı və əzmi olan minlərlə, on minlərlə insan var. Sadəcə olaraq, bu çevrədə sonrakı dərəcəli mübahisə və müzakirələri sonrakı mərhələlərə saxlayıb birinci aktuallıq dərəcəsində olan işlərə başlamaq lazımdır. Mən xüsusi olaraq kimlərinsə adını çəkmək istəmirəm. Amma ayrı-ayrı müstəvilərdə tanınan, ictimai nüfuz sahibi olan insanlar öz məsuliyyətlərini dərk edib ozlərini Azərbaycan xalqının gələcəyi uğrunda təşkilatlanmış mübarizənin daxilində təsəvvür etməlidirlər. Hərbçi olduğuma görə, ilk növbədə sabiq hərbçilərə səslənirəm. Bu sektorda bizim çox qiymətli insanlarımız var. Onların hamısı ictimai çəkiyə malik olan insanlardır. Amma çox təəəsüf ki, bu qiymətli insanların əksəriyyəti təşkilatlanma prosesindən kənarda qalaraq, arabir, ekspert qismində peyda olur, sonra yenidən görünməz olurlar.

İndi təşkilatlanma prosesinin güclənməsi, intensivləşməsi və onun ən qısa zamanda olduqca faydalı bir gücə çevrilməsi üçün müstəvi də var. Bu, Milli Şuradır. Əlbəttə, kimlərsə, bu sözləri sırf siyasi motivlərlə təftiş edə bilər. Olsun! Amma indi Azərbaycanda sayına və sanbalına görə ciddi siyasi, ictimai qüvvələrin Mərkəzinə çevrilən Milli Şuranı daha da gücləndirmək və onu demokratiya uğrunad qarşısıalınmaz proseslərin avanqardına çevirmək üçün millətin də, tanınmış insanlarımızın da böyük imkanları var. Yəqin hər kəs razılaşar ki, Milli Şura yalnız prezident seçkilərini yola vermək naminə yaradılmamışdı. Milli Şura cəmiyyətin bütün mübarizə potensialının səfərbər olunacağı bir siyasi mərkəz olaraq yaradılıb və özünü bu mübarizədə görən hər kəsin orada bütün mümkün vasitələrlə iştirakına heç nə mane olmur. Siyasi qısqanclığı və lazımsız siyasi iddiaları bir kənara ataraq, şəxsi simpatiya və ya antipatiya göstəricilərini bir kənara ataraq orada mərkəzləşmək lazımdır. Bizim hər birimizin, ayrı-ayrılıqda kimlədənsə xoşumuz gəlməyə bilər. Amma bu şəxsi münasibətlər sabahımız üçün, övladlarımızın sabahı üçün bir güvənli Azərbaycan quruculuğunda ən sonrakı faktorlardan biri belə olmamalıdır. 

İndi Azərbaycanda Milli Şuradan başqa elə bir ictimai-siyasi mərkəz yoxdur ki, onu gücləndirmək və millətin təşkilatlandırılması üçün avanqarda çevirmək mümkün olsun. O zaman biz niyə tərəddüd edirik ki? Milli Şura formatı cəmiyyətin bütün təbəqələrini təmsil edən insanların üzünə açıqdır. O zaman bu tərəddüdlər nəyə lazımdır ki? Heç kim kənardan gəlib bizim üçün gün ağlamayacaq. Heç kim azərbaycanlıların əvəzinə Azərbaycan məsələsi ilə məşğul olmaycaq. Heç kim öz problemlərini həll etməyən, avtoritar sistemi dəyişmək üçün əzm göstərməyən millətə sayğı ilə yanaşmır. Biz öz millətimizə və ölkəmizə özümüz sahib çıxmalıyıq. Onun qanını soraraq özlərinə əbədi xoşbəxtlik qurduğunu hesab edənlərə də, onun torpaqlarını işğal edənlərə özümüzün və onların yerini tanıtmağı bacarmalıyıq. Əks təqdirdə, bizim nə ayrı-ayrılıqda, nə də bir millət olaraq heç bir yerimiz olmayacaq!