İctimai Palata partlayışın güdazına getdi

Qarışıq zamandır, ata ət, itə ot verilməsindən də qarışıq. Xeyli vaxtdır bütün dünyanın diqqəti bir istiqamətə yönəlib. Ucqar kəndlərdə belə hər kəsin izlədiyi bir nöqtə var; Ukrayna. Bu regiondan doğru-dürüst xəbərlər verən telekanallara əlləri çatmayanlar, analoqsuz inkişaf edən ölkədə tez-tez işıqsız qalanlar mobil telefonla dostlardan, qohumlardan bilgi alırlar. Ukraynada baş verənləri, hadisələrin gedişini həyəcanla izləyirlər. Gündəmin mövzusunun, yaxınlaşan qasırğanın fərqindədirlər. 

Ancaq Azərbaycan iqtidarı, etiraf edək, kiçik miqyasda olsa belə, gündəmi dəyişdirmək gücündədir. Hakimiyyət bunu AXCP-nin qərargahı yerləşən binanı partladıb, sonra da sökməsiylə sübuta yetirdi. Son iki günün əsas mövzusu, şübhəsiz, Azərbaycan miqyasında bu hadisə oldu. Günün hadisəsiylə bağlı sorğu aparılsa, şübhə etmirəm ki, rəyi soruşulanların çoxu bu olayın adını çəkəcək, bəlkə, belə addımlar hakimiyyətdən nə qədər gözlənilən olsa da, təəccüblərini gizlətməyəcəklər. Baş verənlərin niyəsini də soruşmayacaqlar, onsuz da bəlli…

Milli Şuraya yönəlik hücumlar, bu quruma soxulmuşların – minaların – partladılması ciddi effekt vermədi. Hakimiyyət müxalifətdəki, mediadakı dostlarının yardımıyla Milli Şuranı tarixdən biryolluq silmək planını gerçəkləşdirə bilmədi. Çox çalışmışdı, ola bilsin, müəyyən vəsait də xərcləmişdi. Eynilə müxtəlif media quruluşlarına xərclədiyi səmərəsiz vəsaitlər kimi bu da uğursuz oldu. Xərclər batdı. Milli Şura mövcudluğunu saxladı, ayaqda qaldı, möhkəmləndi.

Xocalının anım günündə bu qurum tərəfdarlarının yürüşü Ukrayna hadisələri şokunda olan hakimiyyəti “tornado” kimi silkələdi. Qorxuya düşüb cəbhəçi ovuna başladılar. Ancaq isterik durumda olanları bu həbslər sakitləşdirə bilməzdi, bilmədi. Ona görə terror yoluna əl atdılar. Indi bu hadisəyə FHN-in, “Azəriqaz”ın, yapçıların hansı şərhi verməsinin heç önəmi yoxdur…

***

Qondarma ittihamla həbsə atılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin (artıq azadlıqdadır) bir neçə il qabaq qalmaqallı məhkəmə prosesi keçirilirdi. Jurnalist dostlardan biri danışırdı ki, indi iqtidarın yanında olan tanınmış hüquq müdafiəçiləri də prosesə gəliblər. Onun sözlərinə görə, jurnalistlərin, eləcə də müttəhimin qohumlarının zala buraxılmasında problemlər varmış, qarışıqlıq imiş. Hüquq müdafiəçiləri bu qarışıqlıqda poz verib bir neçə şəkil çəkdirəndən sonra çıxıb gediblər. Heç niyyətlərini gizlətməyiblər də. “Şəkil çəkdirdik, gedə bilərik”- deyib yola düzəliblər. Bu şəkil çəkdirmənin nəyə hesablandığı bəlli…

Ictimai Palatanın rəsmən buraxılmasıyla bağlı yayılmış foto mənə həmin prosesi, daha doğrusu hüquq müdafiəçilərinin öz peşələrinə şəkil çəkdirmək səviyyəsində yanaşmasını xatırlatdı. Ictimai Palatanın sonuncu dəfə nə vaxt yığıncaq keçirməsini xatırlamıram. Milli Şuranın yaranmasıyla bu qurum əslində fəaliyyətini dayandırmışdı. Məntiq də vardı bu fəaliyyətsizlikdə. Orada olan əsas simalar Milli Şurada təmsil olunurdu. Eyni amal uğrunda mübarizənin strategiyasını, eyni məsələni iki dəfə ayrı-ayrı qurumda eyni adamların müzakirə etməsi absurddur. Doğru yol seçildi. Qüvvələrin parçalanmaması, daha effektiv iş görülməsi baxımından bütün gücün Milli Şuraya yönəldilməsi düzgün addım idi. Kimin nə deməsindən asılı olmayaraq Milli Şura böyük iş gördü də…

Ancaq ölkəni silkələyən hadisə – bir müxalifət partiyasının yerləşdiyi ofisin partladılması, sonra isə “qəzalı” adıyla binanın sökülməsi fonunda birdən-birə Ictimai Palatanın buraxılmasının gündəmə gəlməsi, gətirilməsi mənimçün hələ də anlaşılmaz olaraq qalır. 7 nəfərin yığışıb 17 nəfərin adından faktiki olmayan qurum haqda qərar verməsinin açmasını yozmaq üçün, görünür, münəccimə ehtiyac var. Bildiklərimizdən əlavə…

P.S.Hakimiyyət partlayışda əli olmadığını əməliylə sübut edə bilər. YAP-ın Nərimanov rayon şöbəsinin binasını AXCP-yə verməklə. Onsuz da boşdur, nə gələn var, nə gedən. Təzə tikilmiş, yəqin FHN-nin ekspertizasından keçmiş binadır, niyə boş qalsın ki?!.