AXCP-nin icarəyə götürdüyü qərargahın partladılıb, sökülməsi ilə bağlı Aydınlar Partiyası bəyanat verib. Bəyanatda deyilir: “Azərbaycan hakimiyyəti AXCP-nin icarəyə götürdüyü qərargahının zirzəmisində təşkil edilən partlayış və bundan dərhal sonra binanın rəsmi dövlət orqanları tərəfindən uçurulmasına aydınlıq gətirməlidir.
Bu olay bir siyasi partiyaya qarşı açıq-aşkar terror davranışıdır. Nəzərə almaq lazımdır ki, hələ 7 il bundan əvvəl də Azərbaycan Xalq Cəbhəsi Partiyasının müvəqqəti olaraq yerləşdiyi Xaqani 33 ünvanındakı bina eyni aqibətlə üzləşmişdi. O zaman da bu binanı partlatmaq və daha sonra partiyanı oradan çıxarmaq kimi bir əməliyyat hazırlanmışdı. O zaman partlayış cəhdinin qarşısı alınsa da, binanı heç bir arqument olmadan boşaldıb, buldozerlərlə dağıtdılar.
Xalq Cəbhəsi Partiyasına qarşı təqiblər və təzyiqlər yalnız qərargah məsələsi ilə bitmir. Bu partiyanın üzvləri arasından siyasi məhbusların olmadığı zamanları təsadüfi zamanlar hesab etmək kimi təhlükəli bir tendensiya ortalıqdadır. Eləcə də, son günlər AXCP üzvlərinin, xüsusilə də Gənclər Komitəsi üzvlərinin uydurma “polisə müqavimət” ittihamı ilə əsassız olaraq saxlanılması, onların 15, 20 sutka həbslə cəzalandırılması ölkənin əsas müxalifət partiyalarından biri olan AXCP-yə qarşı əsl düşmənçilik siyasətinin tətbiq edildiyini göstərir.
Aydınlar Partiyası AXCP-yə qarşı təzyiqlərə son qoyulmasını, təşkilatın qərargahı ilə bağlı qanunsuz əməliyyatlara rəsmi qiymət verilməsini və günahkarların cəzalandırılmasını qətiyyətlə tələb edir. Aydınlar Partiyası hesab edir ki, siyasi müxalifətə münasibətdə mövcud xəttin seçilməsi dövlətçilik təfəkkürü ilə heç bir halda uzlaşmır.
Aydınlar Partiyası hakimiyyəti siyasi rəqabətə dözümlü olmağa, opponentlərinə qarşı qeyri siyasi əməllərdən çəkinməyə çağırır”.