27-28 fevral 2014-cü il mövcud olan telekanallar, hakimiyyət yönlü mətbuat orqanları Sumqayıt hadisələrinə bu günə qədər görünməmiş diqqət ayırdılar. Mənim Sumqayıt hadisələrinə münasibətimi bilənlər, “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” kitabı ilə tanış olanlar mənə zəng edib nə üçün o tədbirlərdə iştirak etmədiyimi, niyə 2010-cu ildən yazdığım və bir çox dillərə tərcümə etdirib bütün dünyaya yaydığım kitabların adlarının çəkilmədiyini soruşdular. Cavab verdim ki, məni heç bir tədbirə dəvət etməyiblər və buna görə də heç kimdən inciməmişəm, əksinə şadam ki, illərdir təkbaşına danışdığım Sumqayıt hadisələrinə nəhayət ki, diqqət yetirdilər. Məni narahat edən başqa məsələdir. Bütün keçirilən tədbirlərdə stolun başında əyləşən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, Sumqayıt hadisələri ilə bağlı yaradılmış istintaq qrupunun rəhbəri Rüstəm Usubov niyə yalan danışır? Hansı sifətlə çıxışlarında bildirir ki, hadisələri törədənlərin aşkar olunmasında misli görünməmiş fədakarlıq göstəriblər? Axı hələ ki, mən sağam və o işin canlı şahidiyəm. Hamıya bildirirəm ki, Rüstəm Usubov yalan danışır! İndi isə fikirimi əsaslandırım. Rüstəm Usubovun və istintaq qrupunun üzvlərinin oxuduqları kitabda göstərmişəm ki, Azərbaycan Respublikası Ali Məhkəməsində baxılan, baş rolda E.Qriqoryan olan Sumqayıtla bağlı cinayət işinin ədalətli araşdırılmasının, təşkilatçıların, icraçıların müəyyən edilməsinin qarşısını alan hakim Mənsur İbayev və onun havadarları olublar. Sadəcə kitabda olan bircə epizodu bir daha Rüstəm Usubova xatırladıram. Proses vaxtı bütün təqsirləndirilən şəxslərin qohumları mənə yaxınlaşıb kömək etməyim üçün pul təklif ediblər. Hər birinə də demişəm ki, kömək etməyə hazıram, sadəcə məhkəmədə baş vermiş hadisəni olduğu kimi ifadələrində göstərsinlər. Prosesdə iştirak edən bütün vəkillər təqsirləndirilənlərə düz ifadə verməyə qoymurdular. Əksinə bütün proses dövrü məni söydürürdülər. Yeganə vəkil rəhmətlik Əsədağa Abdullayev sakit durmuşdu. O, mənə yaxınlaşıb hər şeyi başa düşdüyünü, çox üzüldüyünü, məhz vəkillərin obyektiv araşdırmaya mane olduqlarını bildirdi. Mənim xahişimlə söz verdi ki, müdafiə etdiyi Qalib Məmmədovdan xahiş edəcək ki, baş verənləri düzgün olaraq ifadəsində bildirsin. İki gün sonra yaxınlaşıb bildirdi ki, Qalib ifadə vermək istəyirdi, ancaq qohumları qoymadılar. Bir neçə gün sonra özünü Qalibin dayısı, mənim kolleqam, Neftçala prokurorunun köməkçisi kimi qələmə verən, təxminən mənim yaşımda, əynində göy rəngli, qolsuz köynək olan birisi yaxınlaşıb yenə hörmət müqabilində qohumuna kömək etməyimi istədi. Ona bildirdikdə ki, kömək etməyə hazıram, sadəcə Qalib məhkəmədə səmimi olsun, söz verdi ki, deyərəm. Səhərisi gün gəlib Qalibin olanları danışacağını bildirdi. Proses başlayan kimi ehtiyatla Qalibi dindirməyə başladım. Qalib olanları ətraflı danışmağa başladı. Qriqoryan ona hədə-qorxu gəldikcə Qalib onu daha çox ifşa etməyə başladı. Bunu görən digər azərbaycanlı təqsirləndirilənlər də hakim Mənsur İbayevə müraciət edərək yenidən ifadə vermək istədiklərini bildirdikdə isə nahar fasiləsinə hələ yarım saatdan da çox qalmasına baxmayaraq Mənsur İbayev fasilə elan etdi. Dəhlizdə qarşısını kəsib “axı bu günə qədər onlar Qriqoryanı ifşa etmirdilər, fasiləyə də hələ var, gəlin dindirməni davam edək” desəm də M.İbayev çıxıb getdi. Fasilədən sonra proses başlayan kimi Qalib Məmmədov söz alıb fasilədən əvvəl dediklərinin yalan olduğunu, prokuror Aslan İsmayılovun təhdidi ilə ifadə verdiyini dedi. Qalan təqsirləndirilənlər də ifadə verməkdən imtina etdilər. Bunlar kitabda var və bu barədə məndən formal ifadə alan istintaqçılara desəm də nəzərə alan olmadı. Kitabda yazılıb ki, “əgər səhv etmirəmsə, Qalibin qohumu Neftçala prokurorluğunda işləyirdi və familiyası Xaspoladov, yaxud Xasbuladovdur”. İstintaqçılar prokurorluqda belə şəxsin olmadığını bildirdikdən sonra özüm maraqlandıqda öyrəndim ki, səhv etməmişəm, həmin şəxsin familiyası Xasbuladovdur və o illər Neftçala prokurorluğunda, sonralar isə Binəqədi prokurorluğunda işləyib, hal-hazırda da təqaüddədir və hələ sağdır. Bəlkə Rüstəm Usubov onun da keçmiş Ali Məhkəmənin sədri Hüseyn Talıbov və vəkil Əsədağa Abdullayev kimi ölməsini gözləyir. İstintaq başlayan kimi şəxsən R.Usubova zəng edib, Əsədağa Abdullayevin ağır xəstə olduğundan təcili dindirilməsinə ehtiyac olduğunu dəfələrlə bildirsəm də onu dindirən olmadı. Nə üçün Qalibi, prokurorluq işçisi olan Xasbuladovu, təqsirləndirilən şəxslərin qohumlarını dindirmirlər. Mənim Mənsur İbayevlə heç bir düşmənçiliyim yoxdur və onun məsuliyyətə cəlb olunmasını istəmirəm. Axı keçmiş müstəntiq olmuş Rüstəm Usubov bilməmiş deyil ki, məhz Mənsur İbayevin, təqsirləndirilən şəxslərin, onların qohumlarının köməyi ilə o işin batırılmasında kimlərin maraqlı olduğunu, bununla da təşkilatçıları müəyyən etmək olar.
Rüstəm Usubov üçün maraqlı deyilmi ki, mənim imtina etdiyim rüşvətlər kimlər tərəfindən qəbul edilib. Axı sonda rüşvət təklif edənlərin qohumları, məndən xahiş etdiklərindən də yüngül cəza aldılar. Bu cür araşdırılası epizodlar onlarladır, ancaq heç biri araşdırılmır. Bunun arxasında duran kimlərdir, yaxud hansı motivdir, sadəcə anlaya bilmirəm. Bu işi qaldırdığıma görə, yazdığım kitaba görə mənə nifrət etdiyinizi bilirəm, heç bunu gizlətmirsiniz də. Sadəcə bir şeyi anlaya bilmirəm, axı bunlar mənim hansısa şəxsi marağıma deyil, Azərbaycana lazımdır.
Aslan Ismayılov


