YAP-dan diplomatik qalmaqala səbəb olacaq açıqlama

Fuad Qəhrəmanlı: «Azərbaycan hakimiyyəti bu cür məsələlərdə özünün qeyri-ciddi obrazını yaradıb»

Hikmət Hacızadə: «Siyavuş Novruzovun dedikləri rus saytlarının yalanlarıdır»

Deputat  Siyavuş Novruzov ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı yazılanlara özünə məxsus formada  etirazını bildirib. S.Novruzovun parlamentin son iclasındakı açıqlaması ABŞ-la Azərbaycan arasında diplomatik qalmaqala belə səbəb ola bilər. Çünki hakim partiyanın təmsilçisi ABŞ-ı bir dövlət olaraq narktok ticarəti ilə məşğul olmaqda ittiham edib: «Azərbaycana qarşı təzyiqlərin

məqsədi təbii sərvətlərdən güzəştli şəkildə bəhrələnmək istəyidir. Necə ki, İraqda, Liviyada, Əfqanıstanda bəhrələnirlər. Taliban narkotik dövriyyəsini 3 faizə qədər zəiflətmişdi. Amerika oranı işğal edəndən sonra isə 65 faiz oldu. Hətta narkotik plantasiyalarını ABŞ ordusu qoruyur. Adını isə qoyurlar ki, insan haqlarını müdafiə edirik”.

AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhrəmanlı bildirdi ki, S.Novruzovun söylədikləri ABŞ-a qarşı olduqca ciddi ittihamdır. Əsaslı faktlar olmadan belə bir ittihamın irəli sürülməsinin ciddi fəsadlarının ola biləcəyini düşünən F.Qəhrəmanlı vurğuladı ki, amma ABŞ səfirliyindən bu məsələyə münasibət bildirilməyə də bilər. Çünki S.Novruzovun açıqlaması ciddi qarşılana bilməz: «Artıq Azərbaycan hakimiyyəti bu cür məsələlərdə özünün qeyri-ciddi obrazını yaradıb. Hakimiyyət heç bir hüquqi əsas olmadan müxalifəti xarici qüvvələrə işələməkdə, maliyyə almaqda ittiham edir. Hətta bu ölkənin məhkəmələrində hüquqi əsas olmadan insanlara qarşı hökmün kəsilməsi bir ənənəyə çevrilib. Ona görə də hakimiyyət haqqında istər ölkə daxilində, istərsə də ölkəmizdən xaricdə qeyri-ciddi, hüquqa zidd obraz yaranıb. Ona görə qarşı tərəf heç bu açıqlama verməyə də bilər».

Politoloq Hikmət Hacızadə hesab edir ki, baş verənlə bağlı ABŞ-ın ölkəmizdəki səfiri açıqlama verməlidir: «Siyavuş Novruzovun dedikləri rus saytlarının yalanlarıdır. Amerika bu açıqlamasına görə Siyavuş Novruzovun üstünə ordu göndərməyəcək. Amma bu açıqlama ilə bağlı bir etiraz bəyanatı olacaq. Hakimiyyət təmsilçiləri vaxtaşırı olaraq bu cür açıqlamalarla çıxış edirlər. Ona görə bu yeni bir şey deyil».

Xəyal