Hər il 8 Mart Beynəlxalq Qadınlar bayramı yaxınlaşanda yadıma “qızınmadıq istisinə, kor olduq tüstüsünə” ata sözümüz düşür. Həqiqətən də, axı bu bayramın bizə nə aidiyyəti var? Bütün bayramlar kimi, 8 Mart da oğruların, quldurların xanımlarının, vicdansız müəllimlərin, silikonlu müğənnilərin… özlərini reklam etmək, dilənmək, bir-birinə rəsmən acıq vermək günüdür. Ağarmış birçəyinin yerinə qara tel əkdirən nənə parıldayan bir hədiyyə alan kimi tez oyuncağın fotosunu internetdə yayır. Vallah, heç balaca qızlar “cici” hədiyyələrə görə o nənələr kimi tullanıb düşmürlər.
Misal üçün, müxalifətçi övladının toyunda bir-iki mahnı oxuduğu üçün az qala milli qəhrəmana çevrilən Nazpəri Dostəliyevanın martın 8-ni gözləməyə səbri çatmadı, ona hədiyyə edilən 5 min manatlıq “Lamborghini” telefonunu bayramdan 7 gün qabaq bütün ölkə əhlinə nümayiş etdirdi: telefonun fotosunu yaydı, pullu pərəstişkarına “təşəkkür edirəm, canım” ismarışını yolladı. Kim bilir, bəlkə, həmin əliaçıq, qəlbigeniş, cibləri dərin Pərəstişkar bəyin ölkəni “səliqə-sahmana” salmaq üçün “Lamborghini” traktoru da var. Əlbəttə ki, var! Yoxsa bir təqaüdçünün 5 ildə aldığı pulu balaca bir dəmir parçasına necə verə bilərdi? Zatən elə “xeyirxah”ların üzündən müharibələr baş verir, insanlar aclıqdan, soyuqdan əziyyət çəkir, vaxtsız ölür.
Maraqlıdır, sağlam, xeyli yaşı olan müğənniyə 5 min manatlıq telefon hədiyyə edən imkanlı pərəstişkar, ağır xəstəlikdən əziyyət çəkən 17 yaşlı Nərmin Hüseynli üçün xeyirxah insanların yaratdığı yardım kampaniyasına 5 manat keçirib? Inanmıram! Çünki cibi pullu kişilər onların qabağında rəqs edənlərin, oxuyanların yastığının altına pul qoyur, xəstələrin yox.
Ötən il, ölkəni dəyişməyə çalışan yeganə namizəd Cəmil Həsənlinin Sabirabadda seçicilərlə görüşü zamanı bir qrup şəxs mitinq keçirilən əraziyə hay-küylə daxil olub, müxtəlif təxribatlar törətmək istəyəndə, Cəmil Həsənli üzünü onlara tərəf tutub dedi: “Biz ölkədə elə mənəvi, saf bir iqlim yaradacağıq ki, bu xəstə adamlar da şəfa tapacaqlar”.
Təəssüf ki, ölkədə saflığa, yaxşılığa, sağlamlığa doğru heç nə dəyişmədi, çünki hakimiyyət seçkini yenidən saxtalaşdırdı və təhlükəli mikroblar daha da artmağa başladı: yanvar ayında, GDU-nun dekanı Həsənbala Sadıqov haqqında internetdə “Növbəti analoqu olmayan yaltaq” adlı videoçarx yayıldı. Saç-saqqalı ağarmış, 4 dəqiqə 6 saniyə yaltaqlıq məruzəsi hazırlamış dekan çıxışını bitirəndə, sirkdə tamaşaçıları güldürən ayı kimi ağzını açıb Ilham Əliyevin əlinə baxdı.
Yaxşı olar ki, Ilham Əliyev görüşlərini daha da əyləncəli etmək üçün lent kəsməyə gedəndə, ciblərinə şirniyyat töksün, kim onu təriflədi, ağzına qənddən, noğuldan nəsə atsın. Yoxsa professorlarımız acığa düşüb, “yaltaqlıqla pulun birləşmə qanunu”, “şərəf və ləyaqəti nə ilə buxarlandırmaq olar”, “var-dövlətin şirinlik dərəcəsi”, “pulun cazibə qanunu”… kəşflərini, elmi araşdırmalarını yarımçıq saxlayarlar.
Bizi bu bataqlıqda yaşadan, güclü edən, həyatı sevdirən, ruhdan düşməyə imkan verməyən üzünü görmədiyimiz, əllərini sıxmadığımız dəyərli insanlar çoxdur. Onlardan biri də səhifəsini böyük maraqla izlədiyim istedadlı rəssam Tura xanım Dünyamalıyevadı. Bu yaxınlarda Tura xanımın dahilərin böyük əsərlərinin belini yerə vuran statusunu oxudum: “Ən çox şairlər aldatdı bizi. Bütün gözəl şeirlərini pambıq kimi ağ əllərə həsr etdilər. Amma məni hər şeydən çox əllərimmiş sevən. Mən onları pambıq kimi ağ və zərif olmadığı üçün gizlədərkən belə, onlar mənə həyatımı qazandırdılar. Mən kobudluğundan utanarkən belə onlar hər kəsə mənim zərif tərəflərimi göstərdilər. Yoruldum, boynumu ovdular, xəstələndim, alnımdan çəkilmədilər. Ağladım, tez sildilər göz yaşımı, kimsə görməsin deyə. Ən gözəl dərsi şairlərin kitablarından deyil, əllərimdən aldım mən”.
Elə ƏLLƏRin atılan dırnağı da bu ölkə üçün ən qiymətli xəzinədir. Bu ölkəni uçurumdan o zəhmətsevər ƏLLƏRə sahib insanlar qoruyur. Allah qorusun onları!
Nazpərinin “Lamborghini” telefonu, Nərminin bahalı dərmanları, Turanın ƏLLƏRi
•