MTN-nin məqsədi jurnalistdən hədəf seçdiyi məmurlara qarşı ifadə almaq imiş
Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimli həbs olunan gündən ona qarşı irəli sürülən ittihamların qondarma olduğu, həbsin siyasi motiv daşıdığı deyilirdi. Pərviz Həşimli özü də dəfələrlə vəkilləri vasitəsilə ictimaiyyətə bəyan etmişdi ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) onu qondarma ittihamlarla həbs edib. Məqsəd ondan siyasi məqsədlər üçün istifadə etməkdir. Martın 4-də keçirilən məhkəmə prosesində isə Pərviz Həşimli məsələyə tam aydınlıq gətirdi. Jurnalist bildirdi ki, MTN-də ondan “Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanov və Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi Əli Nağıyevin əleyhinə ifadə almağa çalışıb “Mənə deyirdilər ki, bu adamların müxalifətə çatdırmağın üçün sənə pul verdiklərini deməlisən. Mən isə bildirirdim ki, belə bir şey olmayıb və mən bunu deməyəcəm”. Beləliklə, Pərviz Həşimlinin bu açıqlaması ilə MTN-nin əsl məqsədi üzə çıxıb.
Ekspertlər bildirir ki, MTN hədəf seçdiyi şəxslərə qarşı oxşar təcrübədən yararlanması birinci hal deyil. “Xatırlayırsınızsa, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, o dövrdə maliyyə naziri işləyən Əvəz Ələkbərovun və daxili işlər naziri Ramil Usubovun mülkləri barədə sorğu-suala çəkmişdilər. Bu əslində hakimiyyət daxilində ziddiyyətlərin olması barədə deyilənlərin təsdiqidir. Təsəvvür edin, Cavid Qurbanov ailəyə yaxın şəxsdir, Əli Nağıyev isə vaxtilə MTN-də nazir müavini olub, indi də mühüm postlardan birində təmsil olunur. Amma görünür, iqtidar daxilində vəziyyət çox pisdir və hər bir qruplaşma nüfuz qazanmaq üçün ölüm-dirim savaşına başlayıb”, – deyə ekspertlər vurğulayıb.


