“Detone”lərə gedən milyonlar

Türkiyənin böyük səs sənətçilərinin daimi dinləyicisiyəm. Amma çox zaman buralara şou-biznes aləminin populyarları gəlib çıxır. Yəni dəvət edənlərin arzusu belə olur. Yaxın günlərdə xüsusi dəvətlə Bakı restoranlarının birində konsert verən Türk müğənnisi Tuğba Əkinçi Instaqram səhifəsində foto paylaşıb. Həmin fotoda o, burada qazandığı pul qalaqlarını nümayiş etdirib. Haradasa bir yazı masasının üstünü örtəcək qədər manat bağlamalarını. Tuğba Əkinçi detone oxuyan bir müğənnidir və öz ölkəsində də belə tanınır. Onun Rəqsanə ilə “yaradıcılıq dostluğu” da bunu dolayısı ilə sübuta yetirmiş olur. Belə bir səsə xərclənən pula heyfim, zövqə isə yazığım gəlir.

Amma bizim pulumuz çoxdur, hamıya çatar. Bircə özümüzdən başqa. Özümüz deyəndə, maaş cədvəlinə qol çəkib 120 manat alan və ya işsiz-gücsüz səfillik içində boğulub qalan insanlarımızı nəzərdə tuturam. Belə insanlarımız əhalinin neçə faizini təşkil edir? Razılaşarsınız ki, ən azı 70 faizini.

Əslində, bu mənzərə bilirsiniz nə vaxt bütün çılpaqlığı ilə üzə çıxır? Tanınmış birinin hansısa ağır xəstəliyə düçar  olduğu zaman. Son illərdə neçə belə məşhurun ölüm-qalım girdabında hökumətdən imdad dilədiyinə şahid olmuşuq. Bəli, əsl gerçəklik budur. Ölkənin ən görkəmli sənətkarı belə, ciddi xəstəliyə yaxalandığı halda, normal müalicə alacaq durumda deyil. Çarə qalır haray salıb, xahiş-minnətlə yuxarılardan yardım diləməyə. Burada da kimin bəxti gətirdi, gətirdi, gətirmədi, şansından küssün…

Doğrudur, bu gün Azərbaycan sənətkarlarını o dərəcədə bədbəxt hala qoyublar ki, insanlar aldıqları nəfəs üçün də ölkə rəhbərliyinə duaçıdılar. Bunun nəticəsi olaraq, son illər bütün sənət sahələrində dərinləşib gedən depressiyanı görməmək mümkün deyil. Keçən əsrdə misilsiz sənət nümunələri yaratmış mogikanların son nümayəndələrinin də vəfatından sonra yaranan boşluq açıq-açığına ortadadır. Kinoda, teatrda, operada, baletdə-demək olar, hər yerdə durum eynidir.

Indi qayıdaq məsələnin başqa tərəfinə. Hələ bu sənət dünyasında çalışan insanların böyük əksəriyyəti xüsusi imtiyazlara malikdir. Hökumətdən yeni mənzillər, fəxri ad, orden-medal, təqaüd alır. Bəs ölkənin sənətlə heç bir bağlılığı olmayan böyük çoxluğu neyləsin? Şübhəsiz, onların işi Allaha qalıb. Qazancları nəinki ciddi xəstəliklərin müalicəsinə, heç gündəlik tələb olunan yüngül həblərə də çatmaz. Məgər çevrənizdə belə insanlar azdır ki? Bir məmləkətdə belə yaşamağın adına olsa-olsa, “sağ qalma sənəti” demək olar.

Hər gün ölkədən havaya uçan milyonlara toxunmaq haqqı belə olmayan milyonlar yaşayır bu məmləkətdə. Tuğba Əkinçinin adını yalnız bir nümunə olaraq çəkdim. Uzun yollar ardından vurub gəlib burada mızıldandığı üç-dörd mahnıya görə böyük pullar aparan o qədər adlar var ki… Elə onların sırasına buradakı ucuz şou-biznes aləminin “ulduzları”nı da aid edirəm. Azərbaycan ilginc ölkədir. Bir tərəfdə düşük və yüngül şou-biznes dünyasına xərclənən milyonlar, o biri tərəfdə ailəsinə çörək pulu qazana bilmədiyi üçün intihar həddinə çatmış milyonlar. Milyon kiçik rəqəm deyil. Birin yanında altı sıfır dayanır. Amma baxır kim onu necə hesablayır, istər pul, istər insan sayımında…