AXCP-nin qərargahsız qalacağını zənn edənlər çox yanılır
AXCP «yeni qərargaha köçdü» xəbəri yayılandan üzü bəri bütün cəbhəçilərin, eləcə də siyasətlə maraqlı olan hər kəsin ağlına gələn ilk sual bu olmuşdu: «Görəsən, İlham Əliyev cəbhəçiləri bu qərargahdan məhrum etmək üçün hansı hiyləyə əl atacaq?».
Şəxsən mən yüzdə yüz əmin idim ki, onun səbri çatmayacaq və günün birində partlayacaq. Binanı partlada bilmədilər. Qaz balonlarını yaxşı yerləşdirə bilməmişdilər. Amma səbirlərini partlatdılar. Çünki özlərinin qazı çoxdur. Şahdənizdə-filanda nə qədər qaz varsa, içlərinə çəkiblər.
Bundan əvvəl Xalq Cəbhəsi illərlə qərargahsız qaldı. Amma 2013-cü ildə prezident seçkilərində ən böyük güc kimi ortalıqda peyda oldu və İlham Əliyevə növbəti dəfə məğlubiyyətin acısını yaşatdı. Bunun müqabilində yaxşı partladılmayan iki-üç qaz balonu heç nə idi…
Xalq Cəbhəsi qərargahsız fəaliyyətə öyrəncəlidir. Bu mərhələni də aşacaq. Zatən, o yeni bir mərhələyə qədəm basmış təşkilatdır. Ölkəni diktatorluqdan xilas etmək üçün bütün ölkə boyu təşkilatlanmaya, ikiqat, üçqat təşkilatlanmaya qərar vermiş bir partiya üçün qərargah olsa nə olur, olmasa nə olur?!
Cəbhəçilərin hər biri yeriyən qərargahdır. Onlar talelərinə öz qərarlarını yazmış insanlardır və «gah» elə ordadır. Bu qərar diktatura ilə barışmamaq qərarıdır. Görəcəksiniz ki, minlərlə, on minlərlə insan öz qərarını yerinə yetirmək üçün hansı mərdliklərə imza atacaq.
Xalq Cəbhəsi hər bir evdə qərargah quracaq. Buna əminəm. Həm də bu vaxta çox qalmayıb. Ən qısa zamanda Azərbaycanda hər bir evdə bir AXCP qərargahının olacağını müşahidə edəcəyimiz gün uzaqda deyil!
Qoy, binalar sizin olsun. Daş, torpaq, mədənlər, neft və qızıl yataqları,.. bitdən-sirkəyə qədər hər şeyi nəfsinizin içinə təpin ki, bəlkə gözünüz doydu. İnsanların evlərini də uçurub dağıdın. Zatən sizin səltənətiniz dağılmış xanimanların üzərində qurulub. Siz milyonlarla insanın bədbəxtliyi üzərində qurduğunuz xoşbəxtliyi qaşıqlamağı həyat tərzi kimi millətə sırıya biləcəyinizi zənn edirsinizsə, davam edin. Viktor Yanukoviç bütün Ukrayna boyu malikanələr yapdırmışdı. Rostovda bir kardioloji dispanserdə öldüyü barədə xəbər yayıldı. Xalq Cəbhəsi sizin tamah saldığınız dəyərsizliklərin peşində deyil. Bu təşkilat milləti sizin tükənmək bilməyən iştahanıza yem olmaqdan qurtarmaq üçün vardır. Xalq Cəbhəsi hər bir evdə qurulacaq. Hər bir ev avtoritarizmə nifrin yağdıracaq və onunla razılaşmayacaq. Hər bir ailə ölkəni işğal etmiş bir ailənin tamahına heyrət edərək, bu heyrətlə qorxusunu yandıracaq. O zaman özünüzü bu alovdan qoruyarsınız. Hələliksə, terror meydanı hökmünüz altındadır. Uçurun, dağıdın, sökün, öldürün, məhv edin! Siz zatən buna görə varsınız! Cəhənnəm bəkçiləri kimi!